Bakı. Trend:
Fransız Polineziyasının hakim partiyası “Tavini” (Tavini Huiraatira) Bakı Təşəbbüs Qrupu ilə əməkdaşlığı gücləndirmək niyyətindədir.
Trend xəbər verir ki, bu barədə Azərbaycanda səfərdə olan partiya üzvü Klif Lussan deyib.
“Səfərimizin məqsədi Bakı Təşəbbüs Qrupu ilə partiyamız arasında əməkdaşlığı gücləndirməkdir. Məqsədimiz ölkəmizin tam suverenliyini və müstəqilliyini təmin etməkdir”, - deyə Lussan bildirib.
O, həmçinin Fransanın yeni müstəmləkəçilik siyasəti haqqında dezinformasiya ilə mübarizə aparmağa çağırıb.
"Biz mediada yayılan məlumatları yoxlamalıyıq”, - deyə Lussan bildirib.
Bu gün Fransız Polineziyası (Mā’ohi Nui – yerli dildə) Parlamentinin Komissiya rəhbərləri və katibləri, habelə ölkənin hakim “Tavini” partiyasının rəhbər heyətinin Azərbaycana səfəri başlayıb.
Dörd günlük səfərin məqsədi Azərbaycan və Fransız Polineziyası arasında parlamentlərarası, iqtisadi, humanitar, habelə elm, təhsil, idman, səhiyyə və digər sahələrdə əməkdaşlığın yaradılması imkanlarının nəzərdən keçirilməsidir.
Fransız Polineziyasının nümayəndə heyətinin səfəri XXI əsrdə kolonializm və onun yeni təzahürləri ilə mübarizə sahəsində fəaliyyət göstərən Bakı Təşəbbüs Qrupunun (BTQ) dəvəti ilə baş tutub. Səfər bu ilin aprel ayının 30-da BMT-nin Vyana Ofisində BTQ-nin təşkilatçılığı ilə keçirilmiş “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” adlı beynəlxalq konfrans çərçivəsində BTQ və Tavini partiyası arasında imzalanmış Əməkdaşlıq haqqında Sazişin müddəalarına uyğun olaraq təşkil olunur.
Qeyd edək ki, “Tavini” partiyası uzun illərdir ki, Fransız Polineziyasının Fransa əsarətindən azad olaraq, müstəqillik qazanması uğrunda mübarizə aparır.