...

AZƏRTAC və İtaliyanın ANSA xəbər agentliyi arasında yeni tərəfdaşlıq müqaviləsi imzalanıb (FOTO)

Siyasət Materials 19 İyul 2022 16:21 (UTC +04:00)
AZƏRTAC və İtaliyanın ANSA xəbər agentliyi arasında yeni tərəfdaşlıq müqaviləsi imzalanıb (FOTO)

Bakı. Trend:

AZƏRTAC və İtaliyanın ANSA xəbər agentliyi arasında yeni tərəfdaşlıq müqaviləsi imzalanıb.

Bununla əlaqədar hər iki agentliyin baş ofislərində onlayn formatda imzalama mərasimi təşkil olunub. Tədbirdə AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov, ANSA-nın baş icraçı direktoru Stefano de Alessandri, həmçinin İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri və Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə iştirak ediblər.

AZƏRTAC ilə tərəfdaşlıq müqaviləsinin imzalanmasından məmnunluğunu bildirən ANSA-nın baş icraçı direktoru Stefano de Alessandri qeyd edib ki, hər iki agentlik həm ikitərəfli formatda, həm də üzvü olduqları beynəlxalq təşkilatlarda uzun illərdir uğurla əməkdaşlıq edir. O, bunlardan ən önəmlisinin Avropa Xəbər Agentlikləri Alyansının olduğunu diqqətə çatdıraraq deyib: “İmzaladığımız müqaviləni əməkdaşlığımızda yeni mərhələ hesab edirəm. Biz xəbər mübadiləsi aparmaqla Azərbaycanda baş verənlər barədə AZƏRTAC vasitəsilə informasiya alacağıq. Əminəm ki, bu, ölkələrimiz arasında da əlaqələrin güclənməsinə töhfə verəcək”.

Sonra çıxış edən İdarə Heyətinin sədri Aslan Aslanov qeyd edib ki, yeni müqaviləni imzalamaqla AZƏRTAC və ANSA agentlikləri uzun illərin tərəfdaşlıq əlaqələrinə sadiq qaldıqlarını, əməkdaşlığı yeni müstəviyə qaldırmaqda maraqlı olduqlarını bir daha göstərirlər. “İtaliyanın və dünyanın aparıcı xəbər agentliyi olan ANSA ilə ilk müqaviləmiz 2005-ci ilin fevralında imzalanıb. O vaxt Azərbaycan Prezidenti cənab İlham Əliyevin İtaliyaya səfəri zamanı Romada ANSA-nın baş ofisində bu agentliyin rəhbərləri ilə çox səmərəli görüş keçirmişdik və hər iki agentlik üçün böyük əhəmiyyətə malik olan sənəd imzalamışdıq. Ötən illər ərzində biz həm ikitərəfli, həm də üzvü olduğumuz beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etmişik”, - deyə o qeyd edib.

Azərbaycan-İtaliya münasibətlərinin daim yüksək səviyyədə olduğunu bildirən İdarə Heyətinin sədri xalqlarımız arasındakı əlaqələrin dərin tarixi köklərə söykəndiyini deyib: “Əminəm ki, yenilənmiş müqavilə informasiya və video mübadiləsində tərəfdaşlığımıza yeni stimul verəcək, ölkələrimiz haqqında xəbərlərin ilkin və etibarlı mənbələrdən alınmasını təmin edəcək, qarşılıqlı etimadı daha da möhkəmləndirəcək. Dezinformasiya və feyk xəbərlərin sürətlə yayıldığı dövrdə etibarlı xəbər agentliklərinin birbaşa informasiya mübadiləsi aparmasına böyük ehtiyac var. Odur ki, bu sənəd, eyni zamanda, təsdiqlənmiş informasiyaların yayılmasına xidmət edəcək”.

Azərbaycan və İtaliyanın strateji tərəfdaş olduqlarını vurğulayan səfir Məmməd Əhmədzadə diqqətə çatdırıb ki, ölkələrimiz iqtisadi, siyasi, mədəni və digər sahələrdə geniş əlaqələrə malikdir. 2018-ci ildə İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana, 2020-ci ildə isə Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfərləri iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə böyük töhfə verib, strateji tərəfdaşlıq barədə sənəd imzalanıb. Azərbaycan və İtaliyanın enerji sahəsində əməkdaşlığının, həmçinin qeyri-neft sektoru, humanitar və mədəniyyət sahələrində əlaqələrinin uğurla inkişaf etdiyini vurğulayan səfir Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun İtaliyada uğurla həyata keçirdiyi layihələrdən danışıb. Diplomat AZƏRTAC və ANSA arasında yeni müqavilə imzalanmasının informasiya sahəsində vacib addım olduğunu qeyd edib.

Səfir Klaudio Taffuri İtaliya və Azərbaycan əlaqələrinin yalnız neft və qaz sahələrindəki uğurlu əməkdaşlıqdan ibarət olmadığını, eyni zamanda, hər iki ölkənin daha yüksək səviyyəli münasibətlərinin qurulmasına istiqamətləndiyini bildirib. ANSA və AZƏRTAC-ın etibarlı xəbər mənbələri olaraq sıx əməkdaşlıq etməsinin önəmini vurğulayan diplomat yeni müqavilənin imzalanmasını ikitərəfli əlaqələrdə daha bir əlamətdar hadisə adlandırıb.

Sonda AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov və ANSA-nın baş icraçı direktoru Stefano de Alessandri müqaviləni imzalayıblar. Sənədə əsasən, hər iki agentlik gündəlik olaraq ingilis dilində xəbər, eyni zamanda, videoinformasiya mübadiləsi aparacaq. Müqavilə, həmçinin hər iki ölkədə baş verən hadisələrin, mühüm tədbirlərin işıqlandırılmasında qarşılıqlı dəstək verilməsini də nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti