...

Şərq-Qərb qarşıdurması və Prezident İlham Əliyevin təklif etdiyi yeni düzən

Siyasət Materials 3 Mart 2023 00:14 (UTC +04:00)
Şərq-Qərb qarşıdurması və Prezident İlham Əliyevin təklif etdiyi yeni düzən
Elvin Səxavətoğlu
Elvin Səxavətoğlu
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyev Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə diqqətçəkən fikirlər səsləndirib. Ölkə başçısı çıxışı zamanı Azərbaycanın Qoşulmama Hərəkatının yüksəlişinə verdiyi töhfəyə, həmçinin Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının (TŞ) tərkibinin genişləndirilməsinə və Fransanın müstəmləkələrində törətdiyi cinayətlərə xüsusi diqqət çəkib.

Bakı Qoşulmama Hərəkatını qlobal gücə çevirir

Prezident Bakının Qoşulmama Hərəkatının nüfuzunun artırılmasındakı rolundan danışarkən deyib ki, Azərbaycan Hərəkatın institusional inkişafına güclü dəstək verir. Sitat: “Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin və Gənclər Təşkilatının yaradılıb. Məqsədimiz institusional davamlılıq yaratmaq və Azərbaycandan sonra sədrliyi təhvil alacaq üzvlərə uğurlu miras qoymaqdır".

COVİD-19 pandemiyası dövründə Hərəkatın Azərbaycanın təşəbbüsü ilə keçirilən toplantıları Təşkilatın qlobal proseslərə təsir imkanlarını artırıb. Məlumdur ki, Azərbaycan koronavirusla mübarizə dövründə Qoşulmama Hərəkatına üzv olan dövlətlərə xüsusi dəstək göstərib. Prezident COVİD-19-la mübarizədə ölkəmizin Hərəkata üzv olan dövlətlərə dəstəyindən danışarkən deyib ki, Azərbaycan 80-dən çox ölkəyə koronavirus pandemiyası ilə mübarizədə maliyyə dəstəyi göstərib.

Sitat: "Azərbaycan əksəriyyəti bizim Qoşulmama Hərəkatı ailəsinin üzvləri olan 80-dən çox ölkəyə koronavirusla bağlı ya ikitərəfli kanallar, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə maliyyə və humanitar yardım göstərib. Azərbaycan Hərəkatın institusional inkişafına güclü dəstək verir”.

Ölkə başçısı Qoşulmama Hərəkatının son bir neçə ildə beynəlxalq münasibətlərdə mühüm aktorlardan biri olduğunu qürurla vurğulayıb. Hərəkata üzv olan dövlətlər Azərbaycan Prezidentinin Təşkilatın yüksəlişinə verdiyi töhfədən çox məmnundurlar. Çünki QH-nın qlobal proseslərə təsir imkanlarının artması üzv dövlətlərin də nüfuzunu yüksəldir. Sammitdə iştirak edən Təşkilat rəhbərləri, dövlət və hökumət başçıları Prezident İlham Əliyeva Hərəkatın inkişafına verdiyi xüsusi dəstəyə görə təşəkkürlərini bildiriblər və Azərbaycan liderinin təşəbbüslərini dəstəklədiklərini vurğulayıblar.

Qoşulmama Hərəkatının yeni dünya nizamının qurulmasındakı rolu

Göründüyü kimi Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi dövründə tarixinin ən aktiv dövrünü yaşayır. Məlumdur ki, Hərəkatın fəallıq dövrü dünyada Şərq-Qərb qarşıdırmasının, yeni dünya nizamının qurulduğu zamana təsadüf edir. Şərq-Qərb qarşıdurmasının kəskinləşməsindən danışan Azərbaycan Prezidenti Qoşulmama Hərəkatının da qlobal proseslərdə fəal iştirak etməli olduğunu vurğulayıb.

Sitat: “Yeni dünya düzəni yenidən formalaşmaqdadır. İndi dünya "Soyuq müharibə"nin sona çatmasından bəri baş verən ən ciddi Şərq-Qərb qarşıdurmasının şahididir ki, onun fəsadları dünyanın qalan hissəsində də hiss olunur. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat kimi beynəlxalq arenada daha nəzərəçarpan və səmərəli rol oynamalı, yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməlidir”.

Əgər yeni siyasi münasibətlər sistemi forlamaşdırılırsa, hazırda qlobal idarəçilikdə yer alan və nüfuzunu itirmiş beynəlxalq təsisatların stukturları yeni düzənə uyğunlaşdırılmalıdır. Həmçinin qlobal idarəçilikdə iştirak etməyən dövlətlər və təşkilatlar prosesə daxil edilməlidir.

Prezident çıxışında bu mövzuya diqqət çəkib.

Yeni dünya nizamının formalaşdırılmasında beynəlxalq təsisatların rolundan danışan ölkə başçısı bəyan edib ki, BMT-nin Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir.

Sitat: “Dünyada uzun illərdir müzakirə olunan digər mühüm məsələ BMT sistemində aparılan islahatlardır. BMT Təhlükəsizlik Şurası keçmişi xatırladır və indiki reallığı əks etdirmir. Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir ki, orada daha çox ölkə təmsil olunsun və coğrafi baxımdan daha ədalətli olsun. Bir daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə növbəli şəkildə bu yerə sahib olmalıdır. Mən Qoşulmama Hərəkatına üzv ölkələri bu məsələ ilə bağlı məsləhətləşmələrə başlamağa və öz fikirlərini BMT-nin müvafiq komitəsinə təqdim etməyə çağırıram. Biz Təhlükəsizlik Şurasında Afrikaya da daimi yerlərin verilməsi fikrini dəstəkləyirik".

Məlumdur ki, rəsmi Bakı dəfələrlə TŞ-na üzv olan bir neçə dövlətin ədalətsiz mövqeyi ilə üzləşib. Bu səbəbdən Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsi Azərbaycan üçün məqbuldur. Həmçinin Azərbaycan Təhlükəsizlik Şurasının üzvlərinin bir çox qərarlarının artıq proseslərə təsir imkanını itirdiyinə əyani şahid olub.

Ölkə başçısı buna misal da çəkib. Prezident çıxışı zamanı deyib ki, 2020-ci ildə Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa etdi və Təhlükəsizlik Şurası qətnamələrinin icrasını özü təmin etdi.

Sitat: “Yəqin ki, bu hadisə BMT-nin əsası qoyulandan bəri dünyada ilk dəfə idi baş verirdi”.

Prezidentin BMT-nin Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsi ilə bağlı irəli sürdüyü təklif Azərbaycanla yanaşı, Qoşulmama Hərəkatına üzv olan digər dövlətlərin də maraqlarına uyğundur. Çünki zəngin enerji resurslarına və strateji mövqeyə sahib olan Qoşulmama Hərəkatı ölkələri qlobal siyasi-iqtisadi proseslərə təsir etmək gücündədir.

Həmçinin Afrika dövlətləri tarix boyu təhlükəsizlikdən ən çox əziyyət çəkən ölkələrdir. Məsələn, Təhlükəsizlik Şurasına üzv olan Fransanın Afrika dövlətlərində törətdiyi qətliyamlar, etnik təmizləmələr və müstəmləkəçilik siyasəti heç kimə sirr deyil.

Prezident çıxışı zamanı Fransanın Afrika siyasətinə xüsusi diqqət çəkib və Parisi üzr istəməyə çağırıb.

Sitat: "Qoşulmama Hərəkatı Qəmər Adaları İttifaqının Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası üzərində şəksiz suverenliyini həmişə güclü dəstəkləmişdir. Qoşulmama Hərəkatının təməl sənədlərində əks olunduğu kimi, biz Fransa hökumətini Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırırıq.Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Biz, həmçinin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq".

Azərbaycan lideri Qoşulmama Hərəkatının bəşəriyyətin bu rüsvayçı səhifəsinin tamamilə aradan qaldırılması istiqamətində səylərini birləşdirməyə səsləyib.

Sitat: “Təəssüf ki, bu gün biz neokolonializm meylinin artdığını müşahidə edirik. Tarixi müstəmləkəsizləşdirmə prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı bəşəriyyətin bu rüsvayçı səhifəsinin tamamilə aradan qaldırılması istiqamətində səylərini birləşdirməlidir”.

Göründüyü kimi Azərbaycan Prezidenti Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakı sammitində yeni dünya düzəni, həmçinin Təşkilat üçün yeni çağrışlar gündəmə gətirmiş oldu. Məlumdur ki, Azərbaycanın Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda irəli sürdüyü təklifləri daim qəbul olunub, etiramla qarşılanıb. Prezidentin Qoşulmama Hərəkatının Bakı sammitində səsləndirdiyi təklifləri dünya birliyi tərəfindən qəbul olunacağını indidən proqnozlaşdırmaq mümkündür. Bu təkliflərin qəbul olunması isə Şərq-Qərb qarşıdurmasına son qoya, dünyada uzunmüddətli sülhü təmin edə bilər.

Xəbər lenti

Xəbər lenti