Bakı. Trend:
Bu gün Türk dünyası yeni potensial əldə edir, həm Azərbaycan, həm Qırğızıstan türkdilli dövlətlər arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə fəal töhfə verir.
Trend xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclasında söyləyib.
Prezident İlham Əliyevin çıxışı
-Səmimi sözlərə görə çox sağ olun, hörmətli Sadır Nurqojoyeviç. Həm xalqlarımız arasında qardaşlıq xarakteri daşıyan əlaqələrə, həm də Qırğızıstan-Azərbaycan münasibətlərinin hazırkı vəziyyətinə verdiyiniz qiymətlə tam şərikəm. Qardaş Qırğızıstana dövlət səfərinə dəvətə görə bir daha minnətdarlığımı bildirmək istərdim. Çox şadam ki, bu səfəri həyata keçirirəm. İndiyədək mən iki dəfə qardaş Qırğızıstan torpağında olmuşam, lakin bu səfərlər beynəlxalq tədbirlərdə iştirakla bağlı olub. Amma Qırğızıstana rəsmi dövlət səfərim ilk dəfədir və o, demək olar Sizin rəsmi səfərinizdən yarım il sonra həyata keçir ki, bu da münasibətlərimizi fəallaşdırmaq əzmində olduğumuzu nümayiş etdirir.
Həmçinin bizim xalqlarımızı birləşdirən və dövlətlərarası münasibətlər üçün möhkəm təməl rolunu oynayan ortaq tarixi köklərimizi, mədəni köklərimizi qeyd etmək istəyirəm. Bu gün mən Xatirə Memorialını, Qırğız xalqının dahi oğlu Çingiz Aytmatovun məzarını da ziyarət etdim. Bakıda onunla görüşmək mənə nəsib olub və bu görüşləri səmimiyyətlə xatırlayıram. O, həqiqətən təkcə Qırğız xalqının deyil, bütün Türk dünyasının fəxridir.
Bu gün Türk dünyası yeni potensial əldə edir, həm Azərbaycan, həm də Qırğızıstan türkdilli dövlətlər arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə fəal töhfə verir. Gələn ay keçiriləcək Zirvə Görüşü, fikrimcə, bizim həmrəyliyimizin möhkəmlənməsi işində daha bir addım olacaq. Biz daim müstəqillik və milli ləyaqət yolu ilə getməkdən ötrü öz köklərimizə yaxın olmalı, öz ənənələrimizə, əcdadlarımızın vəsiyyətlərinə söykənməli və xalqlarımızın nadir mədəniyyətini qoruyub saxlamalıyıq.
Artıq yarım ildir ki, Azərbaycan və Qırğızıstan rəsmi şəkildə strateji tərəfdaşlardır. Müvafiq Bəyannamə Sizin səfəriniz zamanı Bakıda imzalanıb və biz bu gün artıq məhdud tərkibdə görüşdə bu Bəyannamənin necə uğurla həyata keçməsi barədə fikir mübadiləsi apardıq. Biz onu daha konkret məzmunla zənginləşdirəcəyik. Düşünürəm ki, Birgə İnvestisiya Fondunun yaradılması barədə qərar belə amillərdən biridir.
Biz artıq o barədə danışmışıq, fondun fəaliyyəti, onun kapital qoyuluşunun istiqamətləri üzrə konkret təkliflər gözləyirik ki, vaxt itirmədən əmtəə dövriyyəsinin yaxşılaşdırılmasına daha tez töhfə verək. Mən Sizin rəyinizlə razıyam, səfər ərəfəsində ikitərəfli münasibətlərin materialları ilə tanış oldum və əlbəttə, gördüm ki, ölkələrimiz arasında əmtəə dövriyyəsi demək olar rəmzidir, lakin yaxşı imkanlar mövcuddur. Qırğızıstanda həyata keçirilən islahatlar əminəm ki, sürətli iqtisadi artıma, biznes və xarici investorlar üçün yeni imkanların yaradılmasına kömək olacaq.
Azərbaycana gəlincə, biz artıq uzun illərdir ki, dost ölkələr üçün investoruq və bizim investisiyalar vəsait qoyduğumuz ölkələrlə əməkdaşlığın möhkəmləndirilməsi işinə həmişə xidmət edib və xidmət edir, bizim qarşılıqlı maraqlarımıza xidmət edir - onlar iş yerləri, biznesin inkişafı üçün yeni imkanlar yaradır. Beləliklə, düşünürəm ki, birgə fondun yaradılması mənim səfərimin ən mühüm nəticələrindən biridir.
Əlbəttə ki, biz ilk dəfə olaraq Dövlətlərarası Şuranın iclasını keçiririk. Biz, əslində, münasibətlərimizi Dövlətlərarası Şuranın hamiliyi altında strukturlaşdırırıq ki, qərarların qəbul edilməsinə, o cümlədən ticari-iqtisadi fəaliyyət çərçivəsində nəzarət üçün daha çox imkanlara və daha çox dinamizmə malik olaq. Artıq qeyd etdiyimiz kimi, bizim hökumətlərarası komissiyanın iclası nisbətən bu yaxınlarda Bakıda təşkil olunub və gələn il Bişkekdə keçiriləcək. Dövlətlərarası Şura, hökumətlərarası komissiya – bunlar o mexanizmlərdir ki, bizə həmişə, necə deyərlər, əlimizi nəbzimizdə tutmaq və qeyd etdiyimiz hədəflərə nail olmaq üçün nə etmək lazım olduğunu görmək imkanı verəcək.
Xalqlarımız arasında münasibətlər, əslində, böyük tarixə malikdir və Siz öz çıxışınızda humanitar sahədə əməkdaşlığı qeyd etdiniz. Biz Azərbaycan dövlətinin banisi Heydər Əliyevin xatirəsinə yüksək etimada görə minnətdarıq. Bişkekin böyük məktəblərindən birinə onun adı verilib. Eləcə də Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin adı başqa məktəbə verilib. Biz bunu xalqımıza hörmət əlaməti kimi dəyərləndiririk və buna yüksək qiymət veririk.
Mən Qırğızıstan-Azərbaycan Dostluq Parkının istirahət məkanı və Qırğızıstan paytaxtının inkişaf edən simasını bəzəyən yeni layihələrdən biri olacağı barədə fikrinizlə şərikəm.
Dəvətə, qonaqpərvərliyə görə bir daha təşəkkür edirəm. Qardaş Qırğız xalqına Azərbaycan xalqı adından dərin hörmətimi ifadə edirəm. Sağ olun.