Bakı. Trend:
Səhiyyə Nazirliyi işğaldan azad olunan ərazilərdə "Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində əhali arasında kompleks tibbi müayinələr, eyni zamanda sağlamlığın təşviqi ilə bağlı maarifləndirici aksiyaların keçirilməsini davam etdirir.
Trend xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, növbəti belə tədbir noyabrın 14-ü baş tutub. Nazirliyin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun həkim heyəti, o cümlədən artroloq, nevroloq, terapevt, pediatr, dermatoveneroloq, ginekoloq, fizioterapevt-reabilitoloq və tibb bacıları tərəfindən Cəbrayıl rayonunda əhali üçün səyyar müayinələr keçirilib.
Aksiya çərçivəsində sakinlər arasında nevroloji, artroloji,
dermatoloji, ginekoloji, fizioterapevtik, pediatrik reabilitasiya
istiqamətlərində müayinələr aparılıb. Eyni zamanda, nevroloqlar
tərəfindən EMQ (Elektromioqrafiya) və müayinələri aparılıb. Bundan
əlavə, müayinələr zamanı səhhətində problem aşkarlanan sakinlərə
peşəkar tibbi məsləhətlər verilib və müvafiq müalicələr təyin
olunub.
Orta yaşlı əhalidə onurğa, sinir, dayaq-hərəkət, mədə-bağırsaq,
dəri- zöhrəvi, həmçinin ümumi serebrovaskulyar xəstəliklərin aşkar
edilməsi, 16-65 yaş əhali arasında skolioz və digər vertebrogen
problemlərin diaqnostika və bərpası, habelə 14 yaşa qədər uşaqlara
pediatr baxışı üzrə müayinələr aparılıb.
Aksiya iştirakçılarına İnstitutun fizioterapevt və reabilitoloqlar
tərəfindən profilaktik tövsiyələr verilib. Bildirilib ki,
fizioterapiya zamanı yaş, əsas və yanaşı gedən xəstəliklər və həyat
fəaliyyəti nəzərə alınmalıdır. Eyni zamanda, medikamentoz terapiya
ilə yanaşı, fizioterapiyanın həm təbii, həm də süni fiziki
faktorlarını fərdi olaraq təyin etməklə, sağlamlığın erkən əldə
olunmasına köməklik etdiyi diqqətə çatdırılıb.
Aksiya zamanı 220-ə yaxın vətəndaş müayinələrdən keçirilib.
Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunan digər ərazilərdə də davamlı olaraq maarifləndirici tədbirlərin və müayinə aksiyalarının keçirilməsi nəzərdə tutulub.