Bakı. Trend:
20 sentyabr tarixi Vətən müharibəsinin davamıdır və “Bütövlük Günü” kimi qeyd oluna bilər.
Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Zahid Oruc bu gün keçirilən iclasda deyib.
"Prezident İlham Əliyevin rəhbərliyi ilə 19-20 sentyabrda həyata keçirilən antiterror tədbirləri xalqımıza hərbi Zəfər, 4 min kvadrat kilometr ərazidə konstitusion bütövlük qazandırdı. Nəinki Xankəndi və Xocalıda 10 minlik hərbi birləşmələrin, 100 il bundan əvvəl Azərbaycanın inzibati-idarəetmə quruluşuna mina kimi basdırılan muxtar vilayət, 90-cı ildən yaradılan hibrid birləşmənin varlığına son qoyuldu, 1804 cü ildən bu yana Qarabağın kimə məxsusluğu ətrafında gedən savaşın da qalibini müəyyən etdi.
Ona görə də 1 günlük döyüşlər - 20 sentyabr tarixi Vətən müharibəsinin davamıdır, onu tamamlayaraq 45 günlük müharibə kimi simvollaşa, Azərbaycanın siyasi təqviminə qızıl hərflərlə yazıla bilər. “Əsrin neft müqaviləsi”, “Əsrin qələbəsi”nə çevrildi və daşıdığı ümumxalq əhəmiyyətinə görə milli bayramdır. Təklif edirik ki, on illərlə sıyqırım, kütləvi insan və torpaq itkiləri yaşayan bir xalqın 8 noyabrda qazandığı Zəfərin davamı olaraq, 20 sentyabrı “Bütövlük günü” kimi qeyd edək və onu rəsmiləşdirək, əbədiləşdirək.
Ümidvarıq ki, parlamentin ölkə rəhbərinə müraciəti yüksək qiymətləndirilər, çünki hər bir azərbaycanlının, bütövlükdə xalqımızın iradəsini əks etdirir. Biz indi millətimizin tarixində yeni qalibiyyət təqvimini yaratmağa borcluyuq", - o qeyd edib.