Bakı. Trend:
Ombudsman Bərdə rayonunda Ermənistanın ölkəmizə qarşı törətdiyi sülh və insanlıq əleyhinə çoxsaylı cinayətlərin törədilməsində təqsirkar olan şəxslərin ədalət mühakiməsinə cəlb edilərək cəzalandırılması ilə bağlı dünya ictimaiyyətinə çağırış edib.
Trend-in məlumatına görə, çağırışda deyilir:
"Bu gün Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycanın mülki əhalinin sıx məskunlaşdığı Bərdə rayonunu qadağan olunmuş silahlardan istifadə etməklə atəşə tutmasından 2 il ötür. Döyüş əməliyyatlarının aparıldığı ərazidən uzaq məsafədə yerləşən Bərdə rayonuna 2020-ci ilin 27-28 oktyabr tarixlərində edilmiş raket hücumları nəticəsində 29 nəfər həlak olmuş, 112 nəfər yaralanmış, rayonda yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir.
Bununla əlaqədar mülki əhali arasında baş vermiş çoxsaylı
tələfat, yaralanma və infrastruktur obyektlərinin dağıntılara məruz
qalması faktlarına dair Azərbaycan Respublikasının İnsan Hüquqları
üzrə Müvəkkili (Ombudsman) tərəfindən faktaraşdırıcı missiya həyata
keçirilmiş və müvafiq hesabat hazırlanaraq beynəlxalq təşkilatlara
təqdim edilmişdir. Lakin təəssüflər olsun ki, beynəlxalq humanitar
hüquq normalarının tələblərini kobud şəkildə pozmaqla çoxsaylı
müharibə cinayətləri törətmiş Ermənistanın hərbi-siyasi rəhbərliyi
hələ də beynəlxalq hüquqi məsuliyyətə cəlb edilməmişdir.
Bir daha dünya ictimaiyyətinə müraciət edərək Ermənistanın ölkəmizə
qarşı törətdiyi sülh və insanlıq əleyhinə çoxsaylı cinayətlərin
törədilməsində təqsirkar olan şəxslərin ədalət mühakiməsinə cəlb
edilərək cəzalandırılmasına dəstək verməyə çağırırıq".