Bakı. Trend:
Bakı Bəyənnaməsində Qoşulmama Hərəkatına üzv ölkələr üçün vacib elementlər var.
Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir qeyd edib ki, Bakı Bəyannaməsi açıq sənəddir.
“2023-cü ildə Bakıda belə bir sənədin qəbul edilməsi tarixdə şəhərimizlə bağlı olacaq. Zamanında əsas təsis sənədləri Bandunq prinsipləri kimi tanınıb. Eynilə də bu cür sənədlər tarixdə adları ilə qalacaq”, - deyə C.Bayramov əlavə edib.
Qeyd edək ki, Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində “Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusuna həsr olunmuş tədbir keçirilib.
Bakıda keçirilən görüşdə çıxışı zamanı Prezident İlham Əliyev bildirib ki, neokolonializmi hələ də davam etdirən ölkələrdən biri Fransadır. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Fransa Qəmər adalarının Mayot adası üzərində suverenliyinə, həmçinin Yeni Kaledoniya xalqının, o cümlədən özünün digər dənizaşırı icma və ərazilərində yaşayan xalqların hüquqlarına hörmət etməlidir.
"Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairli qətlə yetirilib. Hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri müharibə qənimətləri kimi saxlanılır. Bu, utancverici və iyrənc hərəkətdir. Biz Fransa prezidenti Emmanuel Makrondan həmin qəhrəmanların qalıqlarını Əlcəzairə təhvil verməsini tələb edirik.
Fransa öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməlidir".