...

Azərbaycana qələbə həzzini yaşadanlar - Ordum varsa, yurdum var! (VİDEO)

Siyasət Materials 26 İyun 2023 00:01 (UTC +04:00)
Azərbaycana qələbə həzzini yaşadanlar - Ordum varsa, yurdum var! (VİDEO)
Təhməz Əsədov
Təhməz Əsədov
Bütün xəbərlər

Bakı. Trend:

İstər Azərbaycanda, istərsə də bölgədə və dünyada cərəyan edən proseslər belə bir həqiqəti ortaya qoyur ki, ölkənin müstəqilliyinin qorunması, onun dünya birliyində layiqli yer tutması üçün hər zaman güclü orduya sahib olması vacib şərtdir. Güclü Ordunun qurulması isə bir-iki ilin işi deyil. Bunun üçün ən başlıcası məqsədyönlü, bütün risklərə hesablanmış ağıllı və qətiyyətli siyasət önəmlidir. Tam əminliklə deyə bilərik ki, Azərbaycan bu gün sadalanan bütün bu parametrlərə tam uyğun şəkildə Ordu quruculuğunda irəliyə doğru böyük sıçrayış edir.

Ölkənin müstəqilliyinin, azadlığının qorunması üçün düzgün siyasi strategiyanın müəyyənləşdirilməsi və onun səmərəli şəkildə həyata keçirilməsi, milli mənafeyə xidmət edən iqtisadi inkişafın təmin edilməsi, xalqda özünəinam yaradılması, ölkənin daxili siyasi, iqtisadi, ictimai, hərbi sabitliyinin bərqərar edilməsi, əsaslandırılmış xarici siyasətin həyata keçirilməsi, bütünlükdə milli maraqların qorunmasını və inkişafını nəzərdə tutan kompleks tədbirlər və bütün bunların həyata keçirilməsi üçün lazım olan stabil inkişaf meyyarlar Ordu quruculuğundan əsas təkanverici qüvvə amillər hesab edilər.

Təbii ki, bunun üçün ilk növbədə güclü idarəçilik mühümdür. Tarixi şəraitdən, mühitdən, müxtəlif təsirlərdən, obyektiv və subyektiv səbəblərdən asılı olaraq böyük məsuliyyət və həssaslıq tələb edən dövlətin idarəçiliyindəki hər hansı bir axsama onun Ordusuna da siraət edəcək.

Bu gün yaranmasının 105-ci ili (1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradılıb) tamam olan Azərbaycan Silahlı Qüvvələri tarixin ən çətin sınaqlarından keçib.

Qısa müddətdə yaradılmasına baxmayaraq, Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. Bu hərbi birləşmələr Muğanda və Əsgəranda milli hökumətə qarşı baş vermiş qiyamları yatırmaqda yüksək cəsarət və igidlik göstərdi, Qazaxda Azərbaycan sərhədini pozmuş erməni nizami ordu hissələrini darmadağın etdi.

Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin aprelində süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi. Onun rəhbərlərinin əksəriyyəti, o cümlədən 15 general Nargin adasında güllələndi.

Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan Ordusunun ənənələri sonrakı dövrdə nəyinki qorunub saxlanıldı, daha da inkişaf etdirildi. Bu inkişaf mərhələsi isə xüsusilə Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, Ulu öndər hələ sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə böyük uzaqgörənliklə milli zabit kadrların yetişdirilməsininə çalışdı və buna nail oldu. Heydər Əliyevin məqsədi gün kimi aydən idi: Azərbaycanlılar arasında hərb elminə dərindən yiyələnən, müasir silahlarla rəftar etməyi bacaran hərbçilərin yetişdirilməsinə nail olmaq. Elə bu mqəsdələ də hakimiyyətə gəldikdən qısa müddət sonra - 1971-ci il iyunun 20-də Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin yaradılmasına nail olan Ulu Öndər azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul edilməsinə də nail oldu.

Lakin 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Ordusunun yaradılması haqqında qərar qəbul edilsə də, müstəqilliyin bərpasının ilk vaxtlarında ölkəmizə rəhbərlik edənlərin yarıtmaz siyasəti, kürsü uğrunda apardıqları daxili çaxnaşma Orduya da siraət etdi və nəticədə Ermənistanın torpaqlarımızı işğal etdiyi bir vaxtda ordu quruculuğu işinin öhdəsindən nəyinki gələ bilmədilər, hətta ölkədə hərbiçiləri pərəm-pərəm saldılar, vahid komandanlıq ətrafında birləşib Vətənin dar günündə onun müdafiəsinə qalxmasına süni maneəyə çevrildilər. Nəticədə torpaqlarımızın 20 faizi işğal olundu, vətəndaş qarşıdurması baş verdi, Azərbaycan müstəqilliyin itirilməsi təhlükəsi ilə üz-üzə qaldı.

Belə bir vaxtda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin silahlı dəstələri ləğv edərək nizami ordu quruculuğu prosesinə start verdi və bu işdə onun illər əvvəl uzaqgörən siyasəti - Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin yaradılması nəticəsində ixtisaslaşmış hərbiçilərin artıq işinin peşəkarı kimi bu yolda Azərbaycanın gələcək Ordu quruculuğu məsələsində Ulu öndər üçün olduqca vacib tramplin oldu. Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra ordumuzda və xalqımızda qələbəyə qəti inam yarandı. Məhz onun çağırışı ilə genişmiqyaslı səfərbərlik keçirildi, hərbi hissələr tam komplektləşdirildi.

Bundan ruhlanan ordumuz ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə uğurlu hücum əməliyyatları keçirərək düşmənə sarsıdıcı zərbələr endirdi. Ümummilli Liderin rəhbərliyi ilə Azərbaycan Ordusunun ilk sınağı 1994-cü ilin yanvarında oldu. Azərbaycan Silahlı Qüvvələrinin 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində Füzuli rayonunun 20 kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Ordu quruculuğu işinə böyük önəm verən ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, 26 İyun - Silahlı Qüvvələr Günü elan olundu.

Təməlini Heydər Əliyevin qoyduğu müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə tamamilə yeni mərhələyə qədəm qoydu və hazırda özünün ən yüksək dövrünü yaşayır.

Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı. Əsası Heydər Əliyev tərəfindən qoyulan Orduya ali diqqət və qayğını daha da artıraan Prezident İlham Əliyevin bu siyasəti sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi.

Nəticədə 3 il əvvəl Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi ilə 30 illik işğala son qoydu, ərazi bütövlüyümüzü bərpa etdi. Azərbaycan Ordusunun bu qəhrəmanlığı bütün dünyanın diqqətini cəlb etdi. Hətta dünyanın ən güclü ordusu hesab edilən ABŞ-da (Pentaqon) belə Azərbaycan hərbçilərinin "Alınmaz qala" adlandırılan Şuşa əməliyyatı dərindən öyrənilərək dərslik kimi tədris edilməkdədir.

Təsadüfü deyil ki, Ordumuz 200 illik Azərbaycan tarixində bir ilkə imza atdı. İki əsr ərzində daim torpaqları yadellilər tərəfindən işğala məruz qalan Azərbaycan nəhayət 200 ildən sonra tarixi ərazisini işğaldan azad edərək bütün dünyaya xalqının gücünü, qüdrətini, mərdliyini göstərdi, tarixinə, keçmişinə nə qədər sadiq, bağlı olduğunu, Azərbaycana qarşı törədilən vəhşilikləri unutmadığını nümayiş etrdirdi.

Azərbaycan dövlətinin qarşısında hazırda da dayanan ən prioritet məsələlərdən biri Ordu quruculuğunun daha da təkmilləşdirilməsi, daha müasir tələblərlə uyğunlaşdırılması və dünyanın ən güclü orduları sırasında özünə hər zaman yer etməsidir. Çünkü güclü ordusu olan xalqın biləyi bükülməz. Azərbaycana güclü ordu ona görə lazımdır ki, bu gün çox əlverişli coğrafi zonada yerləşən, eyni zamanda İkinci Qarabağ müharibəsi və ondan sonrakı lokal anti-terrort əməliyyatları ilə geri aldığı önəmli yüksəkliklərdə gözü olan başda "qonşumuz" Ermənistanın məkirli planları, niyyəti ilə yanaşı bu gün ermənipərəst mövqeləri ilə də anti-Azərbaycan siyasəti yürüdən qüvvələrin də bölgədə olan marağı heç kimə sirr deyil. Bütün bu faktorlar da təsdiq edir ki, bu gün Azərbaycan bəlkə də tarixinin ən böyük təzyiqi ilə qarşı-qarşıyadır. Lakin aparılan doğru xarici və daxili siyasətlə yanaşı, Ordu quruculuğundakı önəmli addımlar da imkan verir ki, Azərbaycan təkcə müdafiə yox, eyni zamanda hücum diplomatiyası ilə beynəlxalq hüquq normaları çərçivəsində özünə qarşı olan ədalətsizliklərə son qoysun, haqq-ədaləti bərqərar etsin.

İyunun 23-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı da açıq şəkildə bəyan etdi ki, Ordumuzun daha da gücləndirilməsi bir nömrəli vəzifə olaraq qalır.

Təbii ki, bunun əsasında Silahlı Qüvvələrimizin vahid proqram əsasında inkişaf etdiriməsi dayanır ki, məqsəd də yaxın gələcəkdə Silahlı qüvvələrimizin daha yüksək səviyyəyə qalxmasına nail olmaqdır. Çünkü Azərbaycana olan təzyiq və təhdidləri dəf rtmək, təxribatlara tutarlı cavab verib ərazi bütövülüyümüzə yaranan bütün mümkün təhdidlərin qarşısın almaq olduqca önəmlidir. Ermənistanla sərhəd boyunca əlverişli mövqelərə sahib olmağımız bizə strateji üstünlük təmin etdirdiyi kimi, o mövqeləri əldə qoruyub saxlamaq da çox önəmlidir. Ermənistandan fərqli olaraq bu gün sərhədlərimizi nə Avropa İttifaqının "mülki missiyası" qorumur, nə də digər dövlətlərin hərbi qüvvələri. Bu gün Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyi kimi, sərhədlərini də məhz Azərbaycanın öz övladları qoruyur və bununla qürur duyur. Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan istər iqtisadi, istər hərb olaraq heç kimdən asılı deyil və olmayacaq. Bu amil isə Azərbaycanın indən belə daha güclü, daha böyük Ordusunun olacağı deməkdir. Çünkü Ordum varsa, yurdum var!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti