...

Azərbaycan xalqı Müstəqillik tarixinin qızıl dövrünü yaşayır

Siyasət Materials 28 May 2023 08:53 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan xalqı 105 il əvvəl müsəlman Şərqində ilk demokratik Respublikanı yaratdı. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etdi, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirdi. Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərdi. Amma bu qısa dövr xalqımızın milli şüurunun, dövlətçilik ənənələrinin möhkəmlənməsi tarixi oldu. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni layiqincə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, milli atributlar - bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, milli ordu formalaşdı. Təsadüfi deyil ki, zəngin mədəni-tarixi ənənələrə malik olan Azərbaycanın ilk universiteti də təsis olundu. Bu, əslində təhsilin milliləşdirilməsi demək idi.

Müsəlman dünyasında ilk dəfə kişilərlə bərabər, qadınlara da seçmək və seçilmək hüququ verildi. Bu da o dövr üçün tarixi nailiyyət idi. Beləliklə, Xalq Cümhuriyyəti hökumətinin demokratik, hüquqi, dünyəvi dövlət yaratmaq əzmində olduğu növbəti dəfə təsdiqləndi. Zaman göstərdi ki, müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da onu qoruyub saxlamaq daha çətin, məsuliyyətli bir işdir.

Cümhuriyyətin süqutundan sonra 70 il Sovet rejiminin basqıları Azərbaycan xalqının azadlıq ideallarını boğa bilmədi.
XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövləti quruldu. Ümummilli lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verərək deyirdi: “28 May günü Azərbaycan xalqı üçün əziz gündür. Çünki 1918-ci ildə məhz 28 Mayda Azərbaycanın qabaqcıl insanları Azərbaycanın müstəqilliyi haqqında istiqlal bəyannaməsini qəbul ediblər və ondan sonra da Azərbaycan Xalq Cümhuriyyəti qurulubdur”. Ulu öndər Heydər Əliyevin 1 fevral 2003-cü il tarixli Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılmasına dair Sərəncamı, 2007-ci il 25 mayda isə İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal bəyannaməsi abidəsinin açılışı cumhuriyyət dövlətçilik ənənələrinə ən böyük ehtiram idi. Eyni zamanda, Prezident İlham Əliyevin sərəncamları ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olundu və AXC-nin 100 illik yubileyi təntənəli şəkildə qeyd edildi. Milli dövlətçilik tariximizdə Cümhuriyyət xadimlərinin misilsiz xidmətləri bu gün yüksək dəyərləndirilir, onların zəngin irsi öyrənilir və təbliğ olunur. 2021-ci il 15 oktyabr tarixində qəbul olunan “Müstəqillik günü haqqında” Qanunla isə 28 May Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edildi. 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir.

Müstəqil Azərbaycan Respublikası hüquqi varis kimi nəinki bütün dövlətçilik ənənələrini bərpa edib, həm də dünyanın ən nüfuzlu söz sahiblərindən birinə çevrilib. Regionun lider ölkəsi omaqla bərabər, beynəlxalq miqyasda sözünə və imzasına böyük etimad göstərilən bir dövlətdir. Dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının ən etibarlı üzvü, Avropanın enerji təhlükəsizliyinin təminatçısı, bir-biri ilə ziddiyyətli münasibətdə olan böyük güclərin dialoq məkanı, irqindən, dinindən asılı olmayaraq bütün xalqların dinc və sülh şəraitində yaşadığı sabitlik adasıdır.

Biz son 3 ildir Cümhuriyyətin qurulmasını qələbə ruhu ilə qeyd edirik. 30 illik işğala son qoyan Azərbaycan Ordusu tarixi Zəfər qazandı. Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımızın Şuşada dalğalanması qürur verir. Prezident İlham Əliyevin üçrəngli bayrağımızı azad edilmiş bütün bölgələrdə qürurla qaldırması qələbəmizin təntənəsidir. Eyni zamanda, görkəmli Cümhuriyyət xadimi, Dövlət Himnimizin musiqisinin müəllifi Üzeyir Hacıbəylinin güllələnmiş büstünün Şuşaya qaytarılması Azərbaycan xalqının qürurunu özünə qaytardı. Görkəmli şəxsiyyətlərimizin dünyaya gəldiyi, fəaliyyət göstərdiyi, Azərbaycanın mədəniyyət beşiyi Şuşa bu gün regionun siyasi və mədəniyyət mərkəzlərindən birinə çevrilməkdədir. Prezident İlham Əliyevin də söylədiyi kimi, Cümhuriyyət qurucuları sağ olsaydı, bugünkü Azərbaycanla fəxr edərdilər. Biz hazırda müstəqillik tarixinin qızıl dövrünü yaşayırıq.

Təsadüfi deyil ki, mayın 28-də cənab Prezidentin Kəlbəcər və Laçına səfəri, çoxsaylı təməlqoyma və açılışlar, xüsusilə ilk 20 ailənin Laçında məskunlaşması dövlət başçımızın müstəqillik günündə xalqa hədiyyəsi kimi qiymətləndirilməlidir.
Ümumiyyətlə, uğurla reallaşan “Böyük Qayıdış” strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş əraziləri ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir.

Könül Nurullayeva

Millət vəkili

Məqalədə:
Xəbər lenti

Xəbər lenti