...

İƏT Xarici İşlər Nazirləri Şurasının 48-ci sessiyasının gündəliyi açıqlanıb

Siyasət Materials 15 Mart 2022 20:07 (UTC +04:00)
İƏT Xarici İşlər Nazirləri Şurasının 48-ci sessiyasının gündəliyi açıqlanıb

Bakı. Trend:

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının martın 22-23-də İslamabadda keçiriləcək 48-ci sessiyasının gündəliyi açıqlanıb.

Trend İƏT Baş Katibliyinin mətbuat üçün açıqlamasına istinadla xəbər verir ki, “Birlik, ədalət və tərəqqi naminə tərəfdaşlıq” mövzusunda keçiriləcək sessiyanın açılışında İƏT-in Baş katibi Hissein Brahim Tahanın müraciəti, həmçinin təşkilatın fəaliyyəti barədə hesabat dinləniləcək.

Sonra İƏT-in İslam dünyasında müxtəlif problemlərin həlli ilə bağlı qəbul etdiyi qətnamələrin icrası üzrə məruzələr olacaq. Xarici siyasət idarələrinin rəhbərləri Fələstin və Qüds, Əfqanıstanda humanitar vəziyyət, Cammu və Kəşmir problemi, bununla bağlı İƏT-in Kontakt Qrupunun fəaliyyəti, həmçinin Afrika ölkələrinə yardım məsələlərini müzakirə edəcəklər.

Bundan başqa, illik sessiyada BMT, Avropa İttifaqı(Aİ) və Rusiya Federasiyası ilə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılacaq. Sessiya çərçivəsində Avropada müsəlmanların vəziyyəti ilə əlaqədar xüsusi iclas da keçiriləcək.

Gündəlikdə terrorizmlə mübarizə və münaqişələrin həllinə dair Niameydə keçirilmiş əvvəlki sessiyanın qətnaməsinin yerinə yetirilməsi, İslamofobiya üzrə müşahidə qrupunun hesabatı, İslam ölkələrində iqtisadi, sosial, humanitar və mədəni inkişaf məsələləri də var.

İƏT-in Baş katibliyi bildirib ki, artıq 46 ölkənin xarici işlər nazirləri sessiyada iştirakını təsdiqləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti