Bakı. Trend:
Azərbaycan tarixinin 2023-cü il üzrə ən yadda qalan hadisələrindən biri də Xankəndidə üçrəngli bayrağımızın ucaldılmasıdır.
Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bu sözləri Trend BİA-nın direktor müavini, “Türk Dünyası” (Turkic.World) media platformasının rəhbəri, siyasi şərhçi Rufiz Hafizoğlu Mədəniyyət TV-də yayımlanan "Gerçəklər" verilişində açıqlamasında deyib.
"Bu il Azərbaycan öz suverenliyini tam şəkildə bərpa edərək, nəinki təkcə 2024-cü il, eləcə də, gələcəyə yönəlmiş vacib qərarlar qəbul etdi. Qarabağda, xüsusilə Xankəndidə universitetin təsis edilməsi olduqca vacib bir məqamdır. Yurd-yuvalarından didərgin salınmış soydaşlarımızın öz dədə-baba torpaqlarına yenidən köçürülməsi Azərbaycanın azad edilmiş ərazilərdə həyata keçirdiyi yüksək quruculuq işlərinin bariz nümunəsidir", - deyə Rufiz Hafizoğlu bildirib.
Politoloq vurğulayıb ki, Qərbi Azərbaycan bizim tarixi kökümüzdür.
"Biz mütləq bu torpaqlara qayıdacağıq. 2024-cü il bizim 2023-cü ildə etdiklərimizi daha irəli aparacağımız bir il olacaq.
Hesab edirəm ki, 2024-cü il iqtisadi gücün Qərbdən Şərqə yönəldiyi bir il olacaq. Türk dövlətləri arasındakı əlaqələr daha da güclənəcək", - deyə Hafizoğlu əlavə edib.