Bakı. Trend:
Bu ilin yanvar–sentyabr aylarında Azərbaycandan Gürcüstana 185 milyon ABŞ dolları dəyərində 1,727 milyard kubmetr (qaz halında) təbii qaz ixrac edilib.
Trend bu barədə Azərbaycanın Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici məbləğ ifadəsində 27,9 milyon dollar və ya 13,1%, həcminə görə isə 338,8 milyon kubmetr və ya 16,4% azalıb.
Müqayisə üçün bildirək ki, 2024-cü ilin yanvar–sentyabr aylarında Azərbaycandan gürcüstana 2,1 milyard kubmetr təbii qaz ixrac olunmuşdu və bu ixracın ümumi dəyəri 212,9 milyon ABŞ dolları idi.
Qeyd edək ki, cari ilin yanvar–sentyabr aylarında Azərbaycandan xaricə ümumilikdə 6,7 milyard ABŞ dolları dəyərində 18,5 milyard kubmetr təbii qaz ixrac edilib. Bu, ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə dəyər ifadəsində 623,3 milyon ABŞ dolları və ya 10,3% çox, həcm baxımından isə 203,2 milyon kubmetr və ya 1,1% azdır.
Eyni zamanda bu ilin ilk 9 ayında Azərbaycana 39,1 milyon ABŞ dolları dəyərində 252,2 milyon kubmetr təbii qaz idxal edilib. Bu isə bir il əvvəlki göstərici ilə müqayisədə dəyər ifadəsində 38,2 milyon ABŞ dolları və ya 49,4%, həcm baxımından isə 230,6 milyon kubmetr və yaxud 47,8% azdır.
