...

2018-ci il prezident seçkilərində xalq İlham Əliyevə səs verməklə müdrik addım atdı - Deputat

Siyasət Materials 11 Aprel 2022 12:12 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2018-ci il aprelin 11-də Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkilərində xalq yenidən İlham Əliyevə səs verməklə müdrik addım atdı, Azərbaycanın inkişafına, uğurlu və əmin gələcəyinə, təhlükəsizliyinə, müstəqilliyinin möhkəmlənməsinə, tərəqqiyə və rifaha səs verdi.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

O bildirib ki, seçki marafonunda 8 namizəd iştirak edirdi. “Yeni Azərbaycan Partiyasının bu seçkilərdə namizədi, partiyanın Sədri cənab İlham Əliyev olmuşdur. Seçkilərdə səsvermə hüququna malik olan vətəndaşların 74.3 % iştirak edirdi. Şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə cənab İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin – 86,02 faizinin səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu seçkilər Azərbaycan tarixində yeni bir inkişaf mərhələsinin başlanğıcı oldu”, - deyə deputat qeyd edib.

A.Həsənova vurğulayıb ki, xalqın seçimini Prezident İlham Əliyevin xeyrinə müəyyən edən bir çox amillər mövcud idi.

“Cənab İlham Əliyevin 2003-2018-ci illər ərzində prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, mühüm uğurlar əldə edib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti və iqtisadiyyatı dəfələrlə artıb, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənib, ölkəmiz beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevrilib. İnsan amili, xalqın rifahı və milli maraqlar hər zaman dövlət siyasətinin strateji prioritetləri olub, işsizliyin və yoxsulluğun səviyyəsi minumuna düşüb.

Konkret rəqəmlərlə danışsaq 2003-2018-ci illər ərzində ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə artıb. Ölkənin strateji valyuta ehtiyatları 26.6 dəfə artıb, maliyyə imkanlarımız əsaslı şəkildə yaxşılaşıb. Xarici ticarət dövriyyəsi 4,6 dəfə, ixracın həcmi altı dəfə artıb. Regionlarda ümumi məhsul buraxılışının artımı 3,6 dəfəyə bərabər olub. Əhalinin nominal gəlirləri 8.6 dəfə, minimum əməkhaqqı 12.9 dəfə, xaricə səfər edən vətəndaşların sayı 2,2 dəfə, əhalinin banklardakı əmanəti 30 dəfə artıb. 1 958 400 yeni iş yeri açılıb, 326.6 min nəfərə ünvanlı dövlət sosial yardımı verilib. İşsizliyin səviyyəsi 9.2 faizdən 5 faizə, yoxsulluğun səviyyəsi 44.7 faizdən 5.4 faizə enib, 245 min nəfər məcburi köçkün mənzillə təmin olunub.

Azərbaycan xalqı görülən bu işləri yüksək qiymətləndirərək 2018-ci il prezident seçkilərində yenidən cənab İlham Əliyevə səs verdi”, - deyə A.Həsənova vurğulayıb.

O qeyd edib ki, cənab İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanın əldə etdiyi ən böyük uğur isə ərazi bütövlüyümüzün bərpası idi.

“Azərbaycan torpaqlarının 20 faizi 30 ilə yaxın bir müddət ərzində erməni işğalı altında olub. Həmin dövrdə Azərbaycanın qarşısında duran ən mühüm məsələ ərazi bütövlüyünün bərpası idi. Ərazi bütövlüyünün bərpası üçün isə güclü ordu ən əsas şərtlərdən biri idi. Cənab Prezident bu məsələyə xüsusi diqqət yetirirdi. Aparılan məqsədyönlü siyasət nəticəsində Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu siralarına daxil olmağı bacardı. Bununla yanaşı cənab Prezident İlham Əliyev beynəlxalq müstəvidə də mühüm işlər apardı, Azərbaycanın haqlı mövqeyini dünya ictimaiyyətinin diqqətinə çatdırdı, ən yüksək tribunalardan çıxışları zaman daim bu məsələni diqqətdə saxladı.

Və nəhayət 2020-ci ildə Azərbaycan ən ali məqsədinə nail olmağı bacardı.

44 günlük Vətən müharibəsi nəticəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi qüdrətli ordumuz erməni işğalına son qoyaraq ərazi bütövlüyünü bərpa etdi. Bu zəfər Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcı oldu, ölkəmiz bu şanlı qələbəsi ilə regionda yeni reallıqlar yaratdı və dünyaya yeni bir nümunə gəstərdi, torpaqlarını öz gücü hesabına azad etdi, BMT qətnamələrini özü yerinə yetirdi. Artıq bütün dünya Azərbaycanın yaratdığı yeni reallıqları qəbul edir. Azərbaycan bütün bu nailiyyətlərə cənab Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən və milli maraqlara söykənən siyasəti nəticəsində nail olub”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti