...

Prezident İlham Əliyev: Çalışmalıyıq ki, komanda idman növlərində də Azərbaycan idmançıları yüksək nəticələr göstərsinlər

Siyasət Materials 14 İyun 2022 16:57 (UTC +04:00)
Prezident İlham Əliyev: Çalışmalıyıq ki, komanda idman növlərində də Azərbaycan idmançıları yüksək nəticələr göstərsinlər

Bakı. Trend:

Biz çalışmalıyıq ki, təkcə fərdi idman növlərində deyil, eyni zamanda, komanda idman növlərində də Azərbaycan idmançıları beynəlxalq yarışlarda yüksək nəticələr göstərsinlər.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev iyunun 14-də Slovakiyada keçirilmiş minifutbol üzrə Avropa çempionatının qalibi olan milli komandamızın üzvlərini qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

"İlk növbədə, sizi tarixi qələbə münasibətilə təbrik edirəm. Hesab edirəm ki, bu qələbə Azərbaycan idmanının tarixində qalacaq. Çünki ilk dəfədir ki, ölkəmiz komanda idman növündə Avropa çempionu olmuşdur və bu qələbəni siz qazanmısınız, minifutbol üzrə milli komandamız.

Azərbaycanda idmanın inkişafı ilə bağlı çox işlər görülüb, ancaq bu günə qədər komanda idman növündə biz böyük uğurlara nail ola bilməmişik. Düzdür, bizim şahmatçılarımız iki dəfə Avropa çempionu olmuşlar, amma şahmat fərdi idman növüdür, sadəcə olaraq, komanda şəklində çıxış etmiş şahmatçılarımız bu böyük nailiyyəti əldə etmişlər. Ancaq oyun idman növlərində belə bir qələbə olmamışdır. Ona görə bu qələbənin çox böyük mənası var və əminəm ki, digər idman növləri üçün bu, çox gözəl nümunədir.

Düzdür, bu tarixi uğuru təkrarlamaq heç kim üçün asan olmayacaq, amma hər halda biz çalışmalıyıq ki, təkcə fərdi idman növlərində deyil, eyni zamanda, komanda idman növlərində də Azərbaycan idmançıları beynəlxalq yarışlarda yüksək nəticələr göstərsinlər. Bildiyiniz kimi, fərdi idman növlərində isə bizim çox böyük uğurlarımız var, Olimpiya, dünya, Avropa çempionlarımızın sayı çoxdur və əminəm ki, artacaq. Beləliklə, komanda idman növlərinin inkişafı imkan verəcək ki, idmanın inkişafı hərtərəfli olsun.

Şadam ki, komandamızın tərkibi yerli idmançılardan ibarətdir - həm oyunçular, həm məşqçilər, mütəxəssislər. Bu, məni xüsusilə sevindirir. Onu da bilirəm ki, minifutbol üzrə bizim komandamız cəmi ikinci dəfə Avropa çempionatında iştirak edir və artıq çempion tituluna layiq görülüb. Mübarizə gərgin olub, istənilən idman növündə Avropa çempionatları çox gərgin keçir. Əlbəttə ki, Avropanın ən güclü komandaları orada təmsil olunur. Çempionat boyunca göstərdiyiniz həm peşəkarlıq, deyə bilərəm ki, həm də böyük fədakarlıq bu qələbəni mümkün edib. Siz xalqımızı sevindirmisiniz və təsadüfi deyil ki, Azərbaycan vətəndaşları sizi hava limanında böyük məhəbbətlə qarşılayıblar. Mən sizi ürəkdən təbrik edirəm. Bu, doğrudan da çox böyük qələbədir, tarixi qələbədir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti