Bakı. Trend:
Fransanın müstəmləkəçiliyi əsrlər boyu davam edib.
Trend-in məlumatına görə, bunu bu gün Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Milli Məclisdə “Fransız Polineziyasının Dekolonizasiya Hüququ - Çağırışlar və Perspektivlər” mövzusuna həsr edilmiş konfransda deyib.
O qeyd edib ki, Fransa ədalət və qardaşlıq kimi ifadələrdən öz niyyətlərinin həyata keçirmək üçün istifadə edib.
“Bu gün Polineziya ilə Fransa arasında 17 min kilometr məsafə var, sənin orda nə işin var? Niyə qoymursan o insanlar orda rahat yaşasınlar? Bu gün bizim qarşımızda duran vəzifələrdən biri də müstəmləkəçiliyə qarşı mübarizədir. Biz bunu artıq sözdə yox, əməldə icra etməyə başlamışıq ki, dünyada müstəmləkəçiliyə son qoyulsun”, - deyə o əlavə edib.
Qeyd edək ki, Fransız Polineziyası (Mā’ohi Nui – yerli dildə) Parlamentinin Komissiya rəhbərləri və katibləri, habelə ölkənin hakim “Tavini” partiyasının rəhbər heyətinin Azərbaycana səfərə gəlib.
Dörd günlük səfərin məqsədi Azərbaycan və Fransız Polineziyası arasında parlamentlərarası, iqtisadi, humanitar, habelə elm, təhsil, idman, səhiyyə və digər sahələrdə əməkdaşlığın yaradılması imkanlarının nəzərdən keçirilməsidir.
Fransız Polineziyasının nümayəndə heyətinin səfəri XXI əsrdə kolonializm və onun yeni təzahürləri ilə mübarizə sahəsində fəaliyyət göstərən Bakı Təşəbbüs Qrupunun (BTQ) dəvəti ilə baş tutub. Səfər bu ilin aprel ayının 30-da BMT-nin Vyana Ofisində BTQ-nin təşkilatçılığı ilə keçirilmiş “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” adlı beynəlxalq konfrans çərçivəsində BTQ və Tavini partiyası arasında imzalanmış Əməkdaşlıq haqqında Sazişin müddəalarına uyğun olaraq təşkil olunur.
Qeyd edək ki, “Tavini” partiyası uzun illərdir ki, Fransız Polineziyasının Fransa əsarətindən azad olaraq, müstəqillik qazanması uğrunda mübarizə aparır.