Bakı. Trend:
TÜRK PA-nın XI Plenar sessiyasında iştirak etmək üçün Qırğız Respublikasının Çolpon-Ata şəhərində səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova burada Qırğızıstan Joqorku Keneşinin (Parlamentinin) sədri Talant Mamıtovla görüşüb.
Milli Məclisdən Trend-ə bildirilib ki, Azərbaycan parlament
rəhbərini səmimiyyətlə salamlayan Talant Mamıtov, ölkələrimiz
arasında münasibətlərin yüksək səviyyədə inkişafından məmnunluğunu
bildirib. O, xalqlarımız arasında dostluq əlaqələrinin dərin
köklərə malik olduğunu qeyd edərək, müstəqillik illərində
ölkələrimiz arasında münasibətlərin daha da dərinləşdiyini
vurğulayıb. Talant Mamıtov ölkəsinin Azərbaycanla əlaqələrin
inkişafına böyük önəm verdiyini, qarşılıqlı səfərlərin və siyasi
dialoqun bu münasibətlərin inkişafına təkan verdiyini deyib.
Bildirilib ki, parlamentlər səviyyəsində münasibətlərimizin
inkişafı həyatın digər sahələrində əməkdaşlığımızın daha da
dərinləşməsinə xidmət edir. Deputatlarımızın müxtəlif beynəlxalq
platformalarda birgə iştirakı ümumi mənafelərə xidmət edir. Joqorku
Keneşinin sədri qeyd edib ki, Qırğızıstan və Azərbaycan bütün
beynəlxalq qurumlarda ənənəvi olaraq həmişə bir-birini dəstəkləyir.
O, TÜRK PA çərçivəsində əməkdaşlığın əhəmiyyətini qeyd edib.
Göstərilən yüksək qonaqpərvərliyə görə, minnətdarlığını bildirən
Milli Məclisin sədri Sahibə Qafarova xalqlarımız arasında çoxəsrlik
tarixi köklərə malik dostluq və qardaşlıq əlaqələrindən danışıb. O,
deyib ki, xalqlarımızı ortaq köklər, oxşar tarix və ümumi dəyərlər
birləşdirir.
Ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olmasında
dövlət başçılarının rolunu vurğulayan spiker Qırğız Respublikasının
Prezidenti Sadır Japarovun bu ilin aprel ayında ölkəmizə səfərini
və səfər çərçivəsində keçirilən görüşlərin əhəmiyyətini diqqətə
çatdırıb. Qeyd olunub ki, münasibətlərimizin möhkəmlənməsində
dövlət başçılarımızın görüşləri və qarşılıqlı səfərləri xüsusi
əhəmiyyətə malikdir.
Gələn il ölkələrimiz arasında diplomatik münasibətlərin
qurulmasının 30 illiyinin tamam olacağını diqqətə çatdıran Milli
Məclisin sədri qeyd edib ki, ötən müddətdə münsaibətlərimiz
strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. İki ölkə arasında
əlaqələrin dərinləşməsinə qanunverici orqanların özünəməxsus
töhfələr verdiyini qeyd edən Sahibə Qafarova Qırğızıstan
parlamentinin sədri ilə bundan öncəki görüşlərini məmnunluqla
xatırlayıb.
Spiker xüsusilə TÜRK PA çərçivəsində əməkdaşlığın əhəmiyyətini
diqqətə çatdıraraq, qeyd edib ki, müasir dünyada cərəyan edən
hadisələr fonunda TÜRKPA-nın rolu və əhəmiyyəti daha da
artmaqdadır. Təşkilatımız ötən illər ərzində fəaliyyəti ilə
xalqlarımızı bir-birinə daha sıx bağlamağın səmərəli bir vasitəsi
kimi özünü təsdiqləmişdir. O, bu baxımdan, XI Plenar sessiyasına da
təşkilatın gələcək fəaliyyətinə və üzv dövlətlər arasında
əlaqələrin daha da dərinləşməsinə töhfə verəcəyinə inamını ifadə
edib.
Milli Məclisin sədri görüşdə həmçinin Azərbaycanın 44 günlük Vətən
müharibəsində əldə etdiyi böyük Qələbə və regionda yaranmış yeni
vəziyyət barədə məlumat verib. Bildirib ki, Azərbaycan Ermənistan
tərəfindən 30 ilə yaxın işğal altında saxlanılan torpaqlarını azad
edərək ərazi bütövlüyünü bərpa edib. Ermənistan ərazilərimizi işğal
altında saxladığı müddətdə oradakı bütün maddi-mədəni
sərvətlərimizi talan edib, şəhərlərimizi, kəndlərimizi,
məscidlərimizi dağıdıb. Milli Məclisin sədri bildirib ki, hazırda
Azərbaycan işğaldan azad olunmuş ərazilərimizin bərpası və yenidən
qurulması ilə bağlı genişmiqyaslı layihələr həyata keçirir. O,
ölkəmizin regionda daimi sülh və təhlükəsizliyin, əməkdaşlığın
təmin olunmasında maraqlı olduğunu, bu istiqamətdə bütün lazımi
addımları atdığını diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir
mübadiləsi aparılıb.