Bakı. Trend:
Azərbaycan bütün sahələr üzrə əldə olunan uğurların miqyasını artırmaqdadır. Bu məqsədlə çoxsaylı işlər görülür. Müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının inşası ilə bağlı işlərin başlanması bu qəbildən olan əlamətdar hadisədir. Fevralın 13-də bu İstilik Elektrik Stansiyasının təməlinin qoyulması ilə əlaqədar “Gülüstan” sarayında keçirilən tədbirdə Prezident İlham Əliyevin çıxışı özündə bir çox məsələləri ehtiva edirdi.
Əvvəla onu demək lazımdır ki, Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyində mühüm rol oynayır, o cümlədən, ölkə daxilində bu tələbatı təmin edir. Təməli qoyulan istilik elektrik stansiyasında şərti yanacağın sərfiyyatı aşağı olduğundan ildə milyonlarla kubmetr qaza qanaət ediləcək. Bu da öz növbəsində Avropa bazarına təqdim edilən Azərbaycan qazının həcminin artırılmasına səbəb olacaq. Bu həm iqtisadi, həm də siyasi məsələlərə görə olduqca önəmli amildir. 1976-cı ildə burada böyük elektrik stansiyasının təməli qoyulmaqla Qafqazın enerji mərkəzinə çevrilən Mingəçevir bu gün də Azərbaycan iqtisadiyyatına ciddi töhfə verməkdədir.
Daha bir stansiyanın tikilməsinin müsbət tərəfləri kifayət qədər çoxdur. Bunların hər biri yeni uğurlarla nəticələcək. Ən önəmli faktorlardan biri də yeni iş yerlərinin açılmasıdır. Məşğulluğun təmin edilməsi stansiyanın ölkəyə daha bir faydasıdır ki, bu da ölkə rəhbərliyinin həyata keçirdiyi siyasətin tərkib hissəsidir. Daxili tələbatın ödənilməsi, dolayısı ilə isə Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verilməsini təmin edən yeni stansiyanın qurulması kifayət qədər uğurlu addımdır. Stansiya ölkə iqtisadiyyatına əlavə güc verəcək. Prezident İlham Əliyevin tapşırığı ilə görülən bütün bu kimi işlər ölkəmizin həyatında xüsusi rol oynamaqdadır.
Milli Məclisin deputatı,
YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov