Bakı. Trend:
Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) Azərbaycanın Qarabağ iqtisadi rayonunda apardığı lokal antiterror tədbirlərini dəstəklədiyini bəyan edib.
Trend xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.
Qeyd olunub ki, bu münasibətlə İstanbul Türkiyə-Azərbaycan Həmrəylik və Kültür Dərnəyinin (İS-TAD) ofisində mətbuat konfransı keçirilib.
Tədbirdə İS-TAD sədri və TADEF-in sözçüsü Səfər Karakoyunlu, TADEF İdarə Heyəti sədrinin müavini Pərviz Məmmədzadə çıxış ediblər. Antiterror tədbirlərinə gətirib çıxaran səbəblərdən danışan natiqlər bildiriblər ki, hər zaman haqlı davasını dəstəklədikləri Azərbaycan dövləti öz ərazisində terror aktları törədən Ermənistana lazımi dərsi verib. Türkiyə ictimaiyyəti də regionda sülhün və sabitliyin hökm sürməsini, qan tökülməməsini, göz yaşlarına son qoyulmasını istəyir. Bölgəyə sülhün gəlməsi isə sabitlik gətirəcək.
“TADEF olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində həyata keçirdiyi siyasəti dəstəkləyirik, onun tərəfində və əmri altında olduğumuzu bəyan edirik”, - deyə natiqlər bildiriblər.