Bakı. Trend:
Milli Məclisin bu gün keçirilən plenar iclasında İranın Azərbaycana qarşı qərəzli mövqeyi pislənib.
Trend-in məlumatına görə, iclasda çıxış edən deputat Ziyafət Əsgərov bildirib ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəndən sonra İran bu sərhədlərdə təlimlər keçirməyə başlayıb.
“Halbuki İranın işğal dövründə öz sərhədlərini qorumağa ehtiyac var idi. Əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən Azərbaycan torpaqlarının işğalına İranın etiraz etməməsinin səbəbi bəllidir. İran-Ermənistan dostluğu və qardaşlığı haqqında bəyanatlar verilməsi kimi məsələlər bizim diqqətimizdən qaçmır”, - deyə Z.Əsgərov bildirib.
Deputat bildirib ki, İran əsgərlərinin Araz çayını keçməsi, təlimlərdə daha çox hücum təyinatlı silahlardan istifadə edilməsi bu fəaliyyətin heç də İran rəsmilərinin açıqladığı kimi sıradan təlim planına aid olmadığını göstərib.
Deputat Hikmət Babaoğlu isə çıxışında qeyd edib ki, Tarixi Zəfərdən sonra yaşanılan qürur dolu iki il bir daha göstərdi ki, Azərbaycan necə böyük çətinliklərə, necə böyük güclərə qarşı savaşaraq möhtəşəm bir qələbə əldə edib. “Azərbaycan xalqının yenidən qalib xalq olaraq milad etməsi kimi səciyyələndirdiyimiz bu tarixi hadisə millətimizin qarşısında yeni üfüqlər açaraq yeni çağırışlar və vəzifələr müəyyənləşdirib. Bu milli vəzifələr və çağırışlar, Prezident İlham Əliyevin dediyi kimi hər şeydən öncə Azərbaycanın hüdudlarından kənarda yaşayan onmilyonlarla azərbaycanlının təhlükəsizliyi, hüquqları, identikliyinin təmin olunması ilə əlaqədardır. Qarşımızda duran vəzifələrin sosial-siyasi düsturu da elə bu fikirdə mövcuddur. Heç kəsə sirr deyil ki, bu gün İranda on milyonlarla azərbaycanlı yaşayır. 100 ildən çoxdur ki, onların ana dillərində təhsil almaq hüquqları da daxil olmaqla bütün hüquq və azadlıqları məhdudlaşdırılıb. 1979-cu ildən sonra isə İran rejimi soydaşlarımızın mədəni hüquqlarına da təcavüz edərək onların identikliyini milli dəyərlər üzərindən deyil, məhzəb dəyərləri üzərindən təyin etməyə çalışıb. Beləliklə, İranda yaşayan 10 milyonlarla soydaşımızın milli varlığı şübhə və təhdid altına alınıb. 1945-ci ildə xalqımızın Təbrizdə yaratdığı milli hökumət və onun elan etdiyi hüquq və azadlıqlar boğulub. Azərbaycanlılar təqiblərə, təhdidlərə, işgəncələrə məruz qalıblar. İran Konstitusiyasının 152-ci maddəsində deyilir ki, İranda rəsmi dil və xətt farscadır. Ancaq digər dillərdə də təhsil almaq qadağan edilmir. Əgər belədirsə, nəyə görə bu gün azərbaycanlılar öz ana dillərində təhsil ala bilmirlər? Əgər İran konstitusiyası bütün vətəndaşlara eyni şəkildə tətbiq edilirsə, nəyə görə İranda yaşayan bir ovuc erməniyə öz ana dilində təhsil almaq hüququ verilir, azərbaycanlılara gəldikdə isə bu konstitusyon hüquq heçə sayılır? İran isə uzun illərdir soydaşlarımıza dil üzərindən təzyiq edərək onları milli və mədəni assimilyasiyaya məruz qoyur. Milli dildə danışa bilməmək milli və tarixi təfəkkürdən qopmaq deməkdir. İran məhz soydaşlarımızın milli kimliyini əlindən almaq üçün bunları rəsmi dövlət siyasəti səviyyəsində qəsdən edir”, - deyə deputat bildirib.
O qeyd edib ki, bu qəsdin davamı isə nəticə etibarilə Ermənistana hərbi-siyasi və iqtisadi dəstəklə yekunlaşır. “Müsəlman mədəniyyətini dağıdan, islamı təhqir edən terrorçu Ermənistanla ittifaqa gətirib çıxarır. Bütün bunlara görə İran orada yaşayan soydaşlarımız və dindaşlarımıza hesab verməlidir. İranın islamı təhqir edən Ermənistanla müttəfiq olması onunla birlikdə müqəddəs dinimizi təhqir etməsi deməkdir. Ona görə də İranda yaşayan milyonlarla soydaşımız öz dinlərinə sahib çıxa bilmək üçün hər şeydən öncə öz dillərinə sahib çıxmağı bacarmalıdırlar. Əks təqdirdə İran Ermənistanla dostluq edərək dinimizi təhqir etmiş olacaq. Bu gün hər bir azərbaycanlı bunların fərqində olmalı, hamılıqla dilimiz, mədəniyyətimiz, tariximiz, ortaq vətənimiz və milli identikliyimiz uğrunda mübarizəyə qoşulmalıdır”, - deyə deputat əlavə edib.