...

Qanunsuz aksiya ilə bağlı əsassız iddialar bu qüvvələrin nə qədər cılız və zəif olduğunu göstərdi - ŞƏRH

Siyasət Materials 18 May 2022 10:54 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Qərbin bəzi dairələri Azərbaycanda guya “insan hüquqlarının pozulması” ilə bağlı yeni kampaniyalar təşkil olunması istiqamətində iş aparırlar. Azərbaycana qarşı bu kampaniya mütəşəkkil şəkildə təşkil edilib və bir mərkəzdən idarə olunur. Mayın 14-də bir qrup “fəal”ın Bakıda keçirdiyi etiraz aksiyasına Qərbin bəzi dairələrinin şişirdilmiş münasibəti bu kampaniyanın bir tərkib hissəsidir.

Məsələ ilə bağlı Trend-in sualını cavablandıran Milli Məclisin deputatı Elşən Musayev bildirib ki, may ayının 14-də müxalif kəsimin qanunsuz mitinqindən sonra Qərbin müəyyən dairələrinin mövzuya ədalətsiz münasibəti və xüsusən də Böyük Britaniya səfirliyinin bu haqda açıqlaması insanda təəssüf və təəccüb hissi doğurur.

“Çünki həmin aksiyada iştirakçılara qarşı heç bir zor tətbiq olunmayıb və ümumiyyətlə, proses boyunca heç bir insident yaşanmayıb. Üstəlik, Azərbaycan polisi və digər müvafiq qurumlar da maksimum dərəcədə səbrlə davranıblar.

Məndə belə bir təəssürat yarandı ki, Böyük Britaniya səfirliyi bəyanat mətnini sanki həftələr öncədən yazıb, hazırlayıb və məqam gözləyib ki, tezcə dərc etsin. Yoxsa bunun başqa adı yoxdur.

Britaniya səfirliyi oturub öz işi ilə məşğul olmaq əvəzinə siyasi bəyanatlar verir, səhv tutur, “ağsaqqallıq” sevdasına düşür. Niyə? Nə xəbərdi? Kim verib sizə bu ixtiyarı? Beynəlxalq hüquq demirmi ki, başqa dövlətlərin daxili işlərinə qarışmaq olmaz? O zaman bəs niyə qarışırsınız?

“Azadlıq” radiosu buradan, “Amerikanın səsi” ordan, müxalif bloqerlər başqa tərəfdən, xaricdə yaşayan “söyüş müxalifəti” o biri yandan, səfirlik bu biri yandan... Hamısı sanki növbəyə düzülüb. Görəsən, səbəb nədir? Ortada koordinasiyamı var? Təlimatmı belədir?”, - deyə deputat bildirib.

O qeyd edib ki, həmin mitinqdə heç bir insident olmayıb. “Həmin mitinqdə demək olar ki, heç iştirakçı da olmayıb. Olubsa da barmaqla sayılacaq qədər. Ona görə də məsələni, mövzunu şişirtməyin, siyasiləşdirməyin heç bir anlamı yoxdur. Qərbin həmin o müəyyən dairələri də, Britaniyanın səfirliyi də gedib özlərinə aid işlərlə məşğul olsunlar”, - deyə deputat əlavə edib.

Milli Məclisin deputatı Cavid Osmanov isə Trend-in sualını cavablandırarkən qeyd edib ki, Azərbaycanda möhkəm milli həmrəylik formalaşıb, xalqımız ölkədə yürüdülən siyasəti dəstəkləyir. Azərbaycanın əldə etdiyi uğurlar, dünyada artan nüfuzu, beynəlxalq aləmdə ölkəmizə çox böyük hörmətlə yanaşılması, Vətən Müharibəsində əldə etdiyimiz tarixi qələbə, ölkəmizin dünyada vacib aktora, söz sahibinə çevrilməsi xüsusən ermənipərəst dairələri ciddi narahat edir.

“Ermənipərəst Qərb dairələrinin, o cümlədən “Beşinci kolon”un nəzarətində olan media şəbəkəsi üzərindən Azərbaycanın artan nüfuzuna xələl gətirməyə çalışırlar. Bakıda may 14-də keçirilən aksiya da birbaşa buna hesablanıb: “Biz əvvəl də qeyd etmişdik ki, bu aksiyanın heç bir nəticəsi olmayacaq. Çünki xalq artıq “Beşinci kolon”un ermənipərəst dairələrə xidmət etdiyini çoxdan dərk edib. Onların aksiyasının növbəti dəfə iflasa uğrayacağından heç bir şübhəmiz yox idi. Mitinq bir daha göstərdi ki, Azərbaycan daha inamla, daha güclü, qüdrətli olmaq yolunda çox ciddi addımlar atır. Bunun da təməlində xalq-iqtidar birliyi dayanır.

Hər dəfə aksiyadan sonra guya iştirakçılara qarşı zorakılıq olmasına dair saxta məlumatlar yayırdılar. Bu dəfə də hər hansı fakt tapmadılar. İndi də başqa istiqamətdə ləkələmə, qarayaxma aparmağa çalışırlar. Guya aksiyadakı qadınlara qarşı qeyri-etik davranılıb. Təbii ki, ermənipərəst fondun maliyyə vəsaiti hesabına “Beşinci kolon” tərəfindən keçirilən qanunsuz aksiyanın iflasına görə belə söhbətlər ortaya atılır. Heç bir arqument, fakt ortaya qoymadan belə bir iddia irəli sürmələri bu qüvvələrin nə qədər cılız və zəif olduqlarını bir daha göstərdi”, - deyə deputat əlavə edib.

Milli Məclisin deputatı Ceyhun Məmmədov isə Trend-ə açıqlamasında qeyd edib ki, proseslərin təhlili göstərir ki, Qərbin bəzi dairələri Azərbaycanda guya “insan hüquqlarının pozulması” ilə bağlı yeni kampaniyalar təşkil olunması istiqamətində fəal iş aparırlar.

“Mayın 14-də keçirilən cılız aksiya şişirdilib və siyasiləşdirilməsi kampaniyasına başlanılıb.

Bütün bu proses – insidentin siyasiləşdirilməsi və nəticə kimi icazəsiz aksiyanın elan olunması – ilk gündən “Amerikanın səsi” və “Azadlıq” radioları tərəfindən fəal və geniş şəkildə işıqlandırılıb. Mayın 8-dən aksiya gününədək bu radioların sosial şəbəkə profillərində onlarla xəbər və müsahibə yayılıb, açıq şəkildə etiraz aksiyasına çağırışlar edilib. Onu da qeyd edək ki, bütün bunlara baxmayaraq, aksiyada çox az sayda adam iştirak edib, meydana gələnlərin əksəriyyəti özlərini jurnalist kimi təqdim edib, polis onlarla çox etik və qanunlar çərçivəsində davranıb, heç bir zorakılığa yol verməyib və təşkilatçıların özləri də bunu etiraf ediblər.

Hesab edirəm bu baxımdan Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin aksiya ilə bağlı açıqlaması ciddi təəccüb doğurur. Səfirlik iddia edir ki, “may ayının 14-də dinc etiraz aksiyası dağıdılıb”, “zorakılıq” tətbiq olunub. Bu, qızışdırıcı və təhrikedici mövqenin göstəricisidir. Sanki, səfirlikdə mövqe əvvəlcədən formalaşdırılıb, yazı yazılıb və hadisələrin gedişatı nəzərə alınmadan bəyan edilib.

Onu da qeyd edək ki, qonşu Ermənistanda son günlər keçirilən aksiyaların dağıdılması, onlarla şəxsin saxlanılması, vətəndaşların hətta avtomobillərdən çıxarılaraq həbs olunması hallarına heç bir etiraz etməyən ABŞ və ya Böyük Britaniyanın Azərbaycanla bağlı tamam fərqli mövqe nümayiş etdirməsi ikili standartlarının ən bariz nümunəsidir. Niyə Ermənistandakı proseslərlə bağlı heç bir reaksiya verilmir? İkili standartlar nə vaxta kimi davam edəcək?

Bütün baş verənlər belə deməyə əsas verir ki, bu icazəsiz aksiyanın elan olunması Qərbin bəzi dairələrinin təhriki və maliyyəsi ilə reallaşdırılan ssenaridir”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti