Bakı. Trend:
Seçki dairələrinin sərhədləri müəyyənləşdirilərkən seçicilərin rahatlığı birinci növbədə nəzərə alınmalıdır.
Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
M.Pənahov bununla bağlı komissiyanın fəaliyyəti ilə bağlı tapşırıq və tövsiyələr verib.
O, qeyd edib ki, hansı yerlərdə problem olma ehtimalı varsa, dairə sərhədlərinin müəyyən edilməsinə oradan başlamaq lazımdır.
MSK sədrinin müavini Rövzət Qasımov isə bildirib ki, hazırda dairə seçki komissiyalarının sərhədlərinin müəyyənləşdirilməsi üzrə iş gedir.
O qeyd edib ki, faktiki qanunvericiliyin tələbinə uyğun addımların atılmasına üstünlük veririk: “Bəzi dairələrdə seçici sayı kifayət qədər azdır. Bu, respublika üzrə həssas işdir, xırda detallar çoxdur ki, onları nəzərə alaq. 830-dan çox yaradılan yeni seçki məntəqələrinin 30-dan çoxunun yaranmasına səbəb məsafə ilə bağlıdır. Seçicilər çox zaman məsafənin uzunluğundan şikayət edirlər. Bu cür hallar yolverilməzdir. Seçkilər bəzən qış vaxtına da düşür. Məsələn, bələdiyyə seçkiləri. Ona görə bütün detalları nəzərə alaraq dairə seçki komissiyalarının sərhədələrinin müəyyənləşdirilməsi ilə bağlı işi tamamlamağa çalışırıq”, - deyə o əlavə edib.