...

Dünyada baş verən gərginlik fonunda Azərbaycanda sabitlik qorunub saxlanılır - Deputat

Siyasət Materials 2 Avqust 2022 15:47 (UTC +04:00)
Dünyada baş verən gərginlik fonunda Azərbaycanda sabitlik qorunub saxlanılır - Deputat
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün dünyada böyük güclər arasında baş verən qarşıdurmalar, münaqişələr, iqtisadi böhran qlobal miqyasda böyük gərginlik yaradıb, dünya ölkələrini çətin vəziyyətlə üz-üzə qoyub. Belə ki, Ukraynada müharibə, Avropada enerji problemi, Çin-Tayvan arasında gərginlik, Suriyada hərbi vəziyyətin gərginləşməsi, Kosovoda müharibə təhlükəsi, dünyada ərzaq böhranı dünyada gərginlik ocaqlarının artan xətt üzrə getdiyini göstərir.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, Azərbaycan da dünyanın bir parçası kimi dünyada baş verən hadisələrin təsirinə məruz qalır. “Lakin cənab Prezident İlham Əliyevin müdrik siyasəti, diplomatik məharəti, qətiyyətli mövqeyi sayəsində Azərbaycan bu mənfi təsirləri neytrallaşdırmağı bacarıb, ölkəmiz hətta 2022-ci il ərzində iqtisadi artıma nail olub.

2022-ci ilin birinci yarımilliyində Azərbaycan iqtisadiyyatı 6,2%, qeyri neft iqtisadiyyatın 9,6 faiz, sənaye sahəsində ümumi sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənaye sahəsində 11,5 faiz çoxalıb, eyni zamanda əhalinin gəlirlərində təxminən 20 faiz artım qeydə alınıb.

Məlumdur ki, Azərbaycan müharibədən yeni çıxmış bir ölkədir, 30 illik işğaldan sonra böyük güc sərf edərək öz torpaqlarını işğaldan azad edib. Müharibədən sonra adətən iqtisadi tənəzzül yaşanır, çünki genişmiqyaslı müharibə milyardlarla vəsait tələb edir. Lakin Azərbaycanın illərdir formalaşdırılan dayanıqlı və güclü iqtisadiyyatı bu çətin sınağın öhdəsindən layiqincə gəlməyə imkan verir.

Üstəlik, müharibədən sonra tamamilə dağıdılmış ərazilərin minalardan təmizlənməsi və bərpası prosesini də Azərbaycan təkbaşına həyata keçirir, dövlət büdcəsindən bu istiqamətdə artıq 4 milyard manatdan artıq vəsait ayırıb və bundan sonra da ayrılacaq. Bu günə qədər işğaldan azad edilmiş ərazilərdə böyük işlər görülüb və uzun illərdir həsrətində olduğumuz torpaqlarımıza “Böyük Qayıdış”a başlanılıb və Zəngilan rayonunun Ağalı kəndinin sakinləri artıq öz doğma torpaqlarına qayıdırlar. Orada ağıllı kənd konsepsiyası əsasında onların yaşayışı üçün hər cür şərait yaradılıb. Digər ərazilərə də insanlarımızın qayıtması üçün sürətli işlər həyata keçirilir”, - deyə deputat bildirib.

O qeyd edib ki, qlobal iqtisadi böhrana baxmayaraq Azərbaycan insanlarımızın rifahının yaxşılaşdırılması istiqamətində sosial layihələr həyata keçirilir və heç bir sosial layihə təxirə salınmayıb. “2022-ci ilin dövlət büdcəsi də sosial yönümlüyünü qoruyub saxladı. Belə ki, dövlət büdcəsinin 40 faizə qədər sosial xərclər üçün nəzərdə tutulub. Bu çox sevindirici haldır və əhalimizi dünyada baş verən proseslərin mənfi təsirlərindən qoruyur.

Bununla yanaşı dünyada baş verən gərginlik, qarşıdurma, müharibə və iqtisadi böhran fonunda Azərbaycanda sabitlik qorunub saxlanılır.

Azərbaycan bütün bu uğurlara dövlət başçısı cənab İlham Əliyevin düzgtün yürütdüyü siyasət nəticəsində nail olub. Bu gün artıq ölkəmiz yeni hədəflər qoyur, yeni inkişaf strategiyaları tətbiq edir. Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” ölkəmizin bundan sonrakı inkişaf istiqamətlərini müəyyən edir”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti