Bakı. Trend:
“Bənzərsiz qardaşlıq münasibətlərində olan Azərbaycan və Türkiyə arasında uğurlu əməkdaşlıq davam edir. Dünyaya demokratiya dərsi keçərək inkişafa, tərəqqiyə səs verən Türk xalqı növbəti dəfə böyük siyasi lider, Türkiyənin müasir inkişafının banisi Rəcəb Tayyib Ərdoğanı prezident seçdi. Ənənəyə sadiq qalaraq iyunun 12-də qardaş ölkənin rəhbəri ilk dövlət səfərini yenə də məhz Azərbaycana etdi. Məncə, bunun heç bir şərhi yoxdur. Bu yalnız qardaşlıq duyğularının təcəssümüdür ki, iki ölkə arasında əlaqələrinin təməlini təşkil edir. Həm də bu dövlət səfəri münasibətlərimizin ən ali mərhələdə olduğunu, dostluq və əməkdaşlığımızın dönməz xarakter aldığını göstərir”.
Bu fikirləri Trend-ə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, Azərbaycan və Türkiyə arasındakı münasibətlər hər iki dövlətin maraqlarını və xalqlarımızın mənafeyini əks etdirir: “Bütün məsələlərdə, o cümlədən daxili və xarici siyasətdə ölkələrimiz arasında həmrəylik dərin kök salıb, beynəlxalq müstəvidə bir-birilərinin haqlı mövqelərini müdafiə edirlər. Təbii ki, dünya dövlətləri üçün nümunə təşkil edən Azərbaycan-Türkiyə münasibətlərinin bu səviyyəyə yüksəlməsi cənab İlham Əliyevin və cənab Rəcəb Tayyib Ərdoğanın adı ilə bilavasitə bağlıdır. Hər iki lider arasında mövcud olan dostluq münasibətləri ikitərəfli əlaqələrə də sirayət edib və genişləndirib”.
“Azərbaycanın Qarabağ bölgəsinə ilk səfər edən dövlət başçısı da məhz cənab Rəcəb Tayyib Ərdoğan olub. Bu, Azərbaycanın müstəqillik tarixində ən əlamətdar hadisələrdən biridir. Həmçinin iki qardaş ölkə arasında tarixi sənəd olan müttəfiqlik münasibətləri haqqında bəyannamə Azərbaycanın qeyrət rəmzi, mədəniyyət beşiyi olan Şuşa şəhərində imzalandı. Yeri gəlmişkən, bu bəyannamə iki ölkə arasında olan münasibətləri yeni müstəviyə daşıyıb, rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Bu müttəfiqliyi siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində görmək mümkündür”, - Milli Məclisin deputatı deyib.
AHİK sədri əlavə edib ki, Türkiyə Prezidentinin ölkəmizə bu dövlət səfəri əlaqələrimizi genişləndirəcək, həmrəyliyimizi möhkəmləndirəcək, bu da hər iki ölkənin dünya miqyasında təsirli güc mərkəzi rolunu artıracaq.