Bakı. Trend:
Bu müstəmləkəçi dövlətin əkdiyi nifrət toxumları əvvəl-axır elə
özünə zərbə vuracaq
Hər zaman demokratiyadan, insan haqlarından ağızdolusu danışan
Fransa dövləti əslində bu dəyərləri çoxdan ayaqlar altına atıb. Bu
ölkədə güc strukturlarının dinc aksiya iştirakçılarına qarşı
zorakılıq aktlarına yol verməsi adi hala çevrilib. İnsanların
sərbəst toplaşmaq azadlığına qarşı dözümsüz mövqe ortaya qoyan
Makron hakimiyyətinin həyata keçirdiyi siyasət Fransanın özü
haqqında yaratmağa çalışdığı “tolerant” və “demokrat” ölkə imicini
darmadağın edib. Bugünün Fransasında irqçilik, islamofobiya ifrat
həddə çatıb. Xüsusilə, islamofobiya meyilləri müasir Fransa
cəmiyyətində geniş vüsət alıb. İslam dininə qarşı qadağaların
artması, dərnəklərin ləğv edilməsi, məscid tikintisinə icazə
verilməməsi, ifadə azadlığı adı altında müsəlmanların müqəddəs
saydıqları inancların təhqir edilməsi və bütün bunların dövlət
siyasəti səviyyəsində təşviq edilməsi Fransa cəmiyyətində
islamofobiyanın mütəşəkkil hal almasına səbəb olub.
Diqqətçəkən məqamlardan biri də odur ki, Fransada Emmanuel Makron hakimiyyətə gələndən sonra bu ölkədə islamofobiya daha geniş vüsət alıb. Belə ki, müsəlmanlara qarşı nifrət və irqçi siyasət Fransa siyasi hakimiyyəti tərəfindən dəstəklənir. Makron hakimiyyəti müxtəlif adlar altında qanunlar qəbul edilməsinə nail olaraq, əslində islamofobiyanı təşviq edir. Məsələn, 2021-ci il 21 avqust tarixində qəbul olunan “Respublika prinsiplərinə hörmətin möhkəmləndirilməsi haqqında” Qanun açıq şəkildə müsəlman əhalisinə qarşı etimadsızlıq mühiti yaradılmasını təşviq edir. Müsəlmanlara qarşı yönələn bu Qanunun icrası çərçivəsində hökumət aparatında İslamın və müsəlmanların müşahidə edilməsi üçün 101 struktur yaradılıb, 24 min 887 müsəlman təşkilatı, müəssisəsi gizli qara siyahıya alınıb və yoxlanılmaqdadır. Müsəlmanların sahib olduqları 718 təşkilatın, o cümlədən 4 məktəbin, 37 məscidin, 210 müəssisənin, 2 təşkilatın fəaliyyəti dayandırılıb. Təkcə bu fakt təsdiqləyir ki, Makron hakimiyyətinin müsəlmanlara, Afrika qitəsindən gələnlərə qarşı diskriminasiya siyasəti sistemli xarakter daşıyır və bunun dünyəviliklə heç bir əlaqəsi yoxdur. Bu siyasət Fransa hökumətinin irqçi təfəkkürünə əsaslanır.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Trend-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə vurğulayıb ki, Fransa əhalisinin təxminən 10 faizə yaxın hissəsini müsəlmanlar təşkil etsə də, onların tamhüquqlu vətəndaş kimi cəmiyyətə inteqrasiya olumasına, dini inanclarını həyata keçirmələrinə maneçilik üçün müxtəlif addımlar atılır. İslam dininə qarşı təhqirlər, etirazlar adi hala çevrilib. Anti-İslam əhval-ruhiyyəsi məqsədli şəkildə alovlandırılır və bunun üçün medianın gücündən istifadə edilir. Elə götürək “Charlie Hebdo” jurnalını. Bu fransız nəşrində dünya müsəlmanlarının müqəddəs hisslərinin təhqir olunması müasir dünyamızın çox böyük ehtiyac duyduğu mədəniyyətlərarası və dinlərarası dialoq səylərinə zərbədir. Bu dərginin qardaş Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra yayımladığı karikatura islamofobiya, türkofobiyanın Fransada nə qədər dəhşətli səviyyədə olduğunu göstərir. Mediada müsəlmanlar barbar kimi təqdim edilir, ölkədə baş verən cinayətlər onlarla əlaqələndirilir. Bu hal xüsusilə seçki dövrlərində daha aktiv şəkildə müşahidə edilir. Seçkilərdə iştirak edən namizədlər müsəlmanlara nifrəti təbliğ etmək yarışına girirlər. Televiziyalarda təşkil edilən müxtəlif proqramlarda nifrəti artıran irqçi ifadələrə geniş yer verilməsi müsəlmanlara münasibətdə ayrı-seçkiliyi təbliğ edir. Müsəlmanlara qarşı həyata keçirilən təbliğatda onların Fransa cəmiyyətinə yad olduqları fikri formalaşdırılır. Müsəlman sakinlərə, eləcə də qaradərili Fransa vətəndaşlarına, digər etnik və dini qruplara qarşı diskriminasiya siyasəti total xarakter daşıyır. Bu vəziyyətin yaranması, islamofobiyanın artıq tendensiya halını alması planlı şəkildə həyata keçirilir. Fransada islamofobiya meyillərinin kəskin artmasında, nifrət atmosferinin yaradılmasında Makron hökumətinin siyasi dəstəyi böyükdür.
YAP Xətai rayon təşkilatının sədri bildirib ki, qeyd edilən faktlar bir daha təsdiqləyir ki, müsəlmanlara münasibətdə yol verilən ayrı-seçkiliyi, ədalətsizliyi, dini etiqad azadlığının pozulmasını Fransanın artıq yırtılmış demokratiya pərdəsinin altında gizlətmək mümkün deyil. Müsəlmanlara qarşı ayrı-seçkiliyi addım-addım qanuniləşdirən Fransada demokratiya, insan hüquqları, ədalət, bərabərlik kimi dəyərlər aşınmaya məruz qalıb. Etnik, dini və digər azlıqların ölkə cəmiyyətinə inteqrasiyasına mane olaraq, onlara qarşı sistemli və davamlı ayrı-seçkilik siyasəti həyata keçirən Fransa artıq Avropada islamofobiyanın mərkəzinə çevrilib. Bu siyasət Fransaya yaxşı heç nə vəd etmir. Beynəlxalq münasibətlər sistemində nüfuzunu itirən Fransa unutmamalıdır ki, əkdiyi nifrət toxumları əvvəl-axır elə onun özünə zərbə vuracaq.