...

Prezident İlham Əliyevin Şəki və Oğuz səfəri - Bölgələr də Bakı qədər inkişaf edir

Siyasət Materials 4 Dekabr 2022 10:06 (UTC +04:00)
Prezident İlham Əliyevin Şəki və Oğuz səfəri - Bölgələr də Bakı qədər inkişaf edir

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycanda işğaldan azad olunmuş ərazilərlə yanaşı, digər bölgələrdə də sosial-iqtisadi inkişafın təmini, iş yerlərinin yaradılması və infrastruktur layihələrinin həyata keçirilməsi üçün genişmiqyaslı layihələr icra olunur.

Dekabrın 2-də Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın Şəki və Oğuz rayonlarına səfərləri çərçivəsində bölgənin sosial-iqtisadi inkişafına töhfə verəcək zavodların və infrastruktur layihələrinin açılışı da bu qəbildəndir.

Prezidentin Şəki və Oğuz səfəri çərçivəsində açılışını etdiyi və təməlini qoyduğu iş yerləri:

- Şəki rayonunun Orta Zəyzid kəndində “Green Factory” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) quru meyvə istehsalı müəssisəsi:
Bu müəssisədə 38 nəfər daimi, 120-150 nəfər mövsümi işçi çalışır. Ümumi dəyəri 7,5 milyon manat olan müəssisənin yaradılması üçün
Sahibkarlığın İnkişafı Fondundan 2,5 milyon manat güzəştli kredit ayrılıb;

- “Şəki-Oğuz” Aqroparkı: Aqroparkın torpaq sahəsini suvarma suyu ilə təmin edən qurğular işə salınıb, qoz məhsulunun qərzəkdən təmizlənməsi, yuyulması və qurudulması zavodunun təməli qoyulub. Hazırda “Şəki-Oğuz” Aqroparkında 160 nəfər daimi və 200 nəfər mövsümi iş yerlərinə cəlb edilib. Təsərrüfat GPS qurğuları quraşdırılmış 31 traktor, 4 kombayn, müasir tipli 4 çiləyici, 55 müxtəlif qoşqu və avadanlıqlarla təmin olunub. Aqroparkın ərazisində min hektarlıq badam bağının salınması işlərinə başlanılıb. Hazırda 4 badam növü üzrə 160 hektar bağ salınıb və onun ilin sonunadək 300 hektara çatdırılması nəzərdə tutulub. Bu il ilk dəfə olaraq “AzBadam” şirkətinə 1,2 ton məhsul satılıb. Hazırda 2 zeytun növü üzrə 225 hektardan çox zeytun bağları salınıb və onun 300 hektara çatdırılması nəzərdə tutulub. “Zirə Zeytun” şirkətinə ilk olaraq 2,6 ton zeytun satılıb. Burada kiçikhəcmli zeytun yağı emalı sahəsinin yaradılması nəzərdə tutulub. 9 min hektar sahədə yüksəkkeyfiyyətli buğda istehsalı təşkil edilib, 30 min tonluq silos qurğuları tikilib və lazımi infrastruktur qurulub. Görülən aqrotexniki tədbirlər nəticəsində hektardan orta məhsuldarlıq 1,5 ton, ayrı-ayrı hallarda 4 ton təşkil edib. Təsərrüfatı yüksəkkeyfiyyətli toxumla təmin etmək üçün ildə 2 min tona yaxın toxum yetişdirilərək emal olunur.

Əvvəllər kəndli becərdiyi badamın, zeytunun, qozun və digər quru meyvələrin emalı üçün müəssisəni çətinliklə tapırdısa, bu zavodların açılışı onların işini asanlaşdıracaq. Müəssisələr təkcə tikildiyi rayonların əhalisinin deyil, həmçinin Zaqatala, Qax, Balakən və digər yaxın yerlərdə quru meyvə əkib-becərən kəndlinin məhsulunu emal etməsinə münbit şərait yaradacaq. Bu səbəbdən, bölgələrdə qurulan müəssisələr işsizliyin minimuma endirilməsi və bölgədə yaşayan əhalinin əkib-becərdiyi məhsulların yerli zavodlarda emalı baxımından çox əhəmiyyətlidir. Yəni yeni zavodlar həm kəndlinin, həm də müəssisədə işləyən işçinin güzaranını yaxşılaşdırmasına köməklik edəcək.

Bundan başqa, zavodlarda sürətli, müasir texnologiyalar əsasında və keyfiyyətli şəkildə emal olunan məhsullar xarici alıcıların, xüsusilə avropalı biznesmenlərin diqqətini çəkə bilər. Bu isə xarici ticarət dövrüyyəmizin artımına, məhsullarımızın dünya brendinə çevrilməsinə müsbət təsir edəcək.

Prezident İlham Əliyevin Şəki və Oğuza səfəri çərçivəsində açılışını etdiyi infrastruktur layihələri:

- Şəki Şəhər İcra Hakimiyyətinin yeni inzibati binası: İcra hakimiyyətinin yeni binası zirzəmi qatından və 4 mərtəbədən ibarətdir. Ümumi sahəsi 6080 kvadratmetr olan binada 56 yerlik konfrans zalı, 164 nəfərlik akt zalı və 70 nəfərlik yeməkxana yaradılıb. Həmçinin yeni binada hər cür şəraiti olan 90 iş otağı, kitabxana, muzey, sərgi və toplantı otaqları var. Zirzəmi qatında avtodayanacaq və texniki xidmət sahəsi fəaliyyət göstərir. Binanın həyətyanı sahəsində abadlıq və yaşıllaşdırma işləri görülüb;

- Yenidən qurulan Oğuz-Şəki avtomobil yolu: Uzunluğu 47,2 kilometr olan yolun 7,5 kilometri 1-ci texniki dərəcəyə, 26,1 kilometri 2-ci texniki dərəcəyə, 13,6 kilometri isə 3-cü texniki dərəcəyə uyğun yenidən qurulub;

- Daşağıl çayı üzərində “Oğuz-1”, “Oğuz-2”, “Oğuz-3” kiçik su elektrik stansiyaları silsiləsi: Daşağıl çayı üzərində 5 kilometr məsafədə kaskad üsulla 3 yerdə ümumi gücü 3,6 meqavat olan kiçik su elektrik stansiyasından ibarət hidroqovşaq yaradılıb, bu stansiyalarda ümumilikdə 8 hidroaqreqat quraşdırılıb;

- Heydər Əliyev Fondunun təşəbbüsü ilə Oğuz şəhərində inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçası: Ərazisi 0,4 hektar, ümumi sahəsi 3013 kvadratmetr olan bağçada 32 otaq vardır. Binada 5 qrup otağı, həkim bölməsi, musiqi zalı, yeməkxana, mətbəx, gimnastika, kompüter, metodist və yardımçı otaqlar yaradılıb.

Təbii ki, dövlət strukturları üçün müasir standartlara cavab verən yeni inzibati binaların tikilməsi vətəndaşlara xidmətin yüksəldilməsinə, yenidən qurulan avtomobil yolları isə rayonlararası əlaqənin rahatlaşmasına xidmət edir. Bundan başqa, “Oğuz-1”, “Oğuz-2”, “Oğuz-3” kiçik su elektrik stansiyalarının fəaliyyətə başlaması həm yeni iş yerlərinin açılışı, həm də bölgənin dayanıqlı elektrik enerjisi ilə təminatı baxımından mühüm əhəmiyyətə malikdir.

Ölkə başçısının Oğuz və Şəki rayonlarına səfəri çərçivəsində turizmin inkişafına və bölgənin tarixi abidələrinə ayırdığı diqqət:

- Şəkiyə səfər çərçivəsində dövlət başçısı və birinci xanım Heydər Əliyev Fondu tərəfindən Şəki Xan məscidi kompleksində aparılmış bərpa işləri ilə tanış olublar;

- Prezident və xanımı Şəkinin “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisində aparılan təmir-bərpa işləri ilə tanış olublar.

Ali rəhbərlik səviyyəsində regionlardakı tarixi ənənələrə və memarlıq abidələrinə göstərilən diqqət isə bölgənin tarixi quruluşunun qorunub saxılmasına, həmçinin turizmin inkişafına böyük töhfə verəcək.

Göründüyü kimi, Azərbaycan Prezidenti böyük şəhərlərlə, işğaldan azad olunmuş ərazilərlə yanaşı, digər regionların da inkişafına xüsusi diqqət ayırır. Həm Qarabağda, həm də digər bölgələrdə layihələr planlı şəkildə icra olunur. Görülən bütün işlərin mərkəzində isə Azərbaycan vətəndaşının rifahı, həyat şəraitinin yaxşılaşdırılması dayanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti