...

Azərbaycan xalqı tərəqqi naminə birləşib və bu, Prezident İlham Əliyevin böyük nailiyyətidir - Moldovanın keçmiş baş naziri

Siyasət Materials 25 Dekabr 2022 07:56 (UTC +04:00)
Azərbaycan xalqı tərəqqi naminə birləşib və bu, Prezident İlham Əliyevin böyük nailiyyətidir - Moldovanın keçmiş baş naziri

Bakı. Trend:

Azərbaycan xalqı tərəqqi naminə birləşib və bu, Prezident İlham Əliyevin böyük nailiyyətidir.

Bunu Trend-ə Moldovanın keçmiş baş naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Kiril Qaburiç deyib.

"Cəmiyyətin enerjisi inkişafa sərf olunanda, xalqların insanları quruculuq, tərəqqi naminə birləşdirən məqsədləri olanda yaxşıdır və bu, Prezident İlham Əliyevin böyük nailiyyətidir. Azərbaycan sosial-iqtisadi inkişafda mühüm irəliləyişlər əldə edib, inamla irəliləyir. Azərbaycanda sosial sabitlik ölkənin regional sabitliyə yatırdığı sərmayədir” - deyə K.Qaburiç bildirib.

Moldovanın keçmiş baş naziri qeyd edib ki, dünya iqtisadiyyatı ciddi etimad böhranı yaşayır və qlobal dialoqu təəssüf ki, konstruktiv adlandırmaq olmaz.

"Siyasi və hərbi münaqişələr kontekstində təhlükəsizlik mövzusu prioritet məsələdir. Təhlükəsizlik qarşılıqlı hörmət, səbir və müdrikliyə əsaslanan məsuliyyətli siyasətin nəticəsidir. Bu şəraitdə Azərbaycanın sabitliyi xüsusilə dəyərli keyfiyyətə çevrilib. Bu baxımdan, Aİ ilə Azərbaycan arasında enerji sazişinin imzalanması rasional addımdır və çox güman ki, Azərbaycanla Aİ arasında sosial-iqtisadi əməkdaşlığın yeni mərhələsinin başlanğıcıdır. Biz daha səmərəli və açıq əməkdaşlıq etməyi öyrənməliyik. Bir-birimizi dəstəkləmək və fikir ayrılıqlarımızı qəbul etmək davamlı sülhə aparan yoldur”, - deyə K.Qaburiç əlavə edib.

O, həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinə Azərbaycan Prezidentinin dəstəyini yüksək qiymətləndirib.

"Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tanınmış beynəlxalq əməkdaşlıq platformasına çevrilib və qlobal dialoqun səmərəliliyinin artırılmasına töhfə verə bilər. Biz Prezident İlham Əliyevin təşkilatın işinə verdiyi dəstəyi yüksək qiymətləndiririk. Ümid edirəm ki, qarşıdakı dövrdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal dialoqu dəstəkləmək üçün öz işini daha da gücləndirəcək və bəşəriyyətin gələcəyini təhdid edən problemlərin - iqlim dəyişikliyi, qlobal istiləşmə, havanın, suyun və torpağın çirklənməsi və qida böhranının prioritetləşdirilməsinə kömək edəcək. Bizi birləşdirməli olan böyük problemlərlə üzləşirik və bizim Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bu prosesə əsas töhfə verə bilər”, - deyə K.Qaburiç bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti