Bakı. Trend:
Növbədənkənar parlament seçkiləri ilə əlaqədar 70 saylı Neftçala Seçki Dairəsindən deputatlığa namizəd Nağıyeva Vəfanın müraciətinə baxılıb.
Trend xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK üzvü Ramiz İbrahimov deyib.
Ramiz İbrahimov bildirib ki, namizəd seçki dairəsi üzrə 23 seçki məntəqəsində səsvermənin nəticələrinin etibarsız sayılmasını xahiş edib:
“Müraciət araşdırılıb. Vəfa Nağıyeva şikayətində səsvermə günü müşahidəçilərə maneələr yaradıldığını, seçki qutularına topa bülleten atıldığını, səslərin səsvermə otağından kənarda sayıldığını və s bu kimi qanun pozuntuları olduğunu iddia edib. Müraciətinə özündə 86 videogörüntünü və 49 protokolun şəklini əks etdirən elektron informasiya daşıyıcısı əlavə edilib.
Namizəd Vəfa Nağıyevanın iddiaları araşdırılıb. 86 videogörüntüyə baxış keçirilib. 2 videogörüntüdə pozuntu var. Videogörüntülərin hamısının pozuntunu əks etdirməməsini deyəndə o, səs-küy salıb. Eyni zamanda sonradan 2 videogörüntü də göndərib ki, onlar da təkrar videolar olub. Araşdırma zamanı seçki dairəsi üzrə 24, 27, 34, 35, 48 və 49-cu seçki məntəqələrində səsvermənin nəticələrinin etibarsız sayılması üçün hüquqi əsas yaranıb”.
Məsələ səsverməyə çıxarılıb, qeyd edilən 6 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız sayılıb. 6 seçki məntəqəsi xaric, DSK-nın qərarı qüvvədə saxlanılıb.
Qeyd edək ki, növbədənkənar parlament seçkilərində 70 saylı Neftçala Seçki Dairəsi üzrə lider namizəd 46.2 faiz səslə Tənzilə Rüstəmxanlıdır.
Xatırladaq ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69 ölkəni təmsil edib. Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfər siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var.