...

Azərbaycanın enerji sektorundakı “yaşıl dövr” hədəfləri - ŞƏRH

Siyasət Materials 17 Yanvar 2023 20:58 (UTC +04:00)
Elvin Səxavətoğlu
Elvin Səxavətoğlu
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında keçirilən Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışında çıxışı zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı roldan və ölkəmizin bərpaolunan enerji sektorundakı potensialından danışıb.

Ölkə başçısı bildirib ki, cəmi iki il əvvəl Azərbaycan Cənub Qaz Dəhlizi meqaenerji layihəsini öz tərəfdaşları ilə başa çatdırıb, Azərbaycandan Cənubi Avropaya gedən inteqrasiya edilmiş boru kəmərləri sistemini qurub.

Sitat: “Həmin boru kəmərinin uzunluğu 3500 kilometrdən çoxdur. Təbii qaz ixracımız artır - ötən il 19 milyard kubmetr idisə, bu il 24 milyard kubmetrə çatacaq. Bu rəqəm artmaqda davam edəcək. Buna görə mən bir daha söyləmək istərdim ki, Azərbaycanın bərpaolunan enerji mərkəzlərindən birinə çevrilməsi planlarımız Azərbaycanın öz enerji təhlükəsizliyi ilə bağlı deyil. Belə ki, biz həmin işləri artıq söylədiyim başqa səbəblərə görə aparırıq”.

Prezident İlham Əliyevin Əbu-Dabidə “yaşıl enerji” ilə bağlı verdiyi mesajlar

Hazırda Avropa qitəsində yaşanan enerji böhranı fonunda Azərbaycan qazına olan təlabat ölkəmizi cəlbedici tərəfdaşa çevirir. Bu xüsusda, Prezidentin Azərbaycanın təbii qaz ixracı və “yaşıl enerji” potensialı ilə bağlı səsləndirdiyi rəqəmlər xüsusilə diqqət çəkir. Belə ki, 2022-ci ildə 19 milyard kubmetr qaz ixrac edən Azərbaycan, cari ildə bu rəqəmi 24 milyarda çatdıracaq. Bu rəqəmlər ölkəmizin qaz ixracının günü-gündən artdığının göstəricisidir.

Azərbaycan təbii qaz ixracını konkret müqavilələr üzrə həyata keçirir. Buna misal olaraq, 2022-ci ilin iyulunda 2027-ci ilə qədər Avropa qitəsinə təbii qaz nəqlinin həcminin ən azı iki dəfə artırılması barədə Anlaşma Memorandumu, oktyabrın 1-də Bolqarıstanda Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimini xüsusi qeyd etmək olar.

Dünyanın qaz və neft bazarında mövqelərini möhkəmləndirən Azərbaycan bərpaolunan enerji sektorunda da mühüm addımlar atmaqdadır.

Öllkə başçısı çıxışı zamanı Azərbaycanın bərpaolunan enerji sektorundakı potensialından danışıb.

Sitat: “Quruda 27 qiqavatlıq, 2020-ci ildə Vətən müharibəsi zamanı azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur”.

Ümumilikdə, 200 qiqavata yaxın potensialın olduğunu söyləyən dövlət başçısı qeyd edib ki, bizə kifayət qədər ixrac marşrutları lazımdır - “Təbii ki, biz bütün həmin layihələri mərhələli şəkildə icra edirik”.

Prezidentin çıxışından da aydın olur ki, Azərbaycan gələcəyin enerjisi sayılan bərpaolunan enerji sektorunda da mövqelərini möhkəmləndirməkdədir. Rəsmi Bakı Azərbaycanda istehsal olunan “yaşıl enerji”nin Avropa bazarına çıxarılması üçün ən mühüm addımı ötən il dekabrın 17-də atıb.

Qeyd edilən tarixdə Prezident İlham Əliyevin iştirakı ilə Rumıniyanın Buxarest şəhərində “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimi keçirilib.

Əsas hədəf Azərbaycandan 4 qiqavatlıq yaşıl enerjini nəql etmək imkanını yaradacaq kabeli çəkməkdir. Bu müqavilə ilə Azərbaycan ilk dəfə Avropaya elektrik enerjisi ixrac etmək imkanı qazanır.

Göründüyü kimi, Əbu-Dabi Dayanıqlılıq Həftəsi Azərbaycanın həm ənənəvi, həm də bərpaolunan enerji potensialının təqdimatı baxımından mühüm platformadır. Çünki Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu gün Azərbaycan nəinki öz enerji tələbatını təmin edir, həmçinin, xam neft, neft məhsulları, təbii qaz, neft-kimya məhsulları və elektrik enerjisi ixrac edir.

Sitat: “Biz Azərbaycanda bərpaolunan enerji mənbələrini öz enerji təhlükəsizliyimizin təmin olunması üçün inkişaf etdirmirik, enerji təhlükəsizliyimizi hələ bir neçə il əvvəl təmin etmişik. Bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir. Birincisi, bu, onunla bağlıdır ki, nəhəng potensial var. Bu gün Azərbaycan nəinki öz enerji tələbatını təmin edir, həmçinin xam neft, neft məhsulları, təbii qaz, neft-kimya məhsulları və elektrik enerjisi ixrac edir. İkincisi, onun sayəsində biz ixracımızı şaxələndirəcəyik. Əlbəttə ki, nəticədə iqtisadiyyatımızın yeni ekoloji təmiz sektoru yaranacaq”.

BƏƏ-Azərbaycan əlaqələrində yeni dövr: Siyasi və iqtisadi yaxınlaşma

Azərbaycanın ərəb dünyası, xüsusilə, rəsmi Əbu-Dabi ilə əlaqələrinin həm siyasi, həm də iqtisadi baxımdan inkişaf etdirildiyi dövrdə ölkə başçısının Əbu-Dabi Dayanıqlılıq Həftəsinə fəxri qonaq kimi dəvət olunması mühüm əhəmiyyətə malikdir.

Əlaqələrin siyasi yönümdə inkişafına misal olaraq, BƏƏ-nin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Fransanın təşəbbüsü ilə müzakirə olunan anti-Azərbaycan qətnamənin əleyhinə səs verməsini göstərmək olar. Əbu-Dabinin Azərbaycana beynəlxalq səviyyədə göstərdiyi dəstək rəsmi Bakı tərəfindən yüksək qiymətləndirilir.

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşündə BMT Təhlükəsizlik Şurasında Cənubi Qafqaz regionuna aid müzakirələrdə Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycana göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini, bunun dostluğun və qardaşlığın nümunəsi olduğunu deyib.

Rəsmi Bakı Əbu-Dabi ilə siyasi əlaqələri inkişaf etdirməklə yanaşı, iqtisadi münasibətlərə də xüsusi önəm verir. Bu önəmin nəticəsidir ki, Azərbaycanla BƏƏ arasında ticarət dövrüyyəsi 2021-ci ildə 20.3 faiz artaraq 50.4 milyon dollar, 2022-ci ilin ilk 10 ayında isə 90.4 milyon dollara çatıb.

Bundan başqa, iki ölkənin “yaşıl enerji” sektorunun inkişafına göstərdiyi diqqəti xüsusi qeyd etmək lazımdır. Məsələn, ötən ilin mart ayında BƏƏ-nın “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təməli qoyulub.

Prezident İlham Əliyev açılış mərasimində çıxışı zamanı Azərbaycanın BƏƏ ilə “yaşıl enerji” sektorundakı əməkdaşlığından danışarkən “Masdar” şirkəti ilə yanvarın 15-də imzalanmış müqaviləni xüsusi vurğulayıb.

Sitat: “Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər bizə 22 qiqavata qədər külək və günəş enerjisini istehsal etmək imkanını yaradacaq. Dünən “Masdar” və Azərbaycan Dövlət Neft Şirkəti 4 qiqavatlıq külək və günəş enerjisi stansiyalarının yaradılmasına dair razılaşma imzaladılar. Bu, hələ qısamüddətli bir layihədir. Ortamüddətli layihələr nəticəsində güclər 10 qiqavata qədər artırılacaq. Bu, tamamilə icra olunandır, bununla bağlı yol xəritəmiz var. Yalnız həmin layihə nəticəsində “Masdar” ilə apardığımız əməkdaşlıq Azərbaycanı yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevirəcəkdir".

Göründüyü kimi, Azərbaycan neft-qaz sektorunda olduğu kimi, gələcəyin enerjisi olan “yaşıl enerji”nin inkişafı üçün həyata keçirilən mühüm layihələrin əsas təşəbbüskarına çevrilib.

Təbii ki, hazırda “yaşıl enerji”yə maraq yüksək səviyyədə olmasa da, qeyd olunan sektorun gələcəkdə hakim enerji növünə çevriləcəyini indidən proqnozlaşdırmaq olar. Bu səbəbdən, Azərbaycanın indidən həm Avropa, həm də Ərəb dövlətləri ilə bu sektorda əməkdaşlıq etməsi ölkəmizi bir addım önə atır.

Bundan başqa, Azərbaycanda “yaşıl enerji” sektoruna sərmayənin qoyulması əhalinin dayanıqlı və ekoloji təmiz enerji ilə təmin olunması baxımından önəmlidir. Ölkəmizdə “yaşıl enerji” ilə bağlı dayanıqlı infrastruktur qurduqdan sonra daxildə ekoloji təmiz enerjidən böyük həcmdə istifadə məsələsi gündəmə gələ bilər. Həmçinin, Azərbaycanın “yaşıl enerji” sahəsində icrası planlaşdırılan qlobal layihələrdə pay sahibi olması, həmçinin ölkə daxilində bu sektora sərmayə yatırması iqtisadiyyatımızın şaxələndirilməsi baxımından da böyük önəmə malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti