Bakı. Trend:
NATO-nun keçmiş baş katibi Foq Rasmussenin Rusiyanın KTMT hərbi ittifaqının üzvü, bundan əlavə həmin təşkilatın sədri olan Ermənistana səfəri müəyyən suallar doğurur.
Trend cümə axşamı xəbər verir ki, bu barədə ABŞ Respublikaçılar Partiyasının Milli Komitəsinin üzvü, siyasi ekspert Saul Anuzis özünün "Euronews" üçün məqaləsində yazır.
"Rasmussen müsahibələrinin, tvitlərinin və ya KİV-dəki məqalələrinin heç birində bu barədə qeyd etməyib, halbuki xüsusən onun Rusiyanın hərbi müttəfiqi ilə "işgüzar" münasibətləri barədə məlumat Aİ-nin lobbiçilər reyestrində olduğu bir vaxtda o bunu etməyə borclu idi", - məqalədə deyilir.
Ermənistan hökumətinin ödəniş etdiyi Foq Rasmussen Azərbaycanı guya Laçın-Xankəndi yolunu "blokadaya almaqda" ittiham edib. Onun sözlərinə görə, bu "humanitar faciə"yə səbəb olub. Bundan başqa, Rasmussen səfəri başa çatdıqdan sonra Azərbaycanın Ermənistana qarşı guya "təhdid"ləri barədə məqalə dərc edib və Aİ-nin Cənubi Qafqazda daha bir müharibənin qarşısını almalı olduğunu bildirib.
"Son iki il ərzində hər şey dəyişib, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və bu məsələnin yekun olaraq və beynəlxalq hüququn xeyrinə həllini tapması yalnız zaman məsələsidir. Azərbaycanla sülh və iqtisadi əməkdaşlıq son nəticədə Ermənistan vətəndaşları üçün daha yaxşı həyata doğru yeganə məqsədəuyğun yoldur", - deyə Saul Anuzis məqaləsində yazır.
Müəllifin sonda dediyi kimi, reallıq budur ki, Ermənistanın xoşuna gəlsə də, gəlməsə də regionda qazana biləcəyi yeganə həqiqi müttəfiq Azərbaycandır.