...

Paşinyanın siyasi əxlaqsızlığı: ikiüzlülük və riyakarlığını yenə göstərdi

Siyasət Materials 2 Sentyabr 2023 18:08 (UTC +04:00)
Paşinyanın siyasi əxlaqsızlığı: ikiüzlülük və riyakarlığını yenə göstərdi

Bakı. Trend:

Ermənistanın baş naziri Nikol Paşinyanın bir müddət öncə və həm də dəfələrlə Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan etdikdən, bu mövqeyini qüvvədə olan beynəlxalq sənədlərlə - Alma-Ata Bəyannaməsi və BMT Nizamnaməsi ilə əlaqələndirdikdən sonra, yenidən ölkəmizin əraz bütövlüyünü şübhə altına alan əsassız iddialarla çıxış etməsi, rəsmi İrəvanla sülh danışıqlarının heç bir əhəmiyyət kəsb etmədiyini və faktiki olaraq, həm də rəsmi İrəvanın riyakar davranışları və təxribatları ucbatından iflasa uğradığını təsdiqləyir.

Dövlətçilik təfəkkürünü, dövlət əxlaqını bir kənara qoyuram, hətta qəbilə, tayfa təfəkküründə olan insanlar belə, verdikləri sözə əməl etməyi, səsləndirdikləri fikirlərə uyğun davranmağı şərəf məsələsi hesab edir, bəsit formada olsa da, bir şəxsiyyət kimi mövcudluqlarını elan etdikləri prinsiplərə uyğun davranmaqla büruzə verirlər. Nikol Paşinyanın bir neçə platformada aparılan müzakirələr, eləcə də müxtəlif beynəlxalq tədbirlər və brifinqlər çərçivəsində verdiyi bəyanatlara münasibətdə tamamilə əks mövqedən çıxış etməsi Ermənistanın siyasi rəhbərliyinin dövlət əxlaqından qısır qaldığını, şəxsiyyətin formalaşması və ictimai nüfuz sahibinə çevrilməsi üçün vacib olan kriteriyalardan uzaqda dayandığını nümyaiş etdirir.

Ermənistanın baş nazirinin "Dağlıq Qarabağın ərazi vahidi kimi mövcud olmadığını və Dağlıq Qarabağ probleminin öz həllini tapdığını ifadə edən bəyanatları əsassız hesab etdiyini” bildirməsi, rəsmi İrəvanla sıradan bir məsələlərin müzakirəsinin belə nəticəyönümlü olacağını şübhə altına alır və belə bir təəssürat yaradır ki, xislətində, mahiyyətində nanəciblik, xainlik, ləyaqətsizlik və təcavüzkarlıq yatan bu ölkəni, hətta sülhə məcbur etmək, kapitulyasiya aktına imza atdırmaq da yetərli deyil, rəsmi İrəvanı ən ağır şərtlər altında kapitulyasiya aktını imzalamaq üçün diz üstə yalvarmağa məcbur etmək lazımdır.

Azərbaycan ərazilərində “Dağlıq Qarabağ” adlanan inzibati ərazi vahidi yoxdur və bundan sonra olması da mümnkün deyil. 44 günlük müharibə və fərarilər ordusunun acınacaqlı məğlubiyyəti, 30 ilə yaxın müddət ərzində, Ermənistanın özü də daxil olmaqla kimsənin tanımadığı separatçı rejimin və onun ərazi iddialarının üzərindən xətt çəkib, Ermənistanın və erməni lobbisinin Azərbaycan əraziləri hesabına ikinci erməni dövləti yaratmaq planı tamamilə iflasa uğrayıb.

Azərbaycanın Qarabağ iqtisadi rayonunun, hazırda Rusiya sülhməramlılarının da yerləşdiyi hissəsində qondarma rejimin tör-töküntüləri son günlərini yaşayırlar. Azərbaycanın bu sonu daha da tezləşdirmək üçün bütün imkanlara malik olmasına baxmayaraq, bir çox hallarda səbr və təmkin nümayiş etdirməsi, dövlətimizin vətəndaşlıq statusundan asılı olmayaraq, ərazisində yaşayan insanlara humanist münasibətindən irəli gəlir. Lakin səbrin də bir sonu var və sülh üçün uzadılan əlimizi boş qaytarmağa cəhd göstərənlər bu əlin beş barmağının yenidən sıxılaraq Dəmir Yumruğa çevriləcəyini unutmasınlar. Onu da unutmasınlar ki, bu dəfə göz yaşları və qaranlıq otağın bir küncündə, kimsənin gözünə görünmədən kapitulyasiya aktını imzalamaq yalvarışları da nəticə verməyəcək.

Elçin Mirzəbəyli siyasi şərhçi

Məqalədə:
Xəbər lenti

Xəbər lenti