...

Müasir Azərbaycan dövlətinin qurtuluş və inkişaf dövrü ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır - Rauf Əliyev

Siyasət Materials 8 Aprel 2023 10:19 (UTC +04:00)
Müasir Azərbaycan dövlətinin qurtuluş və inkişaf dövrü ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır - Rauf Əliyev

Bakı. Trend:

Müasir Azərbaycan dövlətinin qurtuluş və inkişaf dövrü xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın hərtərəfli inkişafına, qüdrətlənməsinə öz töhfəsini verərək, onun gələcəyinin inkişaf strategiyasını müəyyən edib. Ulu Öndərin çoxsahəli fəaliyyətinin əsas istiqamətlərindən biri ordu quruculuğu olmuşdur.

Azərbaycan Ordusunu müasir müstəqil dövlətimizin memarı və qurucusu olan Ulu öndər Heydər Əliyev formalaşdırmışdır. Qarşısına qoyulan hər hansı tapşırığı yüksək səviyyədə yerinə yetirmək iqtidarına malik olan Azərbaycan Silahlı Qüvvələri bu gün NATO standartlarına cavab verən səviyyədədir. Vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu ümummilli lider Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır. Azərbaycan beynəlxalq aləmdə güclü iqtisadiyyata malik bir ölkə kimi tanınmaqla yanaşı, həm də NATO standartlarına uyğunlaşmış modern ordusuyla da diqqəti cəlb edir.

Azərbaycan xalqının görkəmli oğlu, dahi şəxsiyyət Heydər Əliyev 1969-cu ildə Azərbaycanda hakimiyyətə gəldikdən sonra, 1971-ci ilin iyunun 20-də C.Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəb təşkil etdi. Dövlət başçımız o vaxtlar azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmalarına nail olmuşdu. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra milli ordunun yaradılması qarşıya qoyulan ən vacib məsələlərdən olmuşdur. Ordu quruculuğuna yalnız 1993-cü ildə Ümumilli lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra başlanıldı. Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu gün rəsmi dövlət bayramı kimi qeyd olunur. Artıq iki ildir ki, Azərbaycan Ordusu Böyük Zəfərindən sonra Bayramını-yarandığı Günü düşmən ordusunu darmadağın edən, düşmənə qalib gələn, ərazi bütövlüyünü bərpa edən Qalib Ordu kimi qeyd edir.

Azərbaycan Ordusu qısa müddət ərzində böyük inkişaf yolu keçdi və bölgənin ən güclü ordusuna çevrildi. Azərbaycan Ordusunun güclənməsinin və uğurlu şəkildə təşkilatlanmasının ən başlıca səbəbi, ordu quruculuğuna Heydər Əliyevin rəhbərlik etməsi idi. Azərbaycanın müstəqilliyinə, xalqının milli maraqlarına dərindən bağlı olan ulu öndər Heydər Əliyev müstəsna dövlətçilik təcrübəsi, təşkilatçılıq bacarığı, yorulmaz işgüzarlığı ilə ordu quruculuğuna xüsusi bir önəm verdi, bu prosesin siyasətini çox böyük incəlik və dəqiqliklə müəyyənləşdirdi, onun icrasında məqsədyönlü bir çeviklik nümayiş etdirdi. Ulu Öndər orunun müstəqiliyin, azadlığın qorunub saxlanılmasında həllrdici əhəmiyyətini qeyd edərək demişdi: “Azərbaycan xalqı öz müstəqilliyini, milli azadlığını qoruyub saxlamalıdır. Bunun üçün də Azərbaycanın güclü ordusu olmalıdır. Bu, həm işğal olunmuş torpaqlarımızı düşməndən təmizləmək, həm də gələcəkdə müstəqil Azərbaycanın etibarlı müdafiəsini təmin etmək üçün gərəkdir. Ona görə də orduya diqqət və qayğı göstərmək hər bir vətəndaşın şərəfli borcu olmalıdır.”

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu 44 gün ərzində işğal altında olan torpaqlarımızı işğaldan azad edərək qəhrəmanlıq səlnaməsi yazdı. Qəhrəman Azərbaycan Ordusu 8 noyabr tarixində Qarabağın incisi, Azərbaycanın Mədəniyyət Paytaxtı olan Şuşanı azad etdi və Ermənistan 10 noyabr 2020-ci il tarixdə təslimçilik bəyanatını imzaladı.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə olduğu kimi hərbi quruculuq sahəsində də böyük uğurlar qazanmışdır. 2003-cü ildən bu vaxta kimi hərbi xərclərə ayrılan vəsaitin məbləği 15 dəfədən çox artırılmışdır. Son illlərdə yaradılmış 20-dən çox hərbi zavodda 1200 addan çox hərbi təyinatlı məhsulların istehsalına başlanmışdır. Ordumuz üçün ən müasir texnika və silahlar alınmışdır. Onların arasında zirehli texnika, hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, döyüş təyyarələri,ən müasir pilotsuz uçuş aparatları, ən müsir artileriya qurğuları, uzunmənzilli raketlər, yaylım atəşli raket sistemləri və s.göstərmək olar.

Vətən müharibəsində Azərbaycan Ordusunun apardığı döyüş taktikası və strategiyası artıq dünyanın hərbi cəhətdən qabaqcıl dövlətlərinin diqqətini cəb edib və bu təcrübəyə maraq çox böyükdür. Azərbaycan Ordusunun apardığı döyüş üsulları XXI əsrin müharibəsinin üsulları kimi qəbul edilir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı möhtərəm İlham Əliyev cənablarının diqqət, qayğısı və rəhbərliyi ilə son illər həyata keçirilən kompleks islahatlar nəticəsində Azərbaycan Ordusu Qafqazın ən güclü ordusuna çevrilmiş, öz hərbi potensialına görə dünyanın bu sahədə ən qabaqcıl 50 ölkəsi sırasındadır..

Milli Məclisin deputatı

Rauf Əliyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti