...

Uğurla inkişaf edən Azərbaycan beynəlxalq nüfuz sahibinə çevrilib - RƏY

Siyasət Materials 19 İyul 2022 13:30 (UTC +04:00)
Uğurla inkişaf edən Azərbaycan beynəlxalq nüfuz sahibinə çevrilib - RƏY
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün müstəqil xarici siyasət aparan Azərbaycan dünyada böyük nüfuz sahibinə çevrilib və xarici siyasətində böyük uğurlar əldə edib. Azərbaycan bölgədə və beynəlxalq səviyyədə əməkdaşlıq və təhlükəsizliyə də mühüm töhfələr verir və dünyada etibarlı tərəfdaş kimi tanınır.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Sevinc Hüseynova deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə keçirdiyi altı ayın yekunlarına həsr edilmiş müşavirə onu göstərdi ki, ölkəmiz Prezidentimiz tərəfindən müəyyən edilmiş strateji hədəflərə doğru irəliləyir və istər daxili siyasətdə, istər xarici siyasətdə qarşıya qoyulan bütün hədələrə nail olunur.

O bildirib ki, ölkə Prezidentinin apardığı düşünülmüş siyasət nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində nüfuzlu bir ölkəyə, söz sahibi olan bir ölkəyə çevrilib:

“Ölkəmizin nüfuzu günü-gündən artmaqdadır. Ölkəmizin istər beynəlxalq təşkilatlar çərçivəsində aktiv fəaliyyətinin, region ölkələri ilə yaxın qonşuluq münasibətlərinin, dünyanın aparıcı ölkələri ilə qarşılıqlı səmərəli və bərabərhüquqlu əməkadşlığın qurulmasının şahidiyik. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi zamanı da biz bunu gördük.

Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi bəşəriyyət üçün ağır il olan COVID-19 ilə üst-üstə düşdü. Azərbaycanın təşəbbüsü ilə 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının onlayn Zirvə toplantısının keçirilməsi pandemiya ilə mübarizədə dövlətlərin səfərbər edilməsi üçün ilkin addımlardan biri idi. Azərbaycanın səyləri təkcə həmrəyliyin gücləndirilməsi və dəstəyin təmin edilməsinə yönəlməmişdir.

Azərbaycanın təşəbbüsü ilə hazırlanmış ölkələrə dəstək, tibbi və humanitar yardımla bağlı məlumat bazası Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən geniş istifadə olundu. Azərbaycan pandemiya dövründə 80-dən çox ölkəyə maddi yardım və humanitar dəstək göstərdi. Həmçinin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində ianə etdi və bu vəsaitin yarısı Qoşulmama Hərəkatının üzv dövlətlərinə birbaşa ayrılmışdır.

Bir sözlə Azərbaycan Qoşulmama Hərəkatında çox ədalətli bir mövqe səpkiləmişdir və bu ədalətli mövqeyin nəticəsidir ki, Qoşulmama Hərəkatı da Azərbaycanın haqlı mövqeyini, təşəbbüslərini hər zaman beynalxalq aləmdə dəstəkləyir”.

S.Hüseynova vurğulayıb ki, Azərbaycan Avropa İttifaqı ilə də səmərəli əməkdaşlıq edir:

“Avropa İttifaqı ilə münasibətlər Azərbaycanın xarici siyasətinin prioritetləri sırasındadır. Azərbaycan Aİ ilə münasibətlərini bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf etdirir. Bildiyiniz kimi Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində yeni memorandum imzaland və bu sənəd tərəflər arasında əməkdaşlığın inkişafına mühüm töhfə verəcək. Avtopa İttifaqı həm də bizim üçün ona görə vacibdir ki, Aİ Şurasının Prezidenti Şarl Mişel Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində səylər həyata keçirir, - deyə deputat əlavə edib.

Deputat Cavid Osmanov isə Trend-ə açıqlamasında bildirib ki, ölkə başçısının həyata keçirdiyi düşünülmüş daxili və xarici siyasət nəticəsində uğurla inkişaf edən Azərbaycan bu gün yüksək beynəlxalq nüfuz sahibinə çevrilib.

“Azərbaycanın beynəlxalq arenada oynadığı rol, göstərdiyi həmrəylik və ehtiyac içərisində olan ölkələr üçün verilən humanitar, maliyyə dəstəyi, xüsusilə COVID-lə bağlı 80-dən çox ölkəyə göstərilən dəstək ölkəmizin beynəlxalq nüfuzunu böyük dərəcədə artırıb. Bundan əlavə, ölkəmizin beynəlxalq təşkilat və təsisatlarda əsas ölkələrdən biri olaraq çıxış etməsi bu deyilənlərə bariz nümunədir.

Bu sırada Qoşulmama Hərəkatındakı uğurlar xüsusi olaraq qeyd olunmalıdır. Azərbaycanın sədrlik müddətinin 2023-cü ilə qədər uzadılması onu göstərir ki, ölkəmiz 120 ölkə arasında çox böyük nüfuz qazanıb və ölkəmizə olan inam bu illər ərzində daha da artıb. Azərbaycan Qoşulmama Hərəkatının institusional inkişafına böyük töhfə vermiş ölkədir. Önəmli addımlardan biri bu il Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin toplantısı və Parlament Şəbəkəsinin yaradılması oldu”, - deyə deputat bildirib.

C.Osmanov vurğulayıb ki, Azərbaycan Türk Dövlətləri Təşkilatı çərçivəsində də hər zaman fəallıq göstərir və Türk dövlətləri ilə əlaqələrin inkişafı ölkəmiz üçün prioritet məsələlərdən biridir.

O əlavə edib ki, ölkəmiz Avropa İttifaqı ilə də münasibətlərin inkişafına böyük diqqət göstərir. “Azərbaycan-Aİ əlaqələrinin hazırki siyasi çərçivəsini “Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri” adlı sənəd təşkil edir. Sənəd 2018-ci il iyul ayında Brüsseldə Azərbaycan Prezidenti cənab İlham Əliyev və Aİ Şurasının sabiq Prezidenti Donald Tuskun iştirakı ilə paraflanıb.

2021-ci ilin dekabr ayında qarşılıqlı razılıq əsasında Tərəfdaşlıq Prioritetləri 2024-cü ilə qədər uzadılıb. Aİ Azərbaycanın əsas ticarət tərəfdaşı, o cümlədən ən böyük ixrac tərəfdaşıdır. Azərbaycanın ticarətinin 40 faizdən çoxu Aİ üzv dövlətlərinin payına düşür. Azərbaycan və Aİ arasında enerji sahəsində memorandum əməkdaşlığın inkişafına və ticarət dövriyyəsinin artmasına imkan verəcək”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti