...

Prezident İlham Əliyevin dünya barışına verdiyi töhfə - X Qlobal Bakı Formu

Siyasət Materials 10 Mart 2023 09:15 (UTC +04:00)
Prezident İlham Əliyevin dünya barışına verdiyi töhfə - X Qlobal Bakı Formu
Elvin Səxavətoğlu
Elvin Səxavətoğlu
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan həmişə müxtəlif mövqelərə sahib olan qüvvələrin barış üçün bir araya gəldiyi məkan kimi tanınıb. Bu ənənə günümüzdə də davam edir. Buna misal olaraq Azərbaycanın təşəbbüsü ilə təşkil olunan konfransları, forumları, müxtəlif formatlı görüşləri göstərmək mümkündür. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusuna təşkil etdiyi X Qlobal Bakı Forumu da belə tədbirlər sırasındadır.

Tədbirdə 4 Prezident, 2 Baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq Baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edir. Forumun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev əvvəlcə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin faəliyyəti barədə danışıb.

Sitat: "İştirakçıların səviyyəsi və Qlobal Bakı Forumunun intellektual səviyyəsi digər beynəlxalq konfransların səviyyəsinə uyğundur. Bu, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərinin və idarə heyətinin çox dərin və məhsuldar fəaliyyətinin nəticəsidir. Forumda 60 ölkədən 300-ə yaxın iştirakçı, o cümlədən keçmiş prezidentlər və hökumət başçıları iştirak edir”.

Forumda müzakirələrin səviyyəsinin yüksək olacağını vurğulayan dövlət başçısı qeyd edib ki, göstəriləcək yeni həllər çox dəyərli olacaq. Ölkə başçısı bildirib ki, X Qlobal Bakı Forumunda müzakirə ediləcək mövzular arasında multiletaralizm (çoxmillətli) xüsusi yer tutur.

Dünyadakı etnik münaqişələr və Azərbaycanın multiletaralizm modeli

Bu gün Azərbaycandakı fərqli dinlərin və fərqli millətlərin nümayəndələri arasında mövcud olan mehribanlığa diqqət yetirsək, multiletaralizm mövzusunun təsadüfən seçilmədiyini görərik. Prezident çıxışı zamanı bu mövzuya toxunub və bildirib ki, Azərbaycan çoxkonfessional, multietnik ölkədir.

Sitat: “Müxtəlif etnik qrupların və konfessiyaların nümayəndələri Azərbaycanda ləyaqətli və dinc şəraitdə yaşayır. Ona görə əminəm ki, Azərbaycanın Qarabağ regionunda yaşayan ermənilərin həyatı işğal dövründən fərqli olaraq, bundan sonrakı dövrdə daha yaxşı olacaq”.

Azərbaycan liderinin dedikləri faktlarla öz təsdiqini tapır.

Məsələn, biz XXI əsrin əvvəllərindən dünyada etnik münaqişələrin daha da alovlandığına şahidlik edirik. Dövlətləri təsir altında saxlamaq istəyən qlobal güclər etnik və dini müxtəlifliyi təsir aləti kimi istifadə edir, qarşıdurmaları alovlandırır. Amma dünyanın başına bəla olan bu ziddiyyətli proses Azərbaycanda müşahidə olunmur. Ölkəmizdə yaşayan etnik qruplara, ayrı-ayrı dinlərin nümayəndələrinə göstərilən tolerant münasibət bunun bariz nümunəsidir. Azərbaycan dünyada tək-tük ölkələrdəndir ki, burada məzhəb və milli-etnik ayrı-seçkilik yoxdur. Milliyyətindən və dinindən asılı olmayaraq, hər bir vətəndaş əmin-amanlıq şəraitində yaşayır.

Hazırda ölkədə bir çox fərqli mədəniyyətin və dinin nümayəndəsi Azərbaycançılıq idelogiyası ətrafında birləşib. Rəsmi Bakının əsas hədəflərindən biri Qarabağ bölgəsində yaşayan ermənilərin də bu prosesə qoşulmasına nail olmaqdır. Yəqin ki, Qarabağda yaşayan sağlam düşüncəli, beyni zərərli fikirlərlə “yuyulmayan” ermənilər Azərbaycandakı tolerantlıq mühitini və qoruduğumuz multiletaral dəyərləri görür. Sağlam düşüncəli Qarabağ ermənisi Azərbaycandakı bu tolerantlıq mühitindən, rahat həyat şəraitindən nəticə çıxarmalıdır.

Prezidentin də dediyi kimi, Qarabağda yaşayan ermənilərin həyatı işğal dövründən fərqli olaraq, bundan sonrakı dövrdə daha yaxşı olacaq. Azərbaycanın buna həm siyasi, həm iqtisadi, həm də multiletaral dəyərləri imkan verir.

Böhranların məngənəsindəki dünya və Azərbaycanın xilaskarlıq missiyası

2022-ci ilin fevralında başlayan Rusiya-Ukrayna müharibəsi dünya sülhünə yeni təhdidlər yaratmış oldu. Planetimiz demək olar ki, yeni mərhələyə qədəm qoydu. Hazırda xüsusilə Avropa qitəsində həm insanların can güvənliyi, həm də sosial həyatı İkinci Dünya Müharibəsindən sonra ən həssas dövrünü yaşayır. Ona görə də ölkəmiz multiletaralizm dəyərləri ilə bərabər dünyanın üzləşdiyi enerji böhranı ilə bağlı çıxış yolları təqdim etmək imkanı qazanıb.

Məsələn, Azərbaycan hazırda Avropaya enerji böhranından xilas olmaqla bağlı yol xəritəsi təqdim edir. Prezident İlham Əliyev Forumda çıxışı zamanı deyib ki, Azərbaycan neft-kimya məhsullarını beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına çıxarır.

Sitat: "Biz qaz yataqlarımıza investisiyalarımızı artırırıq. Ukrayna-Rusiya müharibəsi başlayandan sonra biz qaz təchizatının artırılması ilə bağlı 10 Avropa ölkəsindən müraciətlər almışıq və bunu da edirik. Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş adlandırır, bu belədir, biz hər zaman etibarlı tərəfdaş olmuşuq. Biz neftimizi, təbii qazı, elektrik enerjisini, neft-kimya məhsullarını beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına çıxarırıq”.

Göründüyü kimi, bu gün dünya bol enerji resursları olan, nəqliyyat hablarının mərkəzində yerləşən və daxili sabitliyin hökm sürdüyü Azərbaycana ciddi ehtiyac duyur. Azərbaycanın bu əminliyi etnik qarışıdurmadan və enerji böhranından əziyyət çəkən dövlətlər üçün bir nümunədir.

Hazırda dünya qeyri-müəyyənlik içindədir. Yeni dünya nizamının qurulduğu dövrdə hansı fəlakətlərin yaşanacağını, proseslərin hansı istiqamətdə inkişaf edəcəyini proqnozlaşdırmaq çox çətindir. Bu səbəbdən ölkəmiz beyin mərkəzləri, münaqişələri və dünya sülhünü təhdid edən digər problemləri araşdıran qurumlar üçün çox cəlbedicidir. Onlar Azərbaycandakı unikal modeli öyrənməyi və digər bölgələrdə təbliğ etməyi hədəfləyirlər.

Təbii ki, Azərbaycanın belə nüfuzlu tədbirlərə ev sahibiliyi etməsinin, həmçinin təşəbbüslər irəli sürməsinin kökündə dövlətin apardığı uğurlu daxili və xarici siyasət dayanır. Əgər müxtəlif xalqların və dinlərin nümayəndələrinin əmin-əmanlıq içərisində yaşaması üçün şərait yaradılmasaydı, enerji resurslarından düzgün istifadə olunmasaydı, Azərbaycan heç bir qlobal prosesə təsir etmək imkanı qazana bilməzdi. Başı öz daxili problemlərini həll etməyə qarışardı.

Biz bu gün əksini müşahidə edirik. Şərq-Qərb toqquşması fonunda Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında dünyanı düşdüyü bataqlıqdan xilas etmək üçün səy göstərir. Ümid edək ki, "Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusunda keçirilən dünya barışı üçün yeni pəncərə açacaq, münaqişələrin həllinə, dinlərarası dialoqun genişləndirilməsinə, enerji və problemlərin həllinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti