Bakı. Trend:
“Real Madrid” klubunun prezidenti Florentino Perez 2026-cı ildə vəzifəsindən ayrılmağı planlaşdırır.
Trend xəbər verir ki, bu məlumatı jurnalist Pepe Alvarez X sosial şəbəkəsində paylaşıb.
Perez 2025-ci ilin yanvarında klubun prezidenti vəzifəsinə yenidən seçilmişdi və onun səlahiyyət müddəti 2028-ci ildə başa çatmalı idi. Lakin mənbənin məlumatına görə, o, klub üzvlərinin referendumdakı mövqeyindən asılı olmayaraq, rəhbərliyin nizamlı şəkildə təhvil verilməsinin tərəfdarıdır.
78 yaşlı Florentino Perez ilk dəfə 2000-ci ildə “Real Madrid”ə prezident seçilib və altı il bu vəzifəni icra edib. O, 2009-cu ildə rəqibsiz şəkildə yenidən prezident seçilib. Perez-in dövründə klub yeddi dəfə Çempionlar Liqasının, yeddi dəfə İspaniya La Liqasının, yeddi dəfə İspaniya Super Kubokunun, altı dəfə UEFA Super Kubokunun qalibi olub. Bundan başqa, “Real Madrid” onun rəhbərliyi altında beş FİFA Klublararası Dünya Kuboku, üç Kral Kuboku və iki Qitələrarası Kubok qazanıb.
