Bakı. Trend:
ABŞ Cənubi Qafqazla bağlı son 1 ay ərzində sərgilədiyi siyasətində korrektə etmək qərarına gəldi. Dövlət katibi Entoni Blinkenin köməkçisi Ceyms O`Brayenin noyabrın 15-də Nümayəndələr Palatasının alt komitəsinin dinləmələrində Azərbaycan əleyhinə söylədiyi fikirlərin iki ölkə arasındakı münasibətlərə necə böyük zərbə vura biləcəyi aydın idi.
Lakin ABŞ diplomatının bu siyasətin kökündən yanlış olduğunu anladığı və bu cür balanslaşdırılmamış Cənubi Qafqaz siyasətinin Vaşinqton üçün müsbət heçnə vəd etmədiyini anlaması çox vaxt aparmadı. Elə bunun səbəbi idi ki, O`Brayen sözügedən çıxışdan sonra prezident İlham Əliyevə zəng etmişdi.
Görünür, Dövlət katibinin köməkçisinin qulağəına pıçıldanıb ki, Cənubi Qafqazda istənilən msələdə artıq rəsmi Bakı ilə hesablaşmaq olduqca vacibdir. Böyük ehtimalla buna misal olaraq 44 günlük müharibədən sonra İran və Fransa nümunələri də O`Brayenin masasına qoyulub.
Hətta Ceyms O`Brayenin Bakıya qarşı qərəzli çıxışı Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda planlaşdırılan görüşün ləğvinə və rəsmi Bakının ABŞ-ın vasitəçiliyindən fakitiki imtinasına səbəb oldu. Böyük ehtimalla Ceyms O`Brayen Konqresdəki çıxışının qırmızı çizgiləri aşdığını anladığından bundan bir neçə gün sonra Azərbaycanın ABŞ-dakı səfiri ilə görüşməyə qərar verdi.
Münasibətlər gərginləşməkdə davam edəcəyi təqdirdə, bu nə ABŞ-ın, nə də Azərbaycanın maraqlarına cavab verəcəkdi. Xüsusilə də ABŞ ilə yarannış bu anlaşılmazlıqlara cavab olaraq Azərbaycanın öz prinsipial mövqeyini ortaya qoyması Vaşinqtonun anlamasına kömək etdi ki, bu tərzdə Azərbaycanla münasibətləri davam etdirmək mümkün deyil.
Ceyms O`Brayenin dünən Azərbaycana səfərində münasibətləri əvvəkli axarına qaytarılması işartıları aydın göründü . Görünür özü açıqlamalarında Azərbaycanla Ermənistan arasında balansı qorumağa çalışdığı kimi köməkçisinə bunun Vaşinqtonun Cənubi Qafqaz siyasətində indiki dönəmdə xüsusilə çox vacib olduğunu Blinken izah edə bilib.
Çox güman elə bu səbəbdən də Ceyms O’Brayen geri dönüş etdi. ABŞ Konqresində Azərbaycan əleyhinə çıxış edən dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayenın Azərbaycana səfəri zamanı nələr söyləyəcəyi maraq doğururdu. Çünki, sirr deyil ki, Ceyms O’Brayen Konqresdəki çıxışı ilə ABŞ-ın təhlükəsizlik maraqlarına zərbə vurmuşdu.
Cənubi Qafqazın aparıcı dövləti, əsas aktoru olan Azərbaycanla əməkdaşlığa vurulan zərbə ABŞ-ın təhlükəsizlik maraqlarına zidd idi. Nəzərə alınmalı idi ki, ABŞ-la Azərbaycan arasında təhlükəsizlik və enerji sahəsində illərin əməkdaşlığı var və Vaşinqton Cənubi Qafqaz siyasətində Parisin səhvlərini təkrarlamamalıdır.
Prezident İlham Əliyevin son 3 ildə - tarixi Zəfərin ardından regionda geosiyasi düzəni dəyişən addımlarda əsas sima olması və Azərbaycanın maraqları istiqamətində beynəlxalq güclərin müxtəlif istiqamətlərdə təzyiqlərinə rəğmən nümayiş etdirdiyi qətiyyətli, iradəli siyasət öz effektini daha böyük arealda verməkdədir.
Belə olmasaydı, dövlət katibi Entoni Blinken Bakıya zəng edərək prezident İlham Əliyevin Ceyms O’Brayenın Bakıda qəbulunu xahiş etməzdi. Hətta nəzərə alaq ki, görüşdən əvvəl Vaşinqtondan münasibətləri yumşaldacaq daha bir açıqlama gəldi. Dövlət Departamentin mətbuat katibi Metyu Miller “biz heç vaxt deməmişik ki, Azərbaycanla əlaqələrimizi davam etdirmək fikrində deyilik. Bu, bizim maraqlarımıza zidd olardı” açıqlamasını səsləndirdi.
Bəli, Vaşinqton son bir ayda Cənubi Qafqaz siyasətində geri dönüş edib, korrektələrə ciddi ehtiyac hiss etməkdədir. Bunun nətciəsidir ki, Bakıda Ceyms O’Brayenla İlham Əliyev arasındakı görüşdə münasibətlərdəki müsbət məqamlar önə çəkildi. Birincisi, İlham Əliyev Azərbaycan ilə ABŞ arasında münasibətlərin zəngin tarixinin olduğunu, Azərbaycanın müstəqilliyi illərində müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin qurulduğunu, xüsusilə energetika sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğuladı. İkincisi, İlham Əliyev Azərbaycanın suverenliyini tam şəkildə bərpa edəndən sonra sülhün bərqərar olunması üçün tarixi imkanlar yarandığını və ABŞ-ın yeni reallıqlar nəzərə alınaraq bu prosesə öz töhfəsini verə biləcəyini dedi.
Ceyms O’Brayen İlham Əliyevin sözlərini təsdiqlədi. Amerikalı diplomat ABŞ ilə Azərbaycan arasında əlaqələrin dərin köklərə malik olduğunu və ölkələrimizin yaxşı tərəfdaş olduqlarını vurğuladı. O da, Azərbaycanın enerji resurslarının dünya bazarlarına çıxarılmasında ABŞ-ın rolundan danışdı. Amerikanın bölgədə sülh gündəliyini, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşmasını, sülh müqaviləsi üzrə danışıqları dəstəklədiyini deyən Ceyms O’Brayen danışıqların Vaşinqtonda davam etdirilməsi üçün ABŞ-ın hazır olduğunu İlham Əliyevin diqqətinə çatdırdı. O bundan başqa Transxəzər nəqliyyat dəhlizi konsepsiyasının inkişafı, həmçinin Ermənistan ilə Azərbaycan arasında kommunikasiyaların açılması üzrə müzakirələrin davam etdirilməsinin ABŞ tərəfindən dəstəkləndiyi vurğuladı.
Beləliklə, faktiki olaraq Ceyms O’Brayen Konqresdəki sözlərindən imtina etdi. Ancaq Bakının Vaşinqtondan gözləntiləri daha çoxdur. ABŞ Azərbaycana verdiyi əhəmiyyətini Cənubi Qafqaz siyasətində də əks etdirməlidir. Brayen və digər ABŞ rəsmiləri bundan sonra Azərbaycan əleyhinə fikirlər söylədikləri zaman yəqin daha iki dəfə düşünəcəklər. Əgər Vaşinqton bu regionla bağlı siyasətində balanslı siyasətini qoruyub saxlamaq istəyirsə, bu, mütləqdir.
Dünənki görüş və verilən müsbət mesajlar deməyə əsas verir ki, çox yaxın zamanda Azərbaycan rəsmilərinin də ABŞ-yə səfərlərii bərpa olunur. Bu ikitərəfli münasibətlərin müsbət məcrada davam etdirilməsi üçün vacibdir. Bununla da ABŞ-Azərbaycan əlaqələri öz əvvəlki səviyyəsinə qayıdır. Burada təqdirediləsi məqam ondan ibarətdir ki, Vaşinqton Parisin səhvini təkrarlamaq niyyətində olmadığını ortaya qoydu.