Bakı. Trend:
Xəbər verdiyimiz kimi, Xankəndi şəhərində “Beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyinin təmin olunmasında xüsusi xidmət orqanlarının rolu” mövzusunda Türk Dövlətlərinin Xüsusi Xidmət Orqanları Konfransının XXVII plenar iclası keçirilib.
Trend xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev tədbirdə beynəlxalq nəqliyyat və kommunikasiya xətlərinin təhlükəsiz fəaliyyətinin təminatında, onların beynəlxalq terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, qaçaqmalçılıq və sair mənfi təzahürlü hallardan qorunmasında xüsusi xidmət orqanlarının oynadığı roldan ətraflı söhbət açıb.
Əli Nağıyev vurğulayıb ki, Uzaq Şərqdən Avropaya qədər uzanan Orta Dəhlizin vacib tərkib hissəsi olan Zəngəzur dəhlizinin reallaşdırılmasına bəzi destruktiv dairələr hər vəchlə maneçilik törətməyə çalışır və bu amil göstərilən istiqamətdə təhlükəsizliyin etibarlı təmin olunmasını mühüm vəzifələrdən biri kimi qarşıya qoyur.
