Bakı. Trend:
BMT Təhlükəsizlik Şurasında yeni üzvlər olmalıdır. Mən hesab edirəm ki, mütləq bir daimi yer müsəlman ölkəsi üçün ayrılmalıdır və bunu İslam Əməkdaşlıq Təşkilatı özü müəyyən etməlidir, o, seçim etməlidir, ikiillik, ya üçillik rotasiya prinsipi əsasında. Bir yer də Qoşulmama Hərəkatına verilməlidir və orada sədrlik edən ölkə, - indi mən Azərbaycanı demirəm, bizim sədrliyimiz bu il başa çatır, - yəni, sədrlik edən ölkə, o daimi yerdə olmalıdır, əgər veto hüququ qalacaqsa, onda o yeni iki üzvə də veto hüququ verilməlidir.
Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsi zamanı Praqa görüşü barədə sualı cavablandırarkən deyib.
Dövlət başçısı bildirib:
"BMT-yə gəldikdə isə BMT-yə bizim münasibətimiz indi bəllidir. Təhlükəsizlik Şurasının dörd məşhur qətnaməsinin icra edilməməsi bu təşkilatın nüfuzuna, əlbəttə ki, əgər belə yumşaq demək mümkündürsə əlavə dəyər qatmadı. Amma indiki şəraitdə artıq təkcə biz yox, bir çox ölkələr deyirlər və israrla deyirlər ki, ciddi islahatlara ehtiyac var, xüsusilə Təhlükəsizlik Şurasının tərkibinə yenidən baxılmalıdır. Mən də bu fikrin tərəfdarıyam. Mən hesab edirəm ki, Təhlükəsizlik Şurasının formatı artıq köhnəlib və bunu tarix göstərir, 80 il bundan əvvəl yaranıb, İkinci Dünya müharibəsindən sonra. İndi faktiki olaraq Üçüncü Dünya müharibəsi gedir, kim bunu necə adlandırır adlandırsın. Bu münaqişəyə qoşulan ölkələrin sayına baxsaq, görərik ki, bu, faktiki olaraq Üçüncü Dünya müharibəsidir, amma yeni üsulla aparılır, Birinci Dünya müharibəsindən də, İkinci Dünya müharibəsindən də fərqlənir. İndi üstündən 80 il keçib. Ona görə əlbəttə ki, Təhlükəsizlik Şurasında yeni üzvlər olmalıdır. Mən hesab edirəm ki, mütləq bir daimi yer müsəlman ölkəsi üçün ayrılmalıdır və bunu İslam Əməkdaşlıq Təşkilatı özü müəyyən etməlidir, o, seçim etməlidir, ikiillik, ya üçillik rotasiya prinsipi əsasında. Bir yer də Qoşulmama Hərəkatına verilməlidir və orada sədrlik edən ölkə, - indi mən Azərbaycanı demirəm, bizim sədrliyimiz bu il başa çatır, - yəni, sədrlik edən ölkə, o daimi yerdə olmalıdır, əgər veto hüququ qalacaqsa, onda o yeni iki üzvə də veto hüququ verilməlidir. Çünki Qoşulmama Hərəkatında cəmləşən ölkələrin sayı 120-dir. Dünya qütbləşib və qarşıdurma dərinləşir. Qərblə Rusiya arasında uçurum dərinləşəcək, mən belə görürəm. Müharibənin nəticələri əlbəttə ki, buna təsir edəcək, müharibə başa çatandan sonra. Amma bu qarşıdurma və inamsızlıq uzun sürən bir prosesdir. Bu boşluq təbii ki, bu vakuum ola bilməz. Kim ola bilər burada güc mərkəzi? Mən hesab edirəm, Qoşulmama Hərəkatının və İslam Əməkdaşlıq Təşkilatının bir üzvü.
Biz Qoşulmama Hərəkatının institusionallaşdırılması ilə bağlı çox işlər apardıq - parlament platforması, Gənclər Şəbəkəsi yaradıldı. Bizim fəallığımız məhz buna hesablanıb, çünki bu təsisatın potensialı var, sadəcə olaraq, liderlik lazım idi. Hesab edirəm ki, Azərbaycanın timsalında bütün ölkələr bu liderliyi gördü və bizim qoyduğumuz siyasət artıq bizdən sonra da davam etdirilməlidir. Yəni, biz imkan verməməliyik Qoşulmama Hərəkatı yenə də əvvəlki səviyyəyə düşsün ki, heç bir yerdə adı da, sayanı da yox idi, açıq danışmalıyıq.
Əlbəttə ki, ölkəmizin yerini düzgün seçməliyik, qarşıya qeyri-real xülyalarla dolu hansısa bir hədəf qoymamalıyıq. Bizim real maraqlarımız təmin edilməlidir. Maraqları təmin etmək üçün bizdə imkanlar var, həm siyasi, həm iqtisadi, həm hərbi, həm diplomatik, istənilən imkanlar var. Biz öz gücümüzdən çox ehtiyatla istifadə edirik. Uzun məsafəyə qaçan atletlər adətən öz qaçış tempini elə nizamlayırlar ki, nəticədə birinci olsunlar, biz də elə ona bənzəyən bir stayerik, amma lazım olanda sprinti də işə salırıq".