...

Prezident İlham Əliyevin zərgər dəqiqliyi ilə düşünülmüş Qarabağ siyasəti: Şəhidlərimizə böyük ehtiram və bölgənin bərpasına xüsusi diqqət

Siyasət Materials 28 Sentyabr 2022 11:02 (UTC +04:00)
Prezident İlham Əliyevin zərgər dəqiqliyi ilə düşünülmüş Qarabağ siyasəti: Şəhidlərimizə böyük ehtiram və bölgənin bərpasına xüsusi diqqət

Trend-i buradan izləyin

Elvin Səxavətoğlu
Elvin Səxavətoğlu
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyev sentyabrın 27-də Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsinin açılışında Azərbaycanın Vətən Müharibəsindəki qələbəsindən, tarixi qələbəmizdə şəhidlərin rolundan, Qarabağda aparılan quruculuq işlərindən danışıb. Daha sonra Şuşaya səfər edən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Yuxarı Gövhərağa məscidində aparılan yenidənqurma və bərpa işləri ilə tanış olublar.

Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verib. Bildirilib ki, tarixi Yuxarı Gövhər Ağa məscidində bərpa işləri 2021-ci ilin noyabr ayından başlayıb. Şuşa şəhəri işğal altında olduğu müddətdə ermənilər tərəfindən dağıdılmış Yuxarı Gövhər Ağa məscidində konservasiya və bərpa işləri ilkin memarlıq üslubuna uyğun olaraq Azərbaycan, İtaliya və Türkiyə şirkətlərinin konsorsiumu tərəfindən və “Paşa Holdinq”in maliyyə dəstəyi ilə həyata keçirilir. Bərpa prosesi Avstriyanın “Wehdorn Architekten” şirkətinin nəzarəti ilə aparılır. Bərpa işlərinin 2023-cü ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.

Hazırda təkcə Şuşada deyil, işğaldan azad edilmiş bütün rayonlarda - Kəlbəcər, Laçın, Füzuli, Hadrud, Ağdam Xocavənd, Cəbrayıl, Zəngilan və Qubadlıda genişmiqyaslı quruculuq işləri aparılır. Çünki 30 ilə yaxın davam edən işğal dövründə ermənilər Qarabağda heç bir quruculuq işləri aparmayıblar. Əksinə qurulu şəhərlərimizi xarabalığa çeviriblər, işğal müddətində daşı daş üstə qoymayıblar. Şəhərlərimizdəki bütün evləri, yaşamaq üçün yararlı olan infrastrukturu məqsədli şəkildə məhv ediblər. Şuşa şəhərində ölkəmizin incəsənət nümayəndələrinin, şairlərimizin ev muzeylərini, məscidlərimizi viran qoyublar.

Onların dağıtdıqları şəhərləri torpağın həqiqi sahibləri qısa müddət ərzində bərpa edəcək. Ermənilərdən fərqli olaraq, Azərbaycan Qarabağı işğaldan azad etdikdən sonra orada sürətli şəkildə bərpa işləri aparır. Demək olar ki, Prezident İlham Əliyev hər ay işğaldan azad olunmuş ərazilərə səfər edir, orada müxtəlif obyektlərin, inzibati binaların, elektrik stansiyalarının, yolların təməlini qoyur və ya açılışını edir.

Ölkə başçısı Qaraxanbəyli kəndində çıxışı zamanı Qarabağdakı quruculuq işlərinə toxunub.

Prezident İlham Əliyevin çıxışından sitat: "44 günlük Vətən müharibəsi şanlı tariximizdir. Azərbaycan xalqı bütün gücünü səfərbər edib, yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovdu. Bütün Azərbaycan xalqı birlik, iradə göstərmişdir. Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün biz azad edilmiş torpaqlarda qurub yaradırıq, şəhərlərimizi, kəndlərimizi bərpa edirik və həm də şanlı Zəfərimizlə fəxr edirik. Eyni zamanda, fəxr edirik ki, biz - bu torpaqların sahibləri bu torpaqlara yenidən həyatı qaytarırıq".

Ölkə başçısı İlham Əliyev azad olunan ərazilərdə həyata keçirlən quruculuq işləri ilə dünyaya mesaj verir ki, Qarabağ Azərbaycan torpağıdır və biz oranı cənnətə çevirəcəyik. İndi dünya görür ki, torpağın həqiqi sahibi kimlərdir.

Azərbaycan Prezidenti hələ 2020-ci ilin noyabr ayında həmin ərazilərdə bərpa-quruculuq işlərinin sürətlə aparılması məqsədilə Əlaqələndirmə Qərargahı yaradılması barədə sərəncam imzalayıb.

Həmin qərargah səmərəli və məqsədyönlü fəaliyyət göstərir. Prezident ötən dövr ərzində işğaldan azad olunmuş ərazilərin inzibati xəritəsinə də ciddi dəyişikliklər edib. Məsələn, dövlət başçısının 7 iyul 2021-ci ildə imzaladığı fərmanla həm Dağlıq Qarabağ iqtisadi rayonu, həm də "Dağlıq Qarabağ ifadəsi tarixin arxivinə atıb, Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonasının yaradıb. Bu iqtisadi rayonların yaradılması isə həm bölgənin inkişafına, gələcək hədəflərimizə doğru uğurla irəliləməyimizə, həm də siyasi təsir imkanlarımızı artırmağımıza şərait yaradır.

Həmçinin bütün quruculuq işləri Prezident İlham Əliyevin 12 avqust 2021-ci ildə "İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında" imzalanmış fərmanına əsasən həyata keçirilir. Prezidentin imzaladığı sərəncam və fərmanlar erməni vandallarının işğal zamanı xaraba qoyduqları yaşayış məntəqələrinin bərpası, sosial-iqtisadi dirçəlişi baxımından mühüm önəm daşıyır. Aparılan sistemli quruculuq işlərinin məntiqi nəticəsidir ki, artıq Qarabağa "Böyük Qayıdış"a da start verilib. 19 iyul 2022-ci il tarixində Zəngilanın Ağalı kəndinə 201 ailə köçürülüb.

Prezident İlham Əliyev ölkəmizin reallaşdırdığı nəqliyyat layihələri ilə əlaqədar inşa edilən infrastrukturun - Zəngilən və Laçın hava limanlarının, Zəngəzur dəhlizinin tərkib hissəsi olan dəmir və avtomobil yollarının tikintisinə özü şəxsən nəzarət edir.

Bundan başqa, ölkə başçısı İlham Əliyevin xüsusi nəzarəti altında işğaldan azad olunmuş ərazilər sistemli şəkildən minalardan təmizlənir.

Ümumilikdə müharibənin dünya ölkələrinə fəlakətlər, iqtisadi tənəzzüllər və səfalət gətirdiyi ötən yüzilliklərin acı təcrübəsindən məlumdur. Azərbaycan xalqı da müstəqillik əldə etdikdən sonra iki amansız müharibədən keçib. Birinci Qarabağ Müharibəsi Azərbaycan xalqı və dövlətçiliyi üçün böyük fəlakətlər gətirdi. Torpaqlarımız işğal altına düşməklə yanaşı, ölkənin iqtisadi vəziyyəti daha da ağırlaşdı və siyasi böhran dərinləşdi. İkinci Qarabağ Müharibəsindən sonra isə Azərbaycanda tam fərqli mənzərə hökm sürür. Ölkəmizdə həm siyasi, həm hərbi, həm də iqtisadi stabillik təmin olunur. Müşahidələr göstərir ki, müharibə Azərbaycanın iqtisadi vəziyyətinə ciddi təsir göstərməyib. Əlbəttə ki, bunun əsas səbəbi Prezident İlham Əliyevin həyata keçirdiyi dəqiq iqtisadi strategiyadır. Azərbaycanın iqtisadi və siyasi təlatümlərə cavab verən iqtisadiyyatı, maliyyə sistemi Qarabağın minalardan təmizlənməsi və bərpası üçün lazım olan vəsaitin tez bir zamanda əldə olunmasına da imkan verir.

Eyni zamanda, Prezident İlham Əliyevin xüsusi səyləri ilə işğaldan azad olunmuş ərazilərimizin bərpasına xarici sərmayələrin qoyulmasına imkan yaradılıb. Bu isə yeni maliyyə mənbələri deməkdir. Bütün bu işlər isə heç şübhəsiz ki, Prezident İlham Əliyevin tətbiq etdiyi dayanıqlı iqtisadi modelə söykənir. Təbii ki, ötən dövr ərzində dayanıqlı iqtisadi model qurulmasaydı, Qarabağın inşası üçün belə münbit maliyyət mühiti yaranmayacaqdı.

Sürətli quruculuq işləri deməyə əsas verir ki, nəyinki Şuşa şəhəri, bütün Qarabağ qısa müddət ərzində dünyanın, təbii gözəlliyi ilə yanaşı, böyük turizm potensialına malik regionuna çevriləcək.

Görünən odur ki, Prezident İlham Əliyev Qarabağın yenidən inşasına xüsusi diqqət göstərir və bərpanın tez bir zamanda başa çatması üçün yorulmadan çalışır, dünyanın nüfuzlu şirkətlərinin bölgənin bərpasına cəlb edilməsi ilə bağlı mühüm addımlar atır. Sürətli yenidənqurma onun göstəricisidir ki, evin, torpağın sahibləri geri dönüb.

Ümumilikdə Prezident İlham Əliyevin Qarabağın işğal altında saxlanıldığı, Vətən Müharibəsi və müharibədən sonrakı dövrdə bölgənin bərpası, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində yürütdüyü həm daxili, həm də xarici siyasətə nəzər salsaq görərik ki, bu mövzuda hər bir addım incəliklə, zərgər dəqiqliyi ilə düşünülür, verilən bütün vədlər yerinə yetirilir. Bir sözlə, Qarabağın azadlığı, onun bərpası və uğrunda şəhid olanların xatirələrinin əbədiləşdirilməsi üçün atılan bütün addımların xüsusi anlamı var.

Vətən Müharibəsi zamanı ilk şəhidləri verdiyimiz yerdə xatirə abidəsinin ucaldılması xüsusilə anlamlıdır və Qarabağ uğrunda canını qurban verən Azərbaycan oğlullarına Prezident İlham Əliyevin və xalqımızın böyük ehtiramının göstəricisidir. Ölkə başçısı İlham Əliyev Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önündə çıxışı zamanı şəhidləri yad edib və bildirib ki, Qaraxanbəyli kəndi və digər beş kənd İkinci Qarabağ müharibəsinin ilk günündə azad edilib.
Prezident İlham Əliyevin çıxışından sitat: “Şəhidlərimizin şərəfinə bu abidə - bu qaya parçası burada, Qaraxanbəyli kəndinin yaxınlığında ucaldılıb. Qaraxanbəyli kəndi və digər beş kənd İkinci Qarabağ müharibəsinin ilk günündə azad edilmişdir. Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı - Füzuli rayonunun kəndləri və Cəbrayıl rayonunun kəndləri - Böyük Mərcanlı və Nüzgar kəndi müharibənin ilk günündə azad edilmişdir. İlk şəhidləri biz məhz burada, bu yerdə vermişik”.

Prezident çıxışı zamanı abidənin önündə onun ucaldığı yer və Azərbaycan hərbçilərinin qəhrəmanlığı barədə danışıb.

Prezident İlham Əliyevdən sitat: “Bu istiqamətdə beş-altı müdafiə xətti mövcud idi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bu müdafiə xəttini və bundan sonrakı müdafiə xətlərini yarmaq üçün ölümə gedirdi. Sözün əsl mənasında ölümə gedirdi, öz canını fəda edirdi ki, üçrəngli Bayrağımız Şuşada və o vaxt işğal altında olan digər bütün torpaqlarda dalğalansın. Öz canını fəda edirdi ki, Azərbaycan xalqı ləyaqətini bərpa etsin, ədaləti bərpa etsin və xalqımız öz torpaqlarına qayıtsın”.

Abidənin ətrafındakı dağıdılmış səngərlərinin özü Ermənistana və onun havadarlarına mesaj verir ki, Azərbaycan əsgəri müharibənin ilk günündən uzun illər milyardlarla vəsait xərcləyib qurduğunuz istehkam sistemlərini, beş-altı müdafiə xəttini qanı bahasına dağıdıb, işğal altında olan torpaqları azad edib.

Ölkə başçısı Qaraxanbəyli kəndində etdiyi çıxış zamanı bildirib ki, bir daha düşmənin başını qaldırmasına imkan verilməyəcək.

Prezident İlham Əliyevin çıxışından sitat: “Qoymayacağıq ki, bir daha düşmən başını qaldırsın, qoymayacağıq ki, bir daha bizim üçün təhdid yaratsın. Əgər bunu görsək, dərhal hərəkətə keçəcəyik. Əminəm ki, buna ehtiyac olmayacaq. Çünki ölkəmizin artan gücü, o cümlədən hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır, onun qarantıdır”.

Görünən odur ki, haqqa məğlub olan tərəf özünü yaxşı aparacağı, Qarabağda tikinti-quruculuq işlərinə təhdid törətməyəcəyi, təxribatdan əl çəkəcəyi, Cənubi Qafqazda uzunmüddətli sülhdə maraqlı olacağı və öhtəliklərini yerinə yetirəcəyi təqdirdə rahat yaşaya biləcək.

Xəbər lenti

Xəbər lenti