...

Həbs olunan Eva Kailinin erməni sevgisinin kökləri (ARAŞDIRMA)

Siyasət Materials 10 Dekabr 2022 20:36 (UTC +04:00)
Elvin Səxavətoğlu
Elvin Səxavətoğlu
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Parlamentinin sədr müavini Eva Kailinin Belçikanın paytaxtı Brüsseldə korrupsiya işi ilə əlaqədar saxlanılması ətrafında qalmaqal böyüyür.

Belçika Federal Prokurorluğunun saxladığı 4 nəfər arasında Avropa Parlamentinin sabiq deputatı və Avropa Həmkarlar Konfederasiyasının rəhbəri də var. Məlumata görə, Brüsseldə 16 ünvanda reyd keçirən polis 600 min avro nağd pul aşkarlayıb. Ölkənin federal prokuroru reyddən sonra bir neçə nəfərin həbs olunduğunu da açıqlayıb.

Rəsmi xəbərdə əməliyyatın korrupsiya və çirkli pulların yuyulması ilə bağlı aparılan istintaq işi çərçivəsində həyata keçirildiyi qeyd olunub.

Həbs olunan yüksək vəzifəli məmur Eva Kaili kimdir?

1978-ci ildə Yunanıstanın Saloniki şəhərində anadan olan Kaili ölkənin Panhelenik Sosialist Hərəkatı partiyasının üzvüdür. Həbs olunduqdan sonra onun partiyadan xaric edildiyi bildirilir.

Yunan əsilli siyasətçi 2014-cü ildən Avropa Parlamentinin deputatıdır.

Eva Kailinin Azərbaycana münasibəti necə olub?

Kaili fəaliyyəti dövründə anti-Azərbaycan mövqeyi ilə gündəmə gəlib. O, Vətən Müharibəsi dövründə Avropa İttifaqı Komissiyasına Azərbaycan pasportu olan şəxslərə viza məhdudiyyətinin tətbiq olunması ilə bağlı sorğu göndərmişdi.

Bu faktlar Eva Kailinin ermənilərlə də çirkli əlaqələrinin ola biləcəyinə işarədir. Kim təminat verə bilər ki, həbs olunan Avropa rəsmisi rüşvət qarşılığında səlahiyyətlərindən ermənilərin xeyirinə istifadə etməyib?

Yəqin ki, istintaqın gedişində Eva Kailinin erməni lobbisi ilə korrupsiya əlaqələrinin ifşasına dair xəbərlərə rast gələcəyik.

Ümumilikdə Avropanın nüfuzlu təşkilatının adının korrupsiya qalmaqalında hallanması adi hadisə deyil. Çünki başda “köhnə qitə”nin aparıcı təşkilatlarından olan Avropa Parlamenti olmaqla, ATƏT, Avropa Şurası və digər təsisatlar vaxtaşırı olaraq, dünyanın bir çox yerində hüquq pozuntuları, rüşvət faktları, qanunsuzluqlarla bağlı hesabatlar hazırlamaqla, araşdırmalar aparmaqla məşğuldurlar. Adıçəkilən təşkilatlar elə təəssürat yaradırlar ki, sanki onlar idealdırlar, şəffaf fəaliyyət göstərirlər. Bu səbəbdən, dünya dövlətlərinə korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə dərs keçmək hüququna malikdirlər. Amma ermənipərəst mövqeyi ilə seçilən Eva Kailinin korrupsiya qalmaqalı və digər bu kimi faktlar göstərir ki, nə Avropa təşkilatlarının rəhbərləri və deputatları, nə də “köhnə qitə”nin aparıcı ölkələrin keçmiş və indiki liderləri süddən çıxmış ağ qaşıq deyillər. Bu siyahıya ABŞ və Fransa rəsmilərini də aid edə bilərik. Çünki dünya mediasında ABŞ və Fransa rəsmilərinin də adı böyük korrupsiya qalmaqallarında hallanır.

Bu məqamda Avropa və ABŞ rəsmilərinin korrupsiya qalmaqallarının bir hissəsinə nəzər salaq:

- 2007-2012-ci illər arasında Fransa prezidenti olan Nikola Sarkoziyə 2018-ci ildə qanunsuz maliyyələşdirmə və korrupsiya ittihamları irəli sürülmüşdü. Müstəntiqlər Sarkozini seçki kampaniyası zamanı Müəmmar Qəzzafi rejimindən gizlicə 50 milyon avro dəstək almaqda ittiham edirdi;

- 2017-ci ildə Fransanın daxili işlər naziri Brüno Le Runun adı korrupsiya işində hallandığı üçün vəzifəsindən getməyə məcbur olmuşdu. Nazir ölkənin aparıcı telekanallarından biri sayılan TF-1-in əsas xəbər buraxılışında öz qızlarının adına saxta maaş yazdıraraq qeyri-qanuni gəlir əldə etməkdə ittiham olunurdu;

- 2017-ci ildə Fransada keçirilən seçkidə sağçıların əsas nazmizədi sayılan Fransua Fiyon korrupsiyada ittiham olunmuşdu. Həmin dövrdə Fransanın “Le canard enchaine” qəzeti iddia edirdi ki, Fiyon 2015-ci ildə Peterburq İqtisadi Forumunda iştirak edərkən Livan milyarderi Fuad Mahzumi ilə Rusiya prezidenti Vladimir Putin arasında görüşü təşkil etməkdə vasitəçi rolunu oynayıb. O bu vasitəçiliyinə görə 50 min dollar məbləğində pul alıb.

- İtaliyanın sabiq baş naziri Silvio Berluskoni 2015-ci ildə rüşvət vermək ittihamı ilə 3 il həbs cəzasına məhkum olunmuşdu. Napoli məhkəməsi Berluskoninin 2006-2008 illərdə Mərkəzi Sol Partiyanın sədri Romano Prodini dəstəkləyən bir senatora fikrini dəyişib onun partiyasını dəstəkləməsi üçün 3 milyon avro rüşvət verdiyini aşkarlamışdı;

- 2015-ci ildə ABŞ-ın Virciniya ştatının keçmiş qubernatoru Robert Makdonnell korrupsiyada təqsirli bilinərək iki il müddətinə azadlıqdan məhrum edilmişdi. Makdonnellə və həyat yoldaşına iş adamından dəyərli hədiyyələr və iri məbləğli istiqrazlar almaqla bağlı ittiham irəli sürülmüşdü;

- Hazırda ABŞ-ın Nyu-Cersi ştatından olan ermənipərəst senator Robert Menendesin barəsində federal cinayət təhqiqatı aparılır. Xatırladaq ki, federal prokurorluq hələ 2015-ci ildə Menendesin işini təhqiq edib. O vaxt Menendesə rüşvətxorluq barədə ittiham təqdim edilib, lakin o, cəzalandırılmayıb. Qeyd edək ki, Menendesin erməni və yunan lobbi təşkilatları ilə sıx əlaqələri mövcuddur. Robert Menendes Nadina Arslanyan ad-soyadlı etnik erməni qadınla evlidir. Bu səbəbdən, daim ermənipərəst mövqeyi ilə gündəmə gəlir.

Göründüyü kimi, Eva Kailinin korrupsiya qalmaqalı Avropa və ABŞ-la bağlı ilk nümunə deyil.

Bu səbəbdən, erməni lobbisinin digər avropalı və ABŞ-lı rəsmiləri də Eva Kaili kimi rüşvətlə ələ alması ehtimalı böyükdür.

Sadalanan bütün faktlar göstərir ki, Avropa təşkilatlarında korrupsiya qalmaqalları bununla bitməyəcək. Necə ki, Eva Kailin, Nikola Sarkozi, Silvio Berluskoni və digər rəsmilər korrupsiyada ittiham olunurlar, Fransa prezidenti Emmanuel Makronu,

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosini və başqalarını eyni aqibət gözləyir. Çünki hazırda Makron və həmçinin Nensi Pelosi başda olmaqla, bir çox Avropa rəsmisi erməni lobbisi tərəfindən ciddi şəkildə dəstəklənir.

Eva Kailiyə qarşı irəli sürülən ittihamlar göstərir ki, bu dəstəyin arxasında məhz korrupsiya maraqları dayanır. Ona görə ki, Makron, Pelosi və digərləri seçki və şəxsi maraqları olmasa, kasib və hərbi-siyasi təsir gücü olmayan Ermənistanı müdafiə etməzlər.

Xəbər lenti

Xəbər lenti