...

Azərbaycan Mərkəzi Bankı pul siyasətində yeni mərhələnin konturlarını İsveçrədə təqdim etdi

İqtisadiyyat Materials 14 Noyabr 2025 14:14 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı pul siyasətində yeni mərhələnin konturlarını İsveçrədə təqdim etdi
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Mərkəzi Bankın sədr müavini Əli Əhmədov və Pul siyasəti departamentinin direktoru Azər Ələsgərov Beynəlxalq Valyuta Fondunun Qafqaz, Orta Asiya və Monqolustan üzrə Regional İnkişaf Mərkəzi tərəfindən təşkil olunan tədbirdə iştirak ediblər.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Bildirilib ki, 10–12 noyabr tarixlərində İsveçrənin Sürix şəhərində keçirilən tədbir “Dəyişkən dünyada mərkəzi bank idarəçiliyi və siyasət çərçivələri” mövzusuna həsr olunub. İsveçrə Milli Bankı və Almaniya Federal Bankının dəstəyi ilə təşkil olunan tədbirdə müxtəlif ölkələrin mərkəzi banklarının rəhbər şəxsləri iştirak ediblər.

Mərkəzi Bankın sədr müavini Əli Əhmədov tədbirdə açılış nitqi ilə çıxış edən spikerlərdən biri olub. O, son illərdə Mərkəzi Bankın pul siyasəti çərçivəsinin təkmilləşdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər, eləcə də bu tədbirlərin makroiqtisadi sabitliyin təmin olunması və yerli maliyyə bazarlarının inkişafındakı rolu haqqında fikirlərini bölüşüb. Əli Əhmədov Mərkəzi Bankın gələcəkdə də siyasət qərarlarının real sektora ötürülməsinin daha da təkmilləşdirilməsi üçün analitik imkanların genişləndirilməsində qərarlı olduğunu bildirib. O, pul bazarı əməliyyatlarının modernləşdirilməsi və maliyyə bazarlarının dərinləşdirilməsi istiqamətində təşəbbüslərin davam etdiriləcəyini qeyd edib.

Pul siyasəti departamentinin direktoru Azər Ələsgərov isə “Azərbaycanın pul siyasəti kommunikasiyası” mövzusunda təqdimatla çıxış edib. O, tətbiq olunan kommunikasiyanın hədəf qrupları üzrə vasitələri və kanalları, həmçinin kommunikasiya fəaliyyətinin nəticələrinin qiymətləndirilməsi istiqamətində Mərkəzi Bankın təcrübəsini tədbir iştirakçıları ilə bölüşüb. Azər Ələsgərov son illərdə Mərkəzi Bank tərəfindən informasiya açıqlığının genişləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüsləri diqqətə çatdırıb.

Qeyd edək ki, tədbir mərkəzi bankçılıqda idarəetmə, pul siyasəti qərarlarının qəbulu və tətbiqi üzrə ən yaxşı təcrübələrin mübadiləsi, eləcə də potensialın artırılması, kommunikasiya və şəffaflıq məsələlərinin müzakirəsi üçün səmərəli regional platforma rolunu oynayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti