Bakı. Trend:
Bu gün dünyada müsəlmanlara qarşı ayrı-seçkilik və qərəzli münasibət dayanmadan artır, hətta bir çox ölkələrdə din siyasiləşdirilir və müsəlmanlara təhlükə kimi baxılır.
Bunu Trend-ə Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
O bildirib ki, son 30-40 il ərzində islamofobiya sahəsində çox tədqiqatların aparılıb.
“Doğrudur bu tədqiqatlar faydalıdır, lakin məhduddur. İslamofobiyanın mövcudluğu artıq faktdır. Xüsusilə bəzi ölkələrdə islamofobiyaya qarşı mübarizədə daha çox qabaqlayıcı tədbirlər görülməlidir. İnsanların inancları başqalarının inancları ilə müqayisədə aşağılanmamalıdır.
Bütün dini dəyərlərə hörmətlə yanaşılmaldır. Doğrudur, Azərbaycanda din dövlətdən ayrıdır, buna baxmayaraq, dinlə bağlı fəaliyyətlərini davam etdirməsi üçün dindarlara hər bir şəraiti yaradılıb”, - deyə deputat bildirib.
O qeyd edib ki, postmüharibə zamanı cənab Prezident İlham Əliyev ermənilər tərəfindən məscidlərin dağıdıldığını, bəzi ibadət yerlərinin donuz fermasına çevrildiyini dəfələrlə beynəlxalq ictimaiyyətin nəzərinə çatdırıb, lakin müsəlman adət-ənənəsinə hörmət etməyən Qərb bu çağırışlara reaksiya verməyib.
“Qərb tərəfinin çıxışlarından görünən mənzərə budur ki, müxtəlif
dinlərdən və irqlərdən olan insanların bir arada yaşaması çətindir.
Lakin ölkəmizin bu sahədə fəaliyyəti dünyaya nümunə olan bir
fəaliyyəti var. Belə ki, Azərbaycan kifayət qədər çoxmillətli və
çoxkonfessiyalı bir ölkədir. Ölkəmizdə müxtəlif dinlərdən olan
xalqlar sülh və əmin-amanlıq içərisində yaşayır.
Dövlətimiz bu məsələyə çox həssas yanaşır. Düşünürəm ki,
dövlətimizin bu siyasətindən Qərb ölkələri özünə bir nəticə
çıxarmalıdır, çünki islamofobiya, ayrı-seçkilik, alçaldıcı rəftar
yalnız müsəlmanlara deyil, bəşəriyyətin gələcəyi üçün təhdiddir”, -
deyə o əlavə edib.