Bakı. Trend:
Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı Ofisi, həmçinin, digər beynəlxalq tərəfdaşlarla görüşüb.
Trend xəbər verir ki, Hikmət Hacıyev bu barədə “X” platformasında paylaşımında qeyd edib.
O, BQXK ilə görüşdə Azərbaycan tərəfinin dərman, qida və digər məhsulların Laçın-Xankəndi və Ağdam-Xankəndi yolları ilə çatdırılması üçün bütün zəruri şərtləri təmin etdiyini və edəcəyinin diqqətə çatdırıldığını qeyd edib.
“23 saat 51 dəqiqə davam edən lokal antiterror tədbirləri zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən Beynəlxalq Humanitar Hüquqa ciddi əməl olunması və bütün vasitələrlə zərərin qarşısının alınması təqdir edilib.
Ermənistan baş nazirinin də etiraf etdiyi kimi, mülki şəxslərə zərər dəyməyib. Bununla bağlı Aİ, Fransa və Almaniya rəsmilərinin yoxlanılmamış və qeyri-ciddi bəyanatları anlaşılmaz olaraq qalır.
BQXK ilə görüşdə bildirdik ki, dərman, ərzaq və digər malların BQXK tərəfindən Laçın-Xankəndi və Ağdam-Xankəndi yolları vasitəsilə çatdırılması üçün bütün lazımi şərait yaradılıb və təmin ediləcək.
Azərbaycan tərəfi BQXK vasitəsilə erməni əsilli yaralı hərbçilərə tibbi yardım göstərməyə və ya onlara kömək etməyə hazırdır. Müraciət nəticəsində yaralı hərbçilərin toplanması üçün BQXK-nın tibbi maşınlarının hərəkətinə dəstək verilir. Bu məqsədlə biz də təcili tibbi yardım maşınları ayırmağa, tibbi yardım göstərməyə hazırıq.
Ermənistana tibbi təxliyə üçün tibbi maşınlar Ermənistandan da gələ bilər. Meydanda qalan döyüşçülərin meyitlərinin toplanması üçün Rusiya sülhməramlıları ilə iş aparılır. Biz BQXK-nin Cenevrə ofisindən əlavə heyətin qəbulunu dəstəkləyirik.
Biz həmçinin Bakı ofisindən Xankəndi şöbəsinə əlavə heyətin göndərilməsinin tərəfdarıyıq. Biz könüllü və fərdi seçim əsasında Xankəndi-Laçın yolu ilə mülki şəxslərin şəxsi avtomobilləri ilə hərəkətinin təhlükəsizliyini təmin edirik.
Getmək istəyənlər əsasən hərbi qulluqçuların ailə üzvləridir. Könüllü surətdə silahı yerə qoyan hərbçilər açıq şəkildə bəyan etdiyimiz kimi azaddırlar.
Mülki-hərbi əməkdaşlıq konsepsiyası çərçivəsində Azərbaycanın hərbi və mülki şəxsi heyəti mülki şəxslərə yardım edir və bundan sonra da edəcək”, - Prezidentin köməkçisi qeyd edib.
Qeyd edək ki, Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri separatçıların təslim olması ilə nəticələnib. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olunub və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırılıb.
Əldə edilən razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.
Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.
Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabrın 21-də Yevlaxda görüş keçirilib. Görüş zamanı erməni tərəfi bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsi istəyib.