...

Həştərxanda Xəzər Media Forumunun nümayəndə heyətləri rəhbərlərinin görüşü keçirilib (FOTO)

Siyasət Materials 18 Sentyabr 2023 22:23 (UTC +04:00)
Həştərxanda Xəzər Media Forumunun nümayəndə heyətləri rəhbərlərinin görüşü keçirilib (FOTO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Həştərxan. Trend:

Bu gün “Marins Grand Hotel Həştərxan”da “Xəzər Media Forumu 2023”ün iştirakçı ölkələrinin nümayəndə heyətləri rəhbərlərinin görüşü keçirilib.

Trend-in müxbiri xəbər verir ki, tədbirdə Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin, Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan, Belarus, Qırğızıstan və Özbəkistandan müşahidəçi qismində nümayəndə heyətləri iştirak ediblər. Media forumunda Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov rəhbərlik edir.

"Media tədbiri Xəzər regionu ölkələri arasında sosial-iqtisadi və humanitar əməkdaşlığın inkişafına yönəlib. Əminəm ki, “Xəzər Media Forumu – 2023” Xəzər regionu ölkələrinin jurnalist ictimaiyyəti arasında əməkdaşlığın daha da genişlənməsinə və möhkəmlənməsinə töhfə verəcək”, - deyə Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin bildirib.

Sentyabrın 19-u “Xəzər Media Forumu 2023”ün əsas günüdür. Bu il forumun mövzusu “İctimai diplomatiya və sosial media xalqları bir-birinə yaxınlaşdıran amil kimi” olacaq.

Forum zamanı jurnalist ictimaiyyətinin, dövlət qurumlarının nümayəndələri, ekspertlər, alim və politoloqlar, ictimai təşkilatların rəhbərləri ən aktual informasiya gündəmini müzakirə edəcəklər. İştirakçılar Xəzər regionunda xalq diplomatiyasının vəziyyətini və perspektivlərini təhlil edəcək, qabaqcıl təcrübələri təqdim edəcək, həmçinin yeni müvafiq qarşılıqlı fəaliyyət kanalları tapacaqlar. Media təhsil sisteminin problemləri və inkişaf perspektivləri, etimadın və qarşılıqlı anlaşmanın gücləndirilməsi üçün mövcud formatlar müzakirə olunacaq.

“Xəzər regionu ölkələri arasında qarşılıqlı anlaşma və əməkdaşlığın möhkəmləndirilməsində medianın rolu” mövzusunda plenar iclası Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin açacaq. Moderator TASS-ın baş redaktorunun müavini Aleksey Xarnas olacaq. Diskussiya platforması formatında ticarət-iqtisadi əlaqələrin inkişafında mühüm rol oynayan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin təqdimatı keçiriləcək və “Kadrlar qərar verir: problemlər və media təhsil sisteminin inkişaf perspektivləri” mövzusunda müzakirələr aparılacaq. Forumda, həmçinin Xəzəryanı ölkələrdən 450-dən çox KİV və bloqqerin iştirak etdiyi “Sərhədsiz Xəzər” ən yaxşı jurnalist əsəri müsabiqəsinin nəticələrinə yekun vurulacaq.

“Xəzər Media Forumu - 2023” Rusiya Prezidenti Administrasiyası, Rusiya Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyinin, Rusiya Xarici İşlər Nazirliyinin, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin, “Xəzər-Avrasiya” Beynəlxalq və Sosial-Siyasi Araşdırmalar Mərkəzi, “Şimal-Cənub” Politologiya Mərkəzi” dəstəyi ilə Həştərxan vilayəti hökuməti tərəfindən təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti