Bakı. Trend:
Dünyanın diqqəti Türk dünyasının mədəniyyət və incəsənət beşiyi, Azərbaycanın incisi Şuşaya yönəlmişdi. “Şuşa ili”ndə Şuşada Zəfər Qurultayının keçirilməsi heç də təsadüfi deyildi. 44 günlük müharibə həm də dünya azərbaycanlılarının birliyini, həmrəyliyini göstərdi. Şuşada iki gün davam edən Zəfər Qurultayı bu birliyin əbədi olduğunu, heç bir qüvvənin bu həmrəyliyi poza bilmək iqtidarında olmadığını nümayiş etdirdi.
Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Oqtay Əsədov deyib.
O.Əsədov bildirib ki, Dünya Azərvaycanlılarının V Qurultayının Şuşada keçirilməsi 65 ölkədən gəlmiş 400 nümayəndəyə cənab Prezident İlham Əliyevin söylədiyi “Şuşa, biz səni dirçəldəcəyik” nidasının sevincini yaşatdı.
"Zəfər Qurultayı onu göstərdi ki, Azərbaycan dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının Vətənidir. Bu tədbir İlham Əliyevin Prezident seçildiyi ilk gündə söylədiyi “Mən hər bir azərbaycanlının prezidentiyəm” sözlərinin həqiqiliyini bir daha nümayiş etdirdi. Dünya azərbaycanlıları əyani şəkildə gördülər ki, Prezidentimiz hər bir azərbaycanlının yanındadır.
Dünyanın hər yerindən qurultaya gəlmiş soydaşlarımız xalqımızın soykökünə, tarixinə, mədəniyyətinə və azadlıq eşqinə bağlılıqları ilə Şuşadan ermənilərə, onların havadarlarına ciddi mesajlar verdilər.
Zəfər Qurultayı dünya azərbaycanlılarının həmrəyliyi ideyasının banisi, ümummilli lider Heydər Əliyevin 30 il əvvəl söylədiyi fikirləri bu gün reallığa çevirdi. Ulu öndərin “biz Qarabağa qayıdacağıq, özü də qələbə ilə qayıdacağıq” fikirlərinin əminliyini Şuşada keçirilən Zəfər Qurultayı dəqiqliklə ifadə etdi.
Azərbaycan Prezidenti Qurultaydakı nitqi ilə diaspor təşkilatları üçün bir Yol xəritəsi cızdı. Bu nitq gənc nəslə milli hisslərin, dilin, şanlı tariximizin aşılanması, öyrədilməsi, təbliği sahəsində konkret və aydın müddəaların məcmusudur.
Prezident Ana dili ilə bağlı tövsiyələrini verərək, bunun müasir azərbaycançılığın əsas hədəfi olduğunu göstərdi. İlham Əliyev qeyd etdi ki, çox istəyirik ki, ikinci, üçüncü nəsil azərbaycanlılar öz mədəniyyətinə bağlı olsunlar. “Əlbəttə, bu, o qədər də asan məsələ deyil. Burada onlar, ilk növbədə, Azərbaycan dilini bilməlidirlər. Burada, əlbəttə ki, təkcə ailələrdə Azərbaycan dilini yaşatmaq mümkündür, ancaq kifayət deyil. Ona görə Azərbaycan məktəblərinin, bazar günü məktəblərinin açılması istiqamətində də biz hər zaman kömək göstərməyə hazırıq. Əslində, bunu edirik. Bəlkə də bunu daha da təşkilatlanmış şəkildə etmək lazımdır. Çünki Ana dili əsas amildir”", - deyə o əlavə edib.
Deputat bildirib ki, diaspor təşkilatlarının qarşıda görəcəyi çox işlər var. Ölkəmizlə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, zəngin mədəni irsimizi təbliğ etmək, Şərqi Zəngəzurun və Qarabağın bərpası işinə töhfələr vermək bu qəbildəndir. Bu qurultay dünya azərbaycanlılarını bundan sonra da həmrəy olmağa, birlik nümayiş etdirməyə sövq edəcək:
"Zəfər Qurultayı Azərbaycan diasporu üçün yeni bir mərhələnin
başlanğıcını qoydu. Verilən mesajlar, göstərilən hədəflər dünya
azərbaycanlılarını Azərbaycanımızın bundan sonrakı mübarizə
yollarında da sıx birləşdirəcək, onların diaspor təşkilatlarının
fəaliyyətini daha da gücləndirəcək.
Bütün mübarizələrimiz daim uğurlu olsun!"