Bakı. Trend:
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəvəti ilə sərhədyanı ərazilərdə televiziya və radio yayımlarının, eləcə də mobil rabitə şəbəkələrinin beynəlxalq normalara uyğun tənzimlənməsi məsələləri ilə bağlı Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) ekspertləri ölkəmizə səfərə gəlib.
Nazirlikdən Trend-ə verilən
məlumata görə, bir həftəlik ekspert missiyasının əsas məqsədi
BTİ-nin ekspertlərinin ölkənin efir məkanına müdaxilələrlə tanış
edilməsi və sərhədyanı ərazilərdə yayımların beynəlxalq tələblərə
uyğun tənzimlənməsi üçün dünya ölkələrində mövcud olan təcrübə
nəzərə alınaraq həlli yollarının birgə müəyyənləşdirilməsidir.
Ekspertlər 28 iyunda rəqəmsal inkişaf və nəqliyyat nazirinin
müavini Rövşən Rüstəmovla görüş keçirib.
Səfər çərçivəsində BTİ ekspertlərinin nazirliklə yanaşı, onun tabeli qurumları olan Dövlət Radiotezliklər İdarəsinin, “Radio-Televiziya Yayımı və Peyk Yayımı” İstehsalat Birliyinin, Azərkosmosun, həmçinin mobil rabitə operatorlarının mütəxəssisləri ilə görüşlər keçirməsi nəzərdə tutulur.