Bakı. Trend:
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə böyük qələbələrə imza atan yenilməz Azərbaycan Ordusu daha böyük bir missiyanı - ölkəmizin Qarabağ iqtisadi rayonunda keçirdiyi antiterror tədbirlərini uğurla başa çatdıraraq separatçıları təslim olmağa məcbur etdi. Bu, bir daha Ordumuzun gücünü, qüdrətini göstərdi. Sübut etdi ki, Azərbaycanın əsgər və zabitləri istənilən tapşırığı qələbə ilə yekunlaşdırmağa qadirdir. Bu, bütövlükdə Azərbaycan xalqının qələbəsidir. Xalqımız həmişəki kimi, bir oldu, bütöv oldu, dəmir yumruğa dönərək Prezidentinin ətrafında birləşdi və göstərdi ki, güc birlikdədir.
Bu fikirləri Trend-ə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, qısa müddətdə - cəmi bir sutkadan da az vaxtda qələbə qazanmağı, qarşı tərəfi təslim olmağa məcbur etməyi yalnız Azərbaycan Ordusu bacara bilərdi və etdi də:
“Ordumuz bir daha peşəkarlığını və yüksək döyüş hazırlığını ortaya qoymuş oldu. Heç bir mülki şəxsə ziyan vurmadı, dinc sakinləri hədəfə almadı, mülki obyektlərə atəş açmadı. Tapşırığı səliqəli və nümunəvi şəkildə həyata keçirərək yalnız legitim hərbi hədəfləri zərərsiz hala gətirdi. Mina terroru nəticəsində həlak olanların qisasını misli ilə aldı”.
Deputat qeyd edib ki, Azərbaycanı antiterror tədbirləri görməyə qarşı tərəf məcbur etdi.
"Məğlub və fərari ordusunun qalıqlarını Azərbaycan ərazilərindən çıxarmadı, qanunsuz silahlı birləşmələr tərksilah edilmədi, mütəmadi olaraq ölkəmizin daxili işlərinə qarışdılar, müxtəlif silahlı təxribatlara əl atdılar, mina terrorunu davam etdirdilər, separatizmə hərtərəfli dəstək göstərdilər və s. Bir sözlə, təkrar olaraq təcavüzkar niyyətlərinin arxasına düşərək münasibətlərin normalaşmasında maraqlı olmadılar. Təbii ki, Azərbaycanın səbri tükənməz deyil. Odur ki, ölkəmiz bu yolu seçərək separatçıları diz çökdürdü.
“Bu arada mən bir məsələyə də toxunmaq istərdim. Bir sıra dövlətlər Silahlı Qüvvələrimizin Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərini tənqid edən bəyanatlar səsləndirdilər. Təbii ki, belə boş və mənasız bəyanatlar Azərbaycanı nə yolundan döndərər, nə də məqsədindən daşındırar. Dövlətimizin başçısı cənab İlham Əliyevin sözləri ilə desək, bizimlə heç kim təzyiq dili ilə danışa bilməz. Azərbaycan heç bir dövlətin daxili işinə qarışmır. Kənar dövlətlərin də bizim daxili məsələlərimizə qarışmağa haqqı yoxdur”, - AHİK sədri əlavə edib.