Bakı. Trend:
Avropa Parlamentinin (AP) 18 yanvar tarixində qəbul edilmiş qətnaməsində tamamilə qərzli və əsassız anti-Azərbaycan fikirləri yer alıb və bu qətnamə Azərbaycan ictimaiyyətində haqlı narazılıq doğurub.
Bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O bildirib ki, Avropa parlamentariləri belə qənaətə gəlib ki, Azərbaycan guya Ermənistana hərbi təcavüz edib, Laçın yolu guya “blokada” olunub. Bu azmış kimi, qətnamədə artıq tarixin zibilliyində itib-batmış “Madrid prinsipləri”nə istinadlar edilib. Bu qədər böyük yalan və iftiranın qətnamədə yer alması, sadəcə, təəssüf doğurur.
"Avropa Parlamenti kimi bir qurumun belə yalan və uydurmalarla dolu qətnamə qəbul etməsi bir daha bu qurumun qeyri-ciddiliyini, qərəzliliyini və ermənilərin əlində alətə çevrildiyini göstərir. Əlbəttə ki, bu qərəzli və uydurma qətnamənin təşəbbüskarları ermənipərəst Avropa parlamentariləridir. Onlar öz şəxsi maraqları naminə beynəlxalq hüququ və qanunları ayaqlar altına atıblar”, - deyə deputat bildirib.
S.Hüseynova qeyd edib ki, Avropa Parlamenti daim Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilib, hər zaman ölkəmizə qarşı əsassız fikirlər səsləndirib.
“Bunun da bir səbəbi var. Avropa parlamentariləri rüşvət müqabilində ermənilərin əlində alətə çevriliblər. Avropa Parlamentinin üzvlərinin rüşvət girdabına batdığı artıq heç kimə sirr deyil. Avropa Parlamentində bu yaxınlarda baş verən rüşvət skandalı bu təşkilatın əsl simasını göstərdi, beynəlxalq qanunları ayaqlar altına ataraq rüşvət müqabilində qərəzli qətnamələr qəbul etdiyini ortaya qoydu. Bu korrupsiya skandalı bir daha sübut etdi ki, AP üzvləri erməni lobbisindən aldıqları pullar müqabilində Azərbaycan əleyhinə danışırlar.
Xüsusilə, korrupsiyada ittiham edilən AP üzvlərinin Ermənistana yaxın olmaları bir daha sübut edir ki, onlar erməni lobbisi tərəfindən maliyyələşdirilir. Erməni biznesmenlərin Avropa Parlamentinin binasında oturub deputatları maliyyələşdirməsi, onları pul müqabilində Azərbaycana qarşı işə cəlb etmələri haqqında təkzibedilməz məlumatlar var”, - deyə S.Hüseynova vurğulayıb.
O qeyd edib ki, əgər Avropa Parlamenti elə ədalətli təşkilatdırsa, 30 il ərzində Azərbaycan əraziləri erməni işğalı altında qalanda bir dəfə səsini çıxarardı.
“Ermənistanın ərazi bütövlüyündən danışan Avropa Parlamentinin bəs Azərbaycanın ərazi bütövlüyü niyə yadına düşmür? Ümumilikdə, beynəlxalq qanunları nəzərə alsaq, Azərbaycanla bağlı qətnamə qəbul etmək Avropa Parlamentinin səlahiyyətlərinə daxil deyil. Buna görə də bu qətnamənin qəbulu yersizdir və suveren bir dövlətin daxili işlərinə müdaxilədir. Bu qərəzli qətnamə erməni diasporunun və lobbisinin təsirinin nəticəsidir. Avropa Parlamentinin özü korrupsiyaya bulaşmış bir qurumdur. Bu qurumun üzvlərinin nə ilə məşğul olduqları hamımıza çox yaxşı məlumdur”, - deyə deputat əlavə edib.
O qeyd edib ki, Avropa Parlamenti bu cür qərəzli və əsassız qətnamələri ilə regionda sülh prosesinə zərbə vurur.
“44 günlük Vətən müharibəsində tarixi Zəfəri ilə Azərbaycan regionda yeni reallıq yaradıb və bu yeni reallıq sülhü, əməkdaşlığı və əminamanlığı tərənnüm edir. Avropa Parlamenti isə regionda müsbət proseslərin, sülhün deyil, problemlərin tərkib hissəsidir və bu cür qərəzli hərəkətləri ilə sülh prosesinə mane olur. Avropa Parlamentinin bu qətnaməsi boş bir kağız parçasıdır. Belə qətnamələr qəbul etməklə Avropa Parlamenti regionda gedən proseslərə mane ola bilməz, heç bir vəchlə Azərbaycanın iradəsinə təsir edə bilməz, ölkəmizin qanuni hədəflərinə çatmasına mane ola bilməz”, - deyə S.Hüseynova əlavə edib.