...

Döyüş meydanından qalib çıxan Azərbaycan Ordusunun gücü ötən dövr ərzində dəfələrlə artıb - Səttar Möhbalıyev

Siyasət Materials 24 İyun 2023 15:40 (UTC +04:00)
Döyüş meydanından qalib çıxan Azərbaycan Ordusunun gücü ötən dövr ərzində dəfələrlə artıb - Səttar Möhbalıyev

Bakı. Trend:

“Mübariz və qəhrəman Azərbaycan xalqının mətin övladları tarix boyu öz torpaqlarını düşməndən böyük rəşadətlə qorumuş, işğalçılara qarşı qətiyyətlə mübarizə aparmışlar. Onlar üçün ən ali duyğu Vətən sevgisi olmuş, bu yolda canlarından belə keçməkdən çəkinməmişlər. Bunu tarix sübut edir ki, hətta ən qüdrətli imperiyaları Azərbaycanın xalqının mərd oğul və qızlarının milli-azadlıq mücadiləsi sarsıdıb və süqutunu sürətləndirib. Bizə ata-babalarımızdan miras qalan bu qəhrəmanlıq salnaməsi ən böyük milli-mənəvi sərvətlərimizdəndir. Məhz bu səbəbdəndir ki, bu gün Azərbaycan Ordusunun gücü, qüdrəti dünyada dillər əzbəridir, şanı-şöhrəti hər yeri bürüyüb. Əsgər və zabitlərimizin yazdığı qəhrəmanlıq dastanı əl-əl gəzir, dərindən araşdırılır və öyrənilir”.

Bu fikirləri Trend-ə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, Heydər Əliyev həyata böyük işlər üçün gəlmişdi, xalqı üçün doğulmuşdu: “Onun adı dünya tarixində dövlət yaratmış nadir şəxsiyyətlər sırasındadır. Odur ki, dövlətimizin əsas sütunlarından biri olan yenilməz Ordumuzun banisi də Ulu Öndər Heydər Əliyevdir. O, hələ sovet Azərbaycanına rəhbərlik etdiyi dönəmlərdə bu barədə düşünürdü, yerli hərbi kadrların hazırlanması üçün mühüm addımlar atırdı. Onun böyük zəhməti və qətiyyəti sayəsində 1971-ci ildə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılması tarixi hadisə idi. Bu, imkan verdi ki, respublikamızda hərb sənətinə maraq artsın, zabit kadrlar hazırlasın. Müstəqillik əldə edildikdən sonra həmin məktəb Ordu quruculuğunda əsas baza oldu. Milli hərbi kadrların böyük əksəriyyətini oranın yetirmələri təşkil edirdi”.

“Müstəqilliyimizin ilk illərində Ordu quruculuğu prosesi çox ləng gedirdi, siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizələr, anarxiya, xaos nizami ordunun yaradılmasına imkan vermirdi. Cəbhədə məğlubiyyətlər davam edirdi. Belə bir ağır məqamda xalqın çağırışı ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev başıpozuq silahlı dəstələri ləğv edərək nizami ordu quruculuğu prosesinə başladı, qısa müddətdə yeni hərbi hissələr yaradıldı. Orduda inam artdı, döyüş ruhu yüksəldi. Bunun nəticəsi uğurlu “Horadiz” əməliyyatı oldu ki, işğal edilmiş bir sıra ərazilərimiz azad edildi, düşmənə sarsıdıcı zərbə vuruldu. Həmçinin bu əməliyyat münaqişənin gedişinə əsaslı təsir etdi, düşmən atəşkəs müqaviləsini imzalamaq məcburiyyətində qaldı. Bu müqavilədən sonra Azərbaycan Milli Ordusunun formalaşması prosesi daha geniş vüsət aldı, maddi-texniki təminat yaxşılaşdırıldı, əsgər və zabitlərin mənəvi-psixoloji hazırlığı artırıldı. 1994-cü ildən NATO ilə əməkdaşlıq, hərbçilərimizin bu hərbi-siyasi təşkilatın proqramlarında iştirakı və ən son hərbi yenilikləri mənimsəməsi, həmçinin sülhməramlı qüvvələrin tərkibində təcrübə keçməsi Azərbaycan Ordusunu modern orduya çevrdi”, - Milli Məclisin deputatı bildirib.

AHİK sədri vurğulayıb ki, bütün sahələrdə Ulu Öndər Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən dövlətimizin başçısı cənab İlham Əliyev hərbi sferada da böyük nailiyyətlərə imza atdı: “Hərbçilərin peşəkarlığı, mənəvi-psixoloji hazırlığı yüksəldildi, müasir silah və texnika ilə Ordumuzun təchizatı gücləndirildi. Bu addımların nəticəsi olaraq beynəlxalq hesabatlarda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada isə ilk əlli ordu sırasında göstərildi. Odumuzun gücünə həm düşmənlərimiz, həm də onların havadarları 2016-cı ilin Aprel döyüşlərində bələd oldu. Hərbi təxribatlara cavab olaraq əks-hücuma keçən Ordumuz bir neçə saat ərzində 2 min hektardan artıq ərazini düşməndən təmizlədi, minlərlə hektar ərazini nəzarətə götürdü. Bu qələbə xalqımıza yeni ruh verdi, torpaqlarımızın tamamilə düşməndən təmizlənəcəyinə inamı artırdı. Eləcə də düşmənlərimizə göstərdi ki, Azərbaycandan heç bir güzəşt qopara bilməyəcəklər. Əminliklə deyə bilərik ki, Aprel döyüşləri qələbəyə gedən yolumuza parlaq işıq saldı, düşmən üzərində psixoloji üstünlüyümüzü təmin etdi”.

“Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 günə Şərqi Zəngəzuru və Qarabağı təcavüzkar düşməndən təmizləyən Azərbaycan Silahlı Qüvvələri bu Qələbə ilə tarixin axarını dəyişdi, regionda yeni reallıqlar yaratdı, ölkəmizlə bağlı bütün məkrli planları alt-üst etdi. Bu gün xalqımızın hər bir nümayəndəsi onu müzəffər edən şanlı Ordusu ilə fəxr edir, əsgər və zabitlərinə böyük hörmətlə yanaşır. Əminliklə deyə bilərik ki, cəmiyyətimizdə onlara ən ali münasibət sərgilənir, çünki Ordumuzun bütün şəxsi heyəti bu xalqın qəhrəmanlarıdır”, - Səttar Möhbalıyev deyib.

AHİK sədri əlavə edib ki, Vətən müharibəsindən sonra da Azərbaycan Silahlı Qüvvələrinin daha da gücləndirilməsi istiqamətində əhəmiyyətli işlər görülüb: “Prezidentin tapşırığı ilə yeni təyinatlı komando hərbi hissələri yaradılıb ki, onlar da yüksək fiziki və döyüş hazırlığına malik peşəkar hərbi qulluqçulardan ibarətdir. İyunun 23-də Ali Baş Komandan cənab İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış oldu, hərbi hissəyə Döyüş bayrağını təqdim etdi. Prezident çıxışında bəyan etdi ki, biz öz döyüş qabiliyyətimizi əhəmiyyətli dərəcədə artırırıq və artıracağıq. Bu da imkan verir ki, ölkəmizin müdafiə gücü daha möhkəm olsun, ərazilərimiz, müstəqilliyimiz, dövlətçiliyimiz etibarlı şəkildə qorunsun. Müharibədən sonra Ermənistan tərəfindən törədilən hərbi təxribatlara verilən layiqli və tutarlı cavab müzəffər Ordumuzun artan gücünü göstərir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti