Bakı. Trend:
Nazirlər Kabinetinin daxili bazarın qorunmasına dair qərarını vaxtında qəbul olunmuş vacib qərar hesab edirəm. Dövlətimiz hər zaman öz vətəndaşını düşünür və çalışır ki, vətəndaşlarımızın sosial vəziyyətinə xarici təsirlərin təzyiqi yaranmasın.
Bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov Nazirlər Kabinetinin Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında qərarını şərh edərkən deyib.
Deputat bildirib ki, ölkədə ərzaq təhlükəsizliyini təmin etmək və daxili bazarın sabitliyini qorumaq hökumətin qarşısında duran əsas vəzifələrindən biridir.
“Bu gün iqlim dəyişiklikləri nəticəsində dünyada ərzaq mallarının istehsal həcmləri azalıb və Ukrayna müharibəsi nəticəsində dünya ərzaq bazarında müəyyən qədər çətinliklər yaranıb. Azərbaycan hökuməti dünya ərzaq bazarında baş verə biləcək müəyyən böhranlardan qorunmaq üçün qabaqlayıcı addımlar atır, daxili bazarın ərzaq təminatında qıtlığın və qiymət artımlarının baş verməməsi üçün qabaqlayıcı tədbirlər görür”, - deyə A.Badamov vurğulayıb.
O qeyd edib ki, 2021-ci ilin oktyabrın 7-də cənab Prezidentin sərəncamı ilə Dövlət Ehtiyatları Agentliyi yaradıldı.
“Bu gün həmin agentlik kifayət qədər taxıl ehtiyatını yığa bilib ki, dünyada böhranlı vəziyyət yarandığı halda ölkə əhalisini fasiləsiz şəkildə təmin etsin. Həm də ölkə başçısının tapşırıqları və dövlət dəstəyi ilə ölkəmizdə aqrar sahənin inkişafında böyük uğur qazanılıb.
Azərbaycan bu gün əhalinin istehlak səbətinə daxil olan mallarını demək olar ki, ölkəmizdə istehsal edir və daxili bazarın təlabatı ödənilir. Həm də bir çox mallar var ki, ölkə əhalisinin təlabatından çox istehsal olunur və xarici bazarlara ixrac olunaraq ölkəmizin ixrac qabiliyyətini artırır. Amma bu gün dünyada cərəyan edən hadisələr dünya ərzaq bazarında bahalaşmalara yol açan meyillər meydana gətirib. Bu meyillərin Azərbaycan bazarına təsirlərinin minimalaşdırılması üçün bəzi növ ərzaq malların ixracında məhdudiyyətlərin tətbiq olunması ilə bağlı Nazirlər Kabineti qərar imzalayıb. Onu qeyd edim ki, bu gün daxili bazarımızda ərzaq təminatı ilə bağlı hər hansı bir narahatlıq yoxdur, hökumət daxili bazara nəzarət edir, qiymətlərin monitorinqini aparır və bazarda fasiləsiz ərzaq məhsulları ilə təminat üçün qabaqlayıcı addımlar atır.
Qərara əsasən, müəyyən olunmuş məhsulların ölkə ərazisindən çıxarılmasına, yəni ixracına müəyyən məhdudiyyət tətbiq olunur və əgər hər hansı bir sahibkar siyahıda adı olan malı ixrac etmək istəyərsə, İqtiadiyyat Nazirliyinə yazılı şəkildə müraciət edir. İqtisadiyyat Nazirliyi həmin malın daxili bazarda ehtiyac səviyyəsini və dövlət ehtiyatını təhlil edərək 5 gün ərzində sahibkara icazə verir və ya icazə vermir”, - deyə deputat bildirib.
O vurğulayıb ki, dövlətimiz ölkə əhalisini etibarlı və təhlükəsiz ərzaq malları ilə fasiləsiz təmin etmək gücündədir.
“Düşünürəm ki, hökumətimiz tərəfindən gündəlik vacib malların idxal bazarılarının şaxələndirilməsi istiqamətində də işlər görülür. Onu da qeyd edim ki, artıq kənd təsəsrrüfatı məhsullarının tədarükü mövsümünə də az vaxt qalıb. Bütün bunları nəzərə alaraq daxili bazarımızın fasiləsiz və qiymət artımlarına yol verilmədən təminatında hər hansı bir çətinliyin yaranmayacağını deyə bilərik”, - deyə A.Badamov əlavə edib.